Müharibə iştirakçısı: “Əlillik statusu vermirlər, buna görə də imtiyazlardan da yararlana bilmirəm”

“Ayağım ağac deyil ki, bundən sonra boy atıb, inkişaf edə”

İkinci Qarabağ müharibəsində sağlamlığını itirən Ucaq rayonu Qazıqumlaq kənd sakini Sahib İlham oğlu Şəkərəliyev əlillik statusu ala bilmir.

Meydan TV-yə üz tutan S.Şəkərəliyev bildirib ki, Tərtər-Ağdərə istiqamətində döyüşüb. Sentyabrın 30-da Suqovuşanda yaralanıb.

“Ayağımdan, qolumdan yaranmışam, zərbənin təsirindən gözümdə çəplik yaranıb. Sifətimdə, qolumda, ayaqlarımda xeyli sayda qəlpə yarası var. Üstəlik, ayağım qırılıb, ayağıma mil qoyulub, bu mili ömür boyu çıxarmayacaqlar”,-şikayətçi deyib.

S.Şəkərəliyevin sözlərinə görə, əlillik statusu almaq üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edib. Ona imtina sənədi göndərilib. İmtina sənədində göstərilir ki, müalicəni davam etdirməlidir:

“Ayağım ağac deyil ki, bundan sonra boy atıb, inkişaf edə. “Papanin” hospitalında həkim dedi ki, mil ona görə ömürlük qoyulur ki, sümük ələ gəlmir, sağalmayacaq. İki dəfə də Gəncə Beynəlxalq Xəstəxanasında əməliyyat olunmuşam”.

Qarabağ döyüşçüsü deyib ki, müharibədən əvvəl fəhləlik edərək dolanıb, indi fiziki gücü buna yetmir. Hərəkət edən kimi ayağında güclü ağrılar başlayır:

“Əlillik statusu vermirlər, buna görə də imtiyazlardan da yararlana bilmirəm. Mən sağlamlığımı hər hansı bir qəzada deyil, müharibədə itirmişəm. Döyüşməkdən peşman deyiləm, amma müalicə ounmaq, dolanmaq üçün pul lazımdır. Haqqımı tələb edirəm”.

Şikayətlə bağlı nazirliyə göndərilən sorğu isə hələlik cavablandırılmayıb.

Ana səhifəUncategorized @azMüharibə iştirakçısı: “Əlillik statusu vermirlər, buna görə də imtiyazlardan da yararlana bilmirəm”