O da narkotiklərlə bağlı ittiham olunur
Müsəlman Birliyi Hərəkatının (MBH) üzvü Elgiz Məmmədov həbs edilib.
Bu barədə məlumatı MBH yayıb.
MBH-dən verilən məlumata görə, inanclı barəsində iyunun 12-də Nizami Rayon Məhkəməsi 4 aylıq həbs qətimkan tədbiri seçib. O, Cinayət Məcəlləsinin 234.1-1-ə (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) maddəsi ilə ittiham edilir.
MBH üzvü Elgiz Məmmədov İyunun 10-da Bakının Keşlə qəsəbəsində saxlanılıb.
Həmin gün onun 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirildiyi bildirilmişdi.
Hərəkat ailəsinə istinadən bildirimişdi ki, Elgiz Məmmədova narkotik maddə ittihamını qəbul etdirmək üçün ona polis idarəsində işgəncə verilib və daha sonra suyuna narkotik maddə qatılıb.
“Adətən narkotiklərlə bağlı ittihamı qəbul etməyən inanclılara su vasitəsi ilə narkotik vermək polis idarələrində yeni hal deyil. Onlar bu vasitə ilə ekspertizanın onun qanında narkotik təsdiqi ilə məhkəmə üçün saxta dəlil yaratmış olurlar. Yəqin ki, Elgizlə də bağlı eyni ssenari oynanılıb. Sadəcə Elgizin səhhətindəki həssaslıq saxta narkotik oyununa sərt reaksiya ilə nəticələnib”, – məlumatda belə deyilirdi.
MBH Elgiz Məmmədovun narkotik maddə istifadəçisi olmadığını və şərləndiyini bildirib.
Elgiz Məmmədov 2022-ci il mayın 20-də MBH üzvü Razi Hümbətovun məhkəmə prosesi aparılan Bakı Ağır Cinayətlər Məhkəmsinin önündə də saxlanılmışdı. Həmin vaxt o, 30 gün inzibati həbs cəzası almışdı.
Onun həmin dövrdə ciddi işgəncələrə məruz qaldığı bildirilirdi. Onun tanımadıqları yerə aparıb, döyərək zorlama ilə hədələndiyi deyilirdi.
Bundan sonra videoya çəkərək ondan bir daha məhkəmə önünə gəlməyəcəyini bəyan etməsini tələb etmişdilər.
MBH rəhbər şəxsləri hazırda həbsdədirlər. Onlar 2015-ci il noyabrın 26-da Nardaran hadisələri zamanı həbs ediliblər. Bundan sonra da həbslər davam edib.
Azərbaycanda Siyasi Məhbusların Azadlığı üçün Birliyin iyunun 9-da yenilədiyi siyahıya əsasən, ölkədə 375 siyasi motivlərlə həbs olunan şəxs var və bunlardan 241-i inanclı şəxsdir.