“Məqsəd vəkili “Gəncə işi”ndən uzaqlaşdırmaqdır”
Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin xüsusilə mühüm işlər üzrə müstəntiqi Orxan Babayev vəkil Zibeydə Sadıqovadan Vəkillər Kollegiyasına şikayət edib. Müstəntiqin şikayəti martın 5-də quruma göndərilib.
Bu barədə məlumatı vəkil Elçin Sadıqov yayıb.
Elçin Sadıqov xatırladıb ki, müstəntiq Orxan Babayev vəkil Zibeydə Sadıqovanın “Gəncə məhbusu” Müşfiq Qurbanovun müqavilə üzrə müdafiəçinin iştirakı ilə dindirilməsi barədə vəsatətini rədd edib. Müstəntiq şikayətində bildirib ki, Müşfiq Qurbanovun dindirilməsini tələb etməklə vəkil Zibeydə Sadıqova dövlət hesabına təyin edilmiş Bakı şəhər 14 saylı Vəkil bürosunun vəkili Akif Babayevin müdafiə sahəsində fəaliyyətini şübhə altına alır:
“Bu, “Vəkillərin davranış qaydaları haqqında” Əsasnamənin 1-ci maddəsinin 2-ci bəndi və 2-ci maddəsinin 4-cü bəndlərinin kobud şəkildə pozulmasıdır. Ona görə Zibeydə Sadıqova barəsində müvafiq tədbir görülməsi üçün AR Vəkillər Kollegiyasına müraciət ünvanlanmalıdır”.
Vəkilin sözlərinə görə, Cinayət Prosessual Məcəlləyə görə müstəntiqin Vəkillər Kollegiyasına məlumat göndərmək və onun üzərində araşdırma aparmaq vəzifəsini qoymaq səlahiyyəti yoxdur:
“Həmçinin şəxsin müqavilə üzrə vəkilinin iştirakı ilə dindirilməsini tələb etmək də qeyri-adi bir hal yoxdur. Bu, sadəcə olaraq prokurorluğun vəkillik üzərində hökmranlıq etmək hikkəsindən irəli gəlir. Eyni zamanda, insan hüquqlarını müdafiə edən vəkillərə təzyiqlərin tərkib hissəsidir”.
Elçin Sadıqov “İnanıram ki, Vəkillər Kollegiyası Orxan Babayevin hikkəsinin qarşısını alacaq və ümumiyyətlə şikayəti icraata qəbul etməyəcək”, – deyərək, ölkə rəhbərliyindən prokurorluq əməkdaşlarının vəkillik institutuna təzyiqlərinin qarşısını qəti olaraq alınmasına göstəriş verməsini xahiş edib.
Baş Prokurorluqdan deyilənləri Meydan TV-yə təsdiqləyiblər. Adının açıqlanmasını istəməyən prokurorluq əməkdaşı Meydan TV-yə deyib ki, məqsəd Zibeydə Sadıqovanı “Gəncə işi”ndən uzaqlaşdırmaqdır. Prokurorluq əməkdaşı Orxan Babayevin imzası ilə yazılmış qərarın surətini Meydan TV-yə təqdim edib.
Baş Prokurorluğun Ağır Cinayətlər üzrə İstintaq İdarəsinin xüsusilə mühüm işlər üzrə müstəntiqi, istintaq qrupunun rəhbəri, kiçik ədliyyə müşaviri Orxan Babayevin imzaladığı qərarda deyilir:
“1. …. cinayət işi üzrə təqsirləndirilən şəxs Qurbanov Müşfiq Cümşüd oğlunun müdafiəçisi Sadıqova Zibeydə Söhbət qızının göndərdiyi 20.02.2020-ci il tarixli vəsatət əsassız olduğundan təmin olunmayaraq rədd edilsin.
- Vəkil Sadıqova Zibeydə Söhbət qızının 20.02.2020-ci il tarixli vəsatətində “Vəkillərin davranış qaydaları haqqında Əsasnamə”nin tələblərini kobud surətdə pozması ilə əlaqədar həmin cəsatətin surəti müzakirə olunması və müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikası Vəkillər Kollegiyasına göndərilsin.
- Qərar barədə qanunla müəyyən edilmiş maraqlı şəxslərə məlumat verilsin.
- Qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora təqdim olunsun”.
Vəkillər Kollegiyasından məsələyə münasibət öyrənmək mümkün olmayıb.