Onlar bir qrup şəxs tərəfindən törədilən xuliqanlıqda təqsirli biliniblər
Müsavat Partiyasının Məclis üzvləri Ələddin Ələsgərli, Qoşqar Nuralı və partiya fəalı Cabir Vəliyevin barəsində açılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Bu haqda partiyanın rəsmi “Facebook” səhifəsində məlumat verilir.
Məlumata görə, Ələddin Ələsgərli və Cabir Vəliyev 2 il 3 ay, Qoşqar Nuralı isə 2 il müddətinə azadlıqdan məhrum edilib. Onlar bir qrup şəxs tərəfindən törədilən xuliqanlıqda təqsirli biliniblər. Сinayət işinin açılmasına səbəb Müsavat Partiyası Biləsuvar rayon təşkilatının ötən il 31 dekabrda rayonda bayram tədbiri keçirməsindən sonra baş verən insident olub.
“…həmin gün partiya fəallarına qarşı təxribat təşkil edilmiş, onlara qarşı cinayət işi qaldırılmışdı. Təxribat zamanı Ələddin Ələsgərliyə xəsarət yetirildiyi rəsmi tibbi ekspertiza tərəfindən təsdiq edilsə də, məhkəmə, təxribatçını cərimələməklə kifayətlənmiş, müsavatçıların barəsində isə heç bir əsas olmadan azadlıqdan məhrum olunmaları barədə sifarişli hökm çıxarmışdır”, – məlumatda deyilir.
Müsavat Partiyası bu hökmü Azərbaycanda repressiyaların davamı kimi qiymətləndirir, Ələddin Ələsgərli, Cabir Vəliyev və Qoşqar Nuralının dərhal azadlığa buraxılmasını tələb edir.