”Seçki komissiyaları indiyə qədər keçirilən parlament, prezident seçkilərini və referendumları saxtalaşdırıb”
Müsavat Partiyası yanvarın 27-də, ondan iki gün sonra Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) 2018-ci ilin oktyabrında Azərbaycanda keçirilməsi planlaşdırılan prezident seçkilərində iştirak haqda qərar verib.
Hər iki partiyanın Ali Məclisi seçkilərdə namizədlərinin adlarını da açıqlayıb.
Müsavat Partiyası seçkilərə İsa Qəmbərlə, Klassik Xalq Cəbhəsi Mirmahmud Mirəlioğluyla qatılacaq.
Meydan TV hər iki partiyanın sədri ilə əlaqə saxlayıb.
Müsavat Partiyasının başqanı Arif Hacılı niyə məhz İsa Qəmbərlə seçkilərə qatıldınız sualına belə cavab verib:
“İsa Qəmbər hələ mən başqan seçilməzdən əvvəl namizədliyini irəli sürəcəyini bildirmişdi və o, bir dəfə namizəd olub, onda da qalib gəlib. Bundan əlavə qısa müddətdə olsa da, Azərbaycana rəhbərlik edib, kifayət qədər təcrübəsi var və biz bu mərhələdə İsa bəyin namizədliyini irəli sürməsini daha vacib sayırıq”.
Başqan bildirib ki, siyasi partiyaların mövcudluğu seçkilərdə iştirak etməkdir. Azərbaycanda mövcud olan avtoritar rejim seçki mühitini aradan qaldırmağa çalışır:
“Seçkilərdə iştirak etməsək, hakimiyyət tam şəkildə istəklərinə nail ola bilər. Ona görə seçki öncəsi demokratik şəraitin yaradılması, seçki qanunvericiliyində dəyişikliklərin olması istiqamətində mübarizəmizi davam etdiririk. Minimum imkanlardan istifadə edib vəziyyəti dəyişməyə çalışacağıq”.
Arif Hacılı bəyan edib ki, seçki administrasiyası tamamilə hakimiyyətin nəzarəti altındadır.
“Hakim partiya qanunla seçki komissiyalarını formalaşdırmaq hüququ əldə edib. Təbii ki, bu komissiyaların keçirdiyi seçkilərin demokratik olduğunu düşünmək sadəlövhlük olardı. Seçki komissiyaları indiyə qədər keçirilən parlament, prezident seçkilərini və referendumları saxtalaşdırıb. Biz iddiaçı tərəflərin paritet əsaslarla formalaşdırdığı seçki komissiyaların olması təklifinin gerçəkləşməsinə çalışacağıq”.
Arif Hacılı müxalifətin seçkiyə vahid, yoxsa ayrı-ayrılıqda getməsi müzakirəsinin tez olduğunu hesab edir:
“Seçki kampaniyası ərəfəsində siyasi vəziyyət bu məsələlərlə bağlı qərarları diktə edəcək. Bu məsələrin gündəmə gətirilməsi nəinki müxalifətin konsolidasiyasına, qüvvələr arasında münasibətləri kəskinləşdirə bilər”.
Müsavat Partiyasının başqanı hakimiyyət elitasında ciddi qarşıdurma olduğunu və klanlar arasında hakimiyyət uğrunda mübarizə getdiyini ehtimal edir:
“Seçkilər yaxınlaşdıqca mübarizə dərinləşəcək, klanlararası mübarizə ailə daxilinə nüfuz edə bilər”.
KXCP sədri Mirmahmud Mirəlioğlu seçki ili olduğundan partiyada uzun müddət müzakirələrin getdiyini və nəticədə Ali Məclisin onun namizədliyini irəli sürdüyünü bildirib:
“Məqsədimiz oktyabr seçkilərinin demokratikliyinə nail olmaq və milli-demokratik düşərgəylə seçki qanunvericiliyinin, komissiyaların dəyişdirilməsi istiqamətində mübarizə aparmaqdır. Yəni seçkidə iştirak yalnız namizədliyimi irəli sürmək yox, həm də bu dediklərimə nail olmaqdır”.
M.Mirəlioğlu “seçki komissiyaları dəyişməzsə, seçkilərə qatılmağın əhəmiyyəti olmadığını” iddialarına cavab olaraq bütün hallarda seçkilərə qatılmağın əhəmiyyətin olduğunu deyib.
“Gücümüz çatmayanda, deməli, bu zehniyyət köhnəlib deyə, dəyişməz olanların hansısa bir formasını tapıb dəyişmək lazımdır. Amma mübarizə hər zaman davam etməlidir”.
Müxalifətin seçkiyə qatılmaq haqda təkliflərə gəlincə, o, birgə müzakirələri vacib sayıb:
“Tarixi təcrübəmiz də var. Hansı işləri görmək mümkündür, onlar da ediləcək. Amma müxalifətin vahid, yoxsa ayrı-ayrı namizədlərlə seçkilərə qatılmasını zaman göstərəcək”.
KXCP sədri hakimiyyətin iki namizədi olacağı barədə fikirlərə inanmadığını deyib:
“Ancaq 2003-cü ilin təcrübəsində var və bu, hansısa zərurətdən, yaxud vahid komandada fikir birliyinin olmadığından irəli gəlir. Yəqin ki, hakimiyyət bunu təhlil edib, qərarını verəcək. İndi bəzi adamlar aidiyyatı olmadan istəklərinə uyğun hərəkət edirlər. Ona görə iki namizəd söhbəti ortaya çıxıb. Amma iki namizəd iki hakimiyyətlilik deməkdir, ona görə iki namizədin olacağına inanmıram”.
Siyasi təhlilçi Zərdüşt Əlizadə qeyd edib ki, Azərbaycan siyasi səhnəsində maliyyə imkanlarının 99 faizi hakimiyyətə məxsusdur:
“Hakimiyyətin modeli və hədəfi bəllidir, fərqi yoxdur namizədləri kimdir. Mən hesab edirəm ki, oktyabrda keçiriləcək prezident seçkilərinin nəticələri bəllidir. Məgər, buna şübhə edən varmı?! Meydan TV-də müsavatçı Yadigar Sadıqovun “İştirak, yoxsa boykot?”
məqaləsi
dərc olunub, çox dəyərli yazıdır. Yadigar bəy yazır ki, heç bir nəticə olmasa da, seçkilərdə iştiraka dəyər. Amma mən düşünürəm ki, maliyyə imkanları, proqram və komandan olan zaman işə girişmək lazımdır. Məsələ bundadır ki, indiki seçkilərdə tribuna da yoxdur”.
O, xatırladıb ki, 1991-ci il seçkilərində canlı yayımda 3 saat çıxış edib.
“Heç kim də mane olmadı. Yalnız Dövlət Televiziyasının sədri Qeysər Xəlilov bir dəfə nəsə demək istədi, iki kəlmə cavab verdim, susdu. 90-cı illər seçki kampaniyalarında prezidentliyə namizədə 8 saat birbaşa efir vaxtı verirdilər, indi 8 dəqiqə də vermirlər. Belə olanda nə etmək olar?”
Zərdüşt Əlizadə iddia edir ki, hakimiyyət belə seçki mühiti və qanunvericiliyi ilə müxalifəti ələ salır:
“Müxalifət isə hakimiyyətə təşəkkür edir ki, müxalifətçilik maaşlarını kəsməsinlər və müxalifət olduqlarına şübhə etməsinlər. Xalqda təsəlli yaradın ki, müxalifət var və biz bu vəzifənin öhdəsindən gələcəyik. Bu, müxalifətin yanaşmasıdır, illərdir belə davam edir”.
Bundan əvvəl, hazırda Almaniyada yaşayan, sabiq deputat Hüseyn Abdullayev də seçkilərdə iştirak etmək niyyətini
açıqlayıb
.
Azərbaycan müstəqillik qazanandan sonra 6 dəfə prezident seçkiləri keçirilib. 2003-cü ildə İlham Əliyev hakimiyyəti atasından götürüb. 2018-ci ildə, ilk dəfə olaraq prezident 7 il müddətinə seçiləcək. Buna qədər Azərbaycanda prezidentlik müddəti 5 il idi.