Müsavat Partiyasına qurultay üçün yer verildi, amma (yenilənib)

Müsavat Partiyasının IX qurultayı oktyabrın 12-də “Büllur” şadlıq sarayında keçiriləcək.

Source: Meydan TV


15.51.


Bakı Şəhər İcra Hakimiyyətinin Müsavat Partiyasına qurultay üçün yer ayırmasına baxmayaraq, tədbirin keçirilməsi sual altına düşüb.


Partiyanın hazırki başqanı Arif Hacılının “Turan” İnformasiya Agentliyinə bildirdiyinə görə, 7-ci mikrorayonda yerləşən “Büllur” şadlıq sarayının sahibi əvvəlcə yer ayırmağa razı olsa da, sonradan fikrini dəyişib.


“Partiya rəhbərliyi qurultayın keçirilməsi üçün Bakı Şəhər İcra Hakimiyyətinə bir neçə yer təklif edib. Həmin yerlərin rəhbərləri öncədən razılıq veriblər. Şəhər administrasiyası bildirib ki, “Büllur” şadlıq sarayında keçirilməsinə etiraz etmir. İndi isə sarayın rəhbərliyi bildirir ki, zal ayıra bilməz, çünki həmin gün başqa tədbir nəzərdə tutulub. Odur ki, yer məsələsi açıq qalır”, – Arif Hacılı deyib.


***

Müsavat Partiyasının IX qurultayı oktyabrın 12-də “Büllur” şadlıq sarayında keçiriləcək.

Bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin partiyanın müraciətinə cavabında qeyd olunub.

Məlumatı partiyanın başqanlığına namizəd Arif Hacılı yayıb.

Müsavat Partiyasının başqanlığına 3 nəfər namizədliyini irəli sürüb. Hazırkı başqan Arif Hacılı, məclis üzvləri Yadigar Sadıqlı və Tofiq Yaqublu.

Müsavat Partiyası 1911-ci ildə Məmməd Əmin Rəsulzadə və milli demokratiya ideoloqları tərəfindən təsis edilib. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra partiya öncə gizli, sonradan siyasi mühacirətdə fəaliyyət göstərib.1992-ci ildə Azərbaycanda Müsavat Partiyasının fəaliyyəti bərpa edilib. Xalq Cəbhəsinin liderlərindən biri, parlamentin o zamankı spikeri İsa Qəmbər partiyanın sədri seçilib və 2014-cü ilə qədər ona rəhbərlik edib. Nizamnamədə sədrlik müddətləri üçün qoyulan məhdudiyyətlərə əsasən, İsa Qəmbər başqanlıq üçün namizədliyini irəli sürməyib. 2014-cü ildə keçirilən qurultayda Arif Hacılı partiyanın yeni sədri seçilib.

icra hakim.jpg
BŞİH-nin cavab məktubu
Ana səhifəSiyasətMüsavat Partiyasına qurultay üçün yer verildi, amma (yenilənib)