Müharibə iştirakçısı olan qazilər döyüldüklərini deyirlər

17-ci Polis Bölməsində vəziyyəti pisləşən müharibə iştirakçıları 5 saylı xəstəxanaya çatdırılıb. Deyilənə görə, qazilər bölmədə polis tərəfindən zorakılığa məruz qalıblar.   

Müharibə iştirakçıları oktyabrın 26-da Ziya Bünyadov prospektində etiraz aksiyası keçirərək magistral yolu bağlamağa cəhd etmişdilər. Bu etiraza prospektdə obyekt idarə etdikləri kiçik bazarın sökülməsi, özlərinin də ərazidən çıxarılmaları səbəb olmuşdu.   

Etirazçıların sözlərinə görə, bu gün 17-ci polis şöbəsinin əməkdaşları əraziyə basqın edərək, 30-a yaxın şəxsi bölməyə aparıb.   

DİN-nin sözçüsü Elşad Hacıyev polis şöbəsində zorakılıq aktı iddialarını rədd edib: Sitat: “Bu gün bir qrup qazi torpaq sahəsi ilə bağlı yaranan mübahisəyə görə Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Bölməsinə dəvət olunub. Onlara ərazinin Bakı Elektrik Şəbəkəsinin balansında olan 110 kV-luq yüksək gərginlikli hava xəttinin mühafizə zonası olması bildirilib. Onlar isə polis bölməsində qeyzlənərək hay-küy yaradıb, əvvəlcədən razılaşdırılan bəzi internet televiziyalara polis haqqında neqativ fikirlər bildiriblər”.  

Sözügedən obyektlər sentyabr ayında “Azərenerji” ASC tərəfindən sökülüb.   

Qurum müxtəlif vaxtlarda yanğınlar baş verən təhlükəli ərazidə fəaliyyətin qanunazidd olduğunu bəyan edib.  

Müharibə iştirakçıları isə bu təhlükəli zonadan başqa qazanc yerlərinin olmadığını deyirlər.

Ana səhifəVideoMüharibə iştirakçısı olan qazilər döyüldüklərini deyirlər