"Üzüm başım şişib, eynəyimi sındırıblar"
"Əvvəlcə MSK-nın binasına, oradan polis bölməsinə, bölmədən polis idarəsinə, oradan narkodispanserə, sonda yenə polis idarəsinə apardılar. Xeyli psixoloji təzyiqdən sonra sərbəst buraxdılar".
Fevralın 11-də Mərkəzi Seçki Komissiyasının (MSK) binası önündəki etiraz aksiyasında polis tərəfindən saxlanan Mustafa Hacıbəyli belə deyir.
Mustafa Hacıbəyli Müsavat Partiyasının mətbuat xidmətinin rəhbəri, bastainfo.az saytının redaktorudur.
Deməsinə görə, MSK-nın qarşısında böyük polis maşınının içində 3 nəfər üzünə yumruq-təpik vurub:
"Ağzım-burnum qan içində təxminən yarım saat burada saxladılar. Sonra MSK-nın binasına apardılar ki, üzünün qanını yu. Xeyli əziyyətdən sonra sərbəst buraxdılar. Amma dedilər ki, sabah polisə çağıracaqlar. Üzüm başım şişib, eynəyimi də sındırıblar".
Fevralın 11-də bir qrup namizəd, seçkidə müşahidəçi və məşvərətçi olmuş insanlar Mərkəzi Seçki Komissiyasının qarşısında aksiya keçirib. Onlar fevralın 9-da keçirilən parlament seçkilərində bülletenlərin topa şəkildə atılması, qrup səsverməsi və səslərin sayılması zamanı edilən qanunsuzluqlara etirazlarını bildiriblər. Polis aksiyaçılarla bərabər hadisəni işıqlandıran jurnalistləri də saxlayıb. Saxlanan insanlara zor tətbiq edilib.
Ancaq Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəisi Ehsan Zahidov açıqlama verərək bildirib ki, sosial şəbəkələrdə aksiya dağıdılarkən xəsarət alanların olması ilə bağlı yayılan məlumatlar həqiqətəuyğun deyil.
Fevralın 9-da Azərbaycanda növbədənkənar parlament seçkiləri keçirilib.
Ötən gün seçki ilə bağlı danışan Prezident İlham Əliyev "əgər namizədlər seçkilərdən narazı olsalar, öz səslərini ucaldardılar", – demişdi.
Prezident seçkilərin Azərbaycan xalqının iradəsini əks etdirdiyini də söyləmişdi.
Fevralın 10-da
ATƏT Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB), AŞPA və ATƏT PA birgə müşahidə missiyası növbədənkənar parlament seçkilər ilə bağlı mətbuat konfransı keçirib.
Hər üç müşahidə missiyası 9 fevral növbədənkənar parlament seçkilərinin Avropa demokratiya normalarına uyğun olmadığını deyib və Azərbaycan xalqının iradəsinin azad ifadəsi hesab etməyib.
2019-cu il dekabrın 5-də prezident İlham Əliyev Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin 2020-ci il fevralın 9-na təyin edilməsi barədə sərəncam vermişdi. Parlamentin buraxılması təşəbbüsü hakim YAP-a aiddir. Dekabrın 2-də Milli Məclis bununla bağlı ölkə rəhbərliyinə müraciət etmişdi. Onlar bunu prezident İlham Əliyevin islahatlarına dəstək vermək məqsədilə izah etmişdilər.
Bəzi müxalifət qüvvələri isə vurğulayıb ki, seçkilərin təqribən 8 ay əvvələ çəkilməsi hakimiyyətin opponentlərinə bu prosesə lazımı şəkildə hazırlaşmağa imkan tanımamaq istəyindən irəli gəlib.
Azərbaycanda parlament seçkiləri əslində bu ilin noyabrında keçirilməli idi.