“Müsavat” partiyasının üzvünü qətlə yetirən şəxsə hökm oxunub

Elsevər İslamov və Natiq Mehdi – Fotokollaj: Meydan TV

Məktəbin təsərrüfat müdiri Elsevər İslamov 19 il müddətə azadlıqdan məhrum edilib

Müsavat Partiyasının üzvü Natiq Mehdini qətlə yetirməkdə təqsirləndirilən 55 saylı orta məktəbin təsərrüfat müdiri Elsevər İslamova hökm oxunub.

Martın 17-də Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə Elsevər İslamov 19 il müddətə azadlıqdan məhrum edilib.

O, cəzanın ilk 4 ili ümumi rejimli cəzaçəkmə müəssisəsində, qalan hissəsini ciddi rejimli həbsxanada çəkəcək.

Dövlət ittihamçısı Elsevər İslamovun 3 il müddətinə müəyyən vəzifə tutmaq hüququndan məhrum edilməklə, 20 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Hadisə 2024-cü mayın 10-da, Bakının Xətai rayonu ərazisində, 55 saylı orta məktəbdə baş verib.

1964-cü il təvəllüdlü Natiq Mehdinin itkin düşməsi barədə polisə daxil olmuş müraciət üzrə araşdırma aparılıb.

4 gün sonra onun meyiti Xəzər rayonu ərazisində basdırıldığı yerdən tapılıb.

Natiq Mehdi Müsavat Partiyasının 2024-cü ildə keçirilən son qurultayından bir müddət əvvəl partiya başqanlığına namizədliyini irəli sürüb. Lakin İsa Qəmbər namizədliyini irəli sürəndən sonra o, namizədlikdən çəkilib.

55 nömrəli orta məktəbdə təsərrüfat işləri üzrə direktor müavini vəzifəsində çalışan Elsevər İslamova Cinayət Məcəlləsinin 120.2.4-cü (Xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 245-ci (Qəbir üzərində təhqiredici hərəkət) və 309.2-ci (Vəzifə səlahiyyətlərini aşma, zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə, yaxud silah və digər xüsusi vasitələrdən istifadə etməklə törədildikdə və ya ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan olunub.

Ana səhifəSiyasət“Müsavat” partiyasının üzvünü qətlə yetirən şəxsə hökm oxunub