Müsəlman Birliyi Hərəkatının rəhbər şəxslərindən daha birinə hökm oxundu

Foto: Ağaəli Yəhyayevin şəxsi arxivindən

Ağaəli Yəhyayev: “İnsanların haqq səsini boğmaq üçün ölkədə kütləvi həbslər həyata keçirilir, hakimlər də vasitəçilik edir…”

Müsəlman Birliyi Hərəkatının İdarə Heyətinin üzvü Ağaəli Yəhyayev 7 il azadlıqdan məhrum edilib. Sentyabrın 20-də Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Elçin Məmmədovun sədrliyilə onun haqqında hökm çıxarılıb. Hökmə əsasən, dini inanclı fəal narkotik ittihamıyla təqsirli bilinib.

2023-cü il avqustun 31-dən həbsdə olan Ağaəli Yəhyayevə qarşı Cinayət Məcəlləsinin 234.4.3 (satış məqsədilə külli miqdarda narkotik əldə etmə, saxlama) maddəsilə ittiham irəli sürülmüşdü. Bu maddənin sanksiyasında 5 ildən 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası var. Məhkəmənin hökmündə ittiham bu Məcəlləsinin 234.1-1 (satış məqsədi olmadan külli miqdarda narkotik əldə etmə, daşıma, saxlama) maddəsinə tövsif olunub. Bu maddənin sanksiyası 3 ildən 8 ilə qədərdir.

Yəni hakim ittihamdan satış məqsədini çıxarıb.

Lakin Ağaəli Yəhyayev özünü ümumiyyətlə təqsirli bilmir, narkotik ittihamının saxta olduğunu, şərlənərək həbs olunduğunu bildirir. Onun sözlərinə görə, 2023-cü il avqustun 31-də Masazır qəsəbəsi ərazisində Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları onu saxlayaraq, narkotiklə şərləyiblər. Saxlanıldığı andan fiziki işgəncələrə, psixoloji təzyiqlərə məruz qalıb.

Ağaəli Yəhyayev sentyabrın 20-də məhkəmədə hökmdən əvvəl son sözündə də vurğulayıb ki, ölkədə diktatura hökm sürür, heç bir cinayət törətməyən insanlar siyasi mövqeyinə, dini inancına, azad fikir söylədiyinə görə şərlənərək həbs olunur: “İnsanların haqq səsini boğmaq üçün ölkədə kütləvi həbslər həyata keçirilir, hakimlər də vasitəçilik edir…”.

Hakim Ağaəli Yəhyayevə son sözünü başa çatdırmağa imkan verməyib, onun çıxışını yarımçıq kəsərək, müşavirəyə gedib. Az sonra müşavirədən qayıdan hakimlər kollegiyası ittihamın Cinayət Məcəlləsinin 234.1-1 maddəsinə tövsif edildiyini və onun 7 il azadlıqdan məhrum edildiyini elan edib.

Ağaəli Yəhyayev bundan əvvəl 2015-ci ildə Nardaran hadisələri zamanı da həbs olunmuş, bir neçə il həbsdə saxlandıqdan sonra əfv sərəncamı ilə azadlığa buraxılmışdı.

2015-ci ildə Nardaranda Müsəlman Birliyi Hərəkatının sədri Taleh Bağırzadə və tərəfdarlarına qarşı keçirilən polis əməliyyatı nəticəsində dördü yerli sakin, ikisi polis olmaqla, 6 nəfər qətlə yetirilmişdi.

Hüquq müdafiəçiləri son il yarım ərzində ölkədə 500-dən artıq dini inanclının həbs olunduğunu bildirir.

Sədri Taleh Bağırzadə də daxil olmaqla, Müsəlman Birliyi Hərəkatının 70-dən artıq üzvü hazırda həbsdədir.

Həbs olunanların böyük əksəriyyətinə qarşı narkotik ittihamı irəli sürülüb. Lakin onlar özlərini təqsirli bilmir, saxta ittihamla cəzalandırıldıqlarını deyirlər.

Daxili İşlər Nazirliyinin mətbuat xidməti isə həbs olunan şəxslərin konkret faktlar əsasında saxlandığını bildirir.

Ana səhifəSiyasətMüsəlman Birliyi Hərəkatının rəhbər şəxslərindən daha birinə hökm oxundu