“Müstəqil teatrlar yalnız müstəqil düşüncə deyil, həm də demokratik cəmiyyətin göstəricisidir”

“Müstəqil teatrların olmağı yalnız müstəqil düşüncə, müstəqil yaradıcılıq forması deyil, bu həm də demokratik cəmiyyətin göstəricisidir”, bunu “M teatr”ın təsisçisi Vidadi Həsənov Meydan TV-yə deyib.

Sənətçilər müstəqil teatrın rəqabətə tab gətirə bilməsi üçün tamaşaçıların vacibliyindən danışıblar. Onlar bildirir ki, Azərbaycanda müstəqil teatrlar maliyyə cəhətdən çox əziyyət çəkir. Müstəqil teatrların tək gəlir yeri tamaşaçılardır. Bəs insanlar teatra gedirlərmi, müstəqil teatrları heç tanıyırlarmı ? Meydan TV bu sullara cavab tapmaq üçün paytaxtda sorğu keçirib. Sorğuda müşahidə olunur ki, insanların teatra marağı azdır, müstəqil teatrlardan isə az adam xəbərdardır. Sənətçi Zərif Bəkirova da başlıca problemin tamaşaçı azlığı olduğunu deyir:

“Müstəqil teatrı əslində Azərbaycanda yaratmaq və qurmaq çox-çox çətin şeydir. Ona görə mən özüm hələ də müstəqil teatr qurmaq barəsində düşünmürəm. Sadəcə müstəqil teatr layihələri edirəm. Çünki bu, doğrudan da çox məsuliyyətli və çətin işdir. İlk əvvəl maliyyə baxımından. Bizdə heyət 9 nəfər idi – minimum 15 AZN qiymət qoymaq istəyirsən ki, insanlara da nəsə çatsın. Amma insanlarımız çox təəssüf ki, az gəlir, bu, onlar üçün çox pul sayılır. Çünki dövlət teatrına gedirsən, məsəlçün, qiymətlər 10 manatdan 20 manata kimidir. Və insanlar deyir ki, mən belə gözəl binaya gedirəm, bu qədər pul verirəm. Gedim “Salam cinema”da haradasa oturum və ora 15 manat verim, adamlara məntiqli gəlmir”.

Vidadi Həsənov deyir ki, hansı sahədə dövlət müəssisələri ilə yanaşı müstəqil müəssisələr də var, həmin sahələr inkişaf edir. Buna görə, müstəqil teatrın da inkişafı üçün dövlət maraqlı olmalıdır:

“Təkcə dövlət teatrları olmalı deyil, dövlət teatrları ilə yanaşı mütləq müstəqil teatrlar da olmalıdır. Müstəqil teatrların da olmasında düşünürəm ki, təkcə yaradıcı insanlar yox, dövlətimiz də bunun marağında olmalıdır. Mən 44 ildir, teatrla məşğulam. 44 ildir, teatrın problemlərini eşidirəm. Onlar heç dəyişməyiblər demək olar ki”.

“DOM teatr”ın təsisçisi Tərlan Rəsulov danışır ki, müstəqil teatrlar dövlətin və cəmiyyətin dəstəyini görmək üçün daha çox işlər ortaya qoymalıdır.

“Durum deyim ki, mən teatr yaratmışam, mənim teatrım tam formada maliyyələşməlidir, dəstəkləməlidirlər? Birinci növbədə özümə sual verməliyəm ki, mən bir özəl teatr kimi həmin cəmiyyətə nə verirəm ki, həmin cəmiyyətin miqyasında müəyyən bir dəyərim olsun? Əgər mən sadəcə özümü, öz eqomu rahatlaşdırmaq üçün, – müəyyən hansısa fikirlərim var idi ki, mən gəldim burada bir-iki dənə tamaşa qoydum, – əgər bunun xatirinə mən teatr yaratmışamsa, onda cəmiyyətin nümayəndələri deyə bilər ki, nə cür yaratmısan, o cür də saxla”.

Mədəniyyət nazirliyindən Meydan TV-yə bildirilib ki, müstəqil teatrlara dəstək olaraq, onların tamaşalarının bəzilərinin dövlət teatrlarında səhnələşdirilməsinə şərait yaradılıb.

Ana səhifəVideo“Müstəqil teatrlar yalnız müstəqil düşüncə deyil, həm də demokratik cəmiyyətin göstəricisidir”