Müsavatçı namizəd: Köçkün qəsəbəsində məntəqə yaratmayıblar

“Hazırda məktəb direktorları, yerli məmurlar onun görüşlərini təşkil edirlər”.

Source: Meydan TV


“Müəllimlərlə bərabər şagirdləri də YAP namizədinin görüşlərinə aparırlar”

121 saylı Laçın Seçki Dairəsindən öz təşəbbüsü ilə seçkilərə qatılan müsavatçı Raqif Kərimli məntəqə problemi yaşandığını bildirib.

Onun sözlərinə görə, laçınlı seçicilər iki ilə yaxındır “Qobupark 1” və “Qobupark 2” qəsəbələrinə köçürülsələr də, onlara seçki məntəqəsi yaradılmayıb. Birinci qəsəbəyə 1026, ikinciyə 1300 ailə köçürülüb, ümumilikdə 2326 ailə edir. Orta hesabla 1000 seçici var, amma seçici sayı barədə namizədlərə rəsmi məlumatlar verilmir:

“Bu ərazidə Xocavənd rayonundan 40-50 ailə olar və 200-ə yaxın da seçici. Artıq məntəqə təşkil ediblər. O cümlədən, Cəbrayıldan olan məcburi köçkünlərə də məntəqə təşkil olunub. Amma 1000-ə yaxın seçicisi olan laçınlılar üçün məntəqə təşkil olunmayıb. İnsanlara deyirlər ki, əvvəl yaşadığınız bölgələrə gedib səs verərsiniz. MSK-ya şikayətdən sonra yaxın olan Lökbatan qəsəbəsindəki 12 saylı məntəqədə səs vermələrini məsləhət gördülər. Sual yaranır, niyə Lökbatana gedib səs verməlidirlər? Həmin qəsəbədən 160 ailəni köçürüblər “Qobupark 1” və “Qobupark 2”-yə, olmazmı burda yeni məntəqə təşkil olunsun, yaxud məntəqəni bura köçürsünlər? Hazırkı halda qarışıq mənzərə yaranıb. İnsanlar niyə gedib Lökbatanda səs verməlidir? Bu sualları DSK sədrinə ünvanladım, amma cavab yoxdur. MSK-da bizi dinlədilər, amma DSK sədrinə təsir edə bilmədilər. DSK-nin bəhanəsi odur ki, məntəqənin təşkili seçkiyə 50 gün qalmış gerçəkləşməlidir, seçki qanunvericiliyini əsas gətirirlər. Bu qəsəbələrə iki ilə yaxındır insanları köçürüblər, bəs bu iki ildə niyə təşkil etməyiblər, məqsəd nədir? Bu işləri MSK, DSK və rayon icra hakimiyyəti həyata keçirməlidir. Mən namizəd kimi MSK-ya şikayət etsəm də, cavab verdilər ki, müraciətində imzan olmadığından anonim hesab olunur, halbuki, şikayəti xəbərnamə ilə göndərmişəm və orda şəxsiyyət vəsiqəmin nömrəsi var. Belə olanda, necə anonim ola bilər? İkinci, şikayəti elektron poçtla göndərmişəm, amma reaksiya yoxdur”.

Raqib Kərimli Prezident Administrasiyasında olduğunu, amma istənilən cavabı almadığını deyir:

“Ümumi şöbədə qəbul edib dinləsələr də, problemin onlara aidiyyatı olmadığını söylədilər. Məncə, seçicilərin məntəqələrdən uzaq məsafədə yerləşməsi problem yaradacaq”.

Raqif Kərimli deyir ki, həmin dairədən olan keçmiş deputat, YAP namizədi Mahir Abbaszadə icra strukturlarından dəstək alır:

“Hazırda məktəb direktorları, yerli məmurlar onun görüşlərini təşkil edirlər. Hətta vəziyyət o yerdədir ki, müəllimlərlə bərabər şagirdləri də YAP namizədinin görüşlərinə aparırlar, halbuki, onlar seçici yaşına çatmayıblar və Seçki Məcəlləsi təhsil işçilərinin təbliğat prosesinə bu cür müdaxiləsini qadağan edir. İkinci, Mahir Abbaszadə “Qaçqınkom”un tabeliyindəki Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktorudur, 2018-ci ildə bu vəzifəyə təyin olunub. Fonda ötən il ABŞ 65 min dollar yardım edib və dövlətdən də maddi dəstək alır. Onun vəzifədə qaldığı halda seçkiyə qatılması və həmin maliyyə vəsaitindən istifadə edib-etməməsi sualları açıq qalır. Mahir Abbaszadə komitənin rəsmi işçisi olduğundan qurumun imkanlarından istifadə edir, məsələn, təbliğat kampaniyasında şəhid ailələrinə mənzil verməsini və başqa yardımlar etməsini gizlətmir də”.

O, təəssüfləndi ki, sadalananlarla bağlı MSK-ya şikayət ünvanlasa da, hələ cavab yoxdur.

MSK-nin mətbuat Xidmətinin rəhbəri Şahin Əsədli Meydan TV-nin bu barədə sorğusuna cavab verib.

Ş.Əsədli “Qobupark 1s və “Qobupark 2” qəsəbələrində yalnız Laçın rayonundan olan məcburi köçkünlərin məskunlaşmadığını bildirib:

“Həmin qəsəbələrdə işğal olunmuş başqa rayonların da sakinləri məskunlaşıb və onlar Lökbatandakı məntəqədə səs verirlər. Həmin məntəqələrlə qəsəbələrin arasındakı məsafə 1 kilometrə yaxındır, heç də uzaq deyil. Əvvəlki seçkilərdə heç bu məsələ ilə bağlı şikayət daxil olmayıb”.

Ş.Əsədli R.Kərimlinin YAP-çı namizəd M.Abbaszadə barədə müraciətini almadıqlarını əlavə edib:

“Əgər hər hansı müraciət daxil olsa, araşdırılıb cavab veriləcək”.

Ana səhifəSiyasətMüsavatçı namizəd: Köçkün qəsəbəsində məntəqə yaratmayıblar