Müsavatçı fəal sosial şəbəkədə yazdığına görə polisə çağırıldığını deyir

Əziz Məmiyevin şəxsi arxivindən

Əziz Məmiyev: “Polisə çağırılmağım siyasi motivli addımdır və ifadə azadlığına ziddir”

Müsavat Partiyasının Gənclər Təşkilatının fəalı Əziz Məmiyev yanvarın 24-də sosial şəbəkələrdə tənqidi statusuna görə Bakı Şəhər Baş Polis İdarəsinə çağırılıb.

Bu barədə müsavatçı özünün “Facebook” hesabında yazıb.

Əziz Məmiyev bildirib ki, onu Cinayət Axtarış Şöbəsinin rəisinin və əməliyyat işləri üzrə rəis müavininin yanına aparıblar: “Çağırılmağımın səbəbini soruşduqda dedilər ki, “Gmail”, “Facebook”, “Whatsap” hesablarıma kiberhücumlar haqqında şikayətlərimi araşdırırlar. Həmçinin polisin bununla heç bir əlaqəsinin olmadığını əlavə etdilər. Amma söhbət zamanı dedilər ki, idarəyə çağırılmağımın səbəbi tənqidi statuslarımdır. Bildirdilər ki, hakimiyyəti tənqid edirsən, bu, sənin öz işindir, ancaq diqqətli et və İlham Əliyevi söymə. Bundan sonra mənə “Tik-tok”dakı repostumu göstərdilər”.

Əziz Məmiyev deyib ki, “profilaktik söhbətdən” sonra ona “xəbərdarlıq” edilib və sərbəst buraxılıb.

O, hesab edir ki, polisə çağırılması siyasi motivlidir.

“Bunu ifadə azadlığına təzyiq kimi qiymətləndirirəm. Çünki “Tik-tok”dakı nəşr KİV-in videosunun repostu idi. Bu videoda söhbət hakimiyyət dəyişikliyindən gedirdi”,- Məmiyev belə deyib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin sözçüsü Elşad Hacıyev Əziz Məmiyevin Bakı Şəhər Baş Polis İdarəsinə çağrılmasını təsdiqləyib.

Nazirlik rəsmisi müsavatçının çağırılması ilə bağlı detalları şərh etməyib.

Ana səhifəSiyasətMüsavatçı fəal sosial şəbəkədə yazdığına görə polisə çağırıldığını deyir