Elgiz Məmmədovun polis idarəsində gördüyü işgəncədən sonra xəstəxanaya çatdırıldığı deyilir
Bakının Keşlə qəsəbəsində ötən gün saxlanıldığı deyilən Müsəlman Birliyi Hərəkatının (MBH) üzvü Elgiz Məmmədov polis idarəsində işgəncə görüb, daha sonra xəstəxanaya çatdırılıb.
Bu barədə Müsəlman Birliyi Hərəkatı onun ailəsinə istinadən məlumat yayıb.
Məlumata görə, iyunun 10-da saxlanılan inanclı Nizami Rayon Polis İdarəsinə aparılıb. Burada ona fiziki işgəncə verilərək narkotik maddələrin ona aid olması ilə bağlı etirafedici video çəkilməyə cəhd edilib. Lakin Elgiz Məmmədov ittihamı rədd edib və narkotiklərlə hər hansı bir əlaqəsinin olmadığını deyib. Bundan sonra onun polis işçiləri tərəfindən fiziki işgəncəyə məruz qaldığı bildirilir:
“İnanclının vəkili Zibeydə Sadıqova onun bədənində işgəncə izlərinin aydın göründüyünü və məsələ ilə bağlı Ombudsmanlığa ərizə ilə müraciət etdiyini söyləyib”.
Məlumatda deyilir ki, ailəsinin bildirdiyinə görə iyunun 10-u axşama doğru Elgizə verilən su bir neçə dəqiqədən sonra səhhətində kəskin ağrılara yol açıb. Ağrıların şiddətindən inanclı 1 saylı Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Həkimlərin müdaxiləsi qaçılmaz olub.
“Adətən narkotiklərlə bağlı ittihamı qəbul etməyən inanclılara su vasitəsi ilə narkotik vermək polis idarələrində yeni hal deyil. Onlar bu vasitə ilə ekspertizanın onun qanında narkotik təsdiqi ilə məhkəmə üçün saxta dəlil yaratmış olurlar. Yəqin ki, Elgizlə də bağlı eyni ssenari oynanılıb. Sadəcə Elgizin səhhətindəki həssaslıq saxta narkotik oyununa sərt reaksiya ilə nəticələnib”, – məlumatda belə deyilir.
Məlumatda həmçinin bildirilir ki, Nizami Rayon Polis İdarəsində saxlanılan inanclının gün ərzində məhkəmə önünə çıxarılması gözlənilir.
“Şübhəsiz növbəti narkotik ittihamı daha bir inanclının şərlənməsinə səbəb olacaq”- MBH-nın məlumatında bildirilir.
Müsəlman Birliyi Hərəkatı (MBH) üzvü Elgiz Məmmədovun saxlanılması barədə onun ailəsinə istinadən məlumat yaymışdı.
Məlumata görə, Elgiz Məmmədov Bakının Keşlə qəsəbəsində iş başında olarkən naməlum şəxslər tərəfindən heç bir səbəb göstərilmədən saxlanılıb. Onun xidməti maşını isə həmin ərazidə qalıb.
“Özəl şirkətlərin birində sürücü işləyən Elgiz Keşlə ərazisində mağazaya çatdırma ilə məşğul ikən naməlum şəxslər tərəfindən heç bir səbəb göstərilmədən oğurlanıb. Onun xidmət göstərdiyi maşın da ərazidə qalıb. Bundan öncə də bu tip inanclıların oğurlanma faktı göstərir ki, Elgiz Məmmədov da eyni ssenarinin qurbanı olub”- MBH-nın yaydığı məlumatda belə deyilir.
Elgiz Məmmədov 2022-ci il mayın 20-də MBH üzvü Razi Hümbətovun məhkəmə prosesi aparılan Bakı Ağır Cinayətlər Məhkəmsinin önündə də saxlanılmışdı. Həmin vaxt o, 30 gün inzibati həbs cəzası almışdı.
Onun həmin dövrdə ciddi işgəncələrə məruz qaldığı bildirilirdi. Onun tanımadıqları yerə aparıb, döyərək zorlama ilə hədələndiyi deyilirdi.
Bundan sonra videoya çəkərək bir daha məhkəmə önünə gəlməyəcəyini bəyan etməsini tələb etmişdilər.
MBH rəhbər şəxsləri hazırda həbsdədirlər. Onlar 2015-ci il noyabrın 26-da Nardaran hadisələri zamanı həbs ediliblər. Bundan sonra da həbslər davam edib.
“Azərbaycan Siyasi Məhbuslarına Azadlıq” Birliyinin iyunun 9-da yenilədiyi siyahıya əsasən, Azərbaycanda 241 inanclı şəxs siyasi motivlərlə həbsdədir.