“Axı Azərbaycan reallğının öz tələbləri var”
İyunun 2-də səhər bir qrup II Qarabağ müharibəsi iştirakçısı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qarşısında etiraz aksiyası keçiriblər.
Onlar nazir Sahil Babayevlə görüş tələb etsələr də, nazirliyin mühafizəçiləri qapını açmayıblar.
Bundan əsəbləşən müharibə veteranları qapını sındıraraq içəri daxil olublar.
Sosial şəbəkələrdə yayılan görüntülərdən məlum olub ki, müharibə veteranları əlillik təyinatının olmaması, əksər hallarda imtina cavabı almaları, əyani müayinənin aparılmamasından, komissiyaya gec çağırılmalarından şikayət ediblər.
Müharibə veteranlarını qapıda qarşılayan polislər onlara səbrli olmağı xahiş etsələr də, iştirakçılardan biri bayılıb.
Nazirlikdəki yerli işçilərin, polislərin və aksiyaçıların özlərinin müdaxiləsindən sonra hərbçini ayıltmaq mümkün olub.
Aksiyaçıların qarşısına çıxan nazirliyin şöbə müdiri Fazil Talıbov deyib ki, Qarabağ qazilərinin və şəhid ailələrinin sosial təminatı daim diqqətdə saxlanılır:
“Qazilər mütəmadi olaraq nazirliyin rəhbər şəxsləri tərəfindən qəbul edilir. Bu gün də onların əlilliklə bağlı müraciətləri olub”.
Ancaq F.Talıbov etiraz edənlərin sağlamlıq vəziyyətinin əlilik təyinatına əsas vermədiyini bildirib:
“Əgər sizin sağlamlıq vəziyyətiniz əlillik təyinatına imkan vermirsə, burada qanundankənar hər hansı addım atmaq mümkün deyil. Bununla belə, hər bir müraciət qeydə alınacaq, araşdırılacaq və məlumat veriləcək”.
Onun sözlərinə görə, etiraz edənlər əvvəlcə hərbi həkim komissiyasına müraciət etməlidirlər:
“Bu komissiya Müdafiə Nazirliyinin tərkibində fəaliyyət göstərir. Bunun müharibə ilə əlaqədar olub-olmadığı müəyyən edilir. Daha sonra İcbari Tibbi Sığorta Dövlət Agentliyi tərəfindən müvafiq şəkildə “forma 88” sənədi rəsmiləşdirilir. Son olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həmin sənədlər əsasında əlilliyin təyin edilməsi ilə bağlı qərar qəbul edir. Nəzərə alın ki, əlilik təyinatı bütün xəstəliklərə görə aparılmır. Bununla bağlı Nazirlər Kabinetinin də qərarı var”.
Keçmiş hərbçi Üzeyir Cəfərov Fazil Talıbovla razılaşmadığını deyir.
O hesab edir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmisi özlərini məsuliyyətdən qurtarmaq üçün Müdafiə Nazirliyini günahlandırır:
“Halbuki Müdafiə Nazirliyinin müvafiq komissiyasından keçən minlərlə hərbçi var ki, hələ də onlara əlillik təyin olunmayıb. Yaxşı, bu insanları süründürməçilikdə məqsəd nədir. Bütün bunlara görə Sabil Babayev başda olmaqla nazirliyin tərkibi tamamilə qovulmalıdır. Çünki bu gün vətəndaşları dövlətdən narazı salan ən böyük qurum elə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyidir”.
“Əgər təcili tədbirlər görülməsə, daha dəhşətli hadisələr baş verəcək. Hərçənd ki, mən bunun tərəfdarı deyiləm, amma rəsmilər ciddi düşünməlidirlər. Siz təsəvvür edin ki, Sahil Babayev əlilliyin təyin olunması üçün İsveçrə modelini tətbiq edib. Azərbaycan hara, İsveçrə hara? Axı Azərbaycan reallığının öz tələbləri var”, – Üzeyir Cəfərov belə deyir.
Ü.Cəfərovun sözlərinə görə, müharibədə iştirak edən bəzi insanlar medallar alıblar, amma veteran vəsiqəsini almayıblar:
“Hətta bəzi icra başçılarının yaxınlarının və ya icra hakimiyyətlərində çalışanların özləri üçün vəsiqə düzəltdikləri barədə məlumatlarımız var. Yaxın həftələrdə bu adamların kimliyini ictimailəşdirəcəyik”.
I Qarabağ savaşı əlili, ƏƏSMN-nin yanında İctimai Şuranın üzvü Rey Kərimoğlu isə fərqli düşünür.
Onun fikrincə, müharibədə iştirak edib yaralanan hərbçilər Müdafiə Nazirliyinin Mərkəzi Həkim Komssiyasından qeydiyyatdan keçməlidirlər:
“Komissiyanın rəhbəri nazir Zakir Həsənovun bacanağı Elxan İbrahimovdur. Komissiya yaralanan hərbçilərə yaralanma haqqında şəhadətnamə verir. Ardınca poliklinikadan “forma 88” sənədini alırlar, sonrakı işlər artıq müvafiq nazirliyin məsuliyyətidir”.
Rey Kərimoğlu Üzeyr Cəfərovun dediklərini qismən bölüşür:
“Məsələ ondadır ki, 2015-ci ildlə Milli Məclisdə “Əlillik və yaralının müəyyənləşdirilməsi haqqında” Qanuna ictimai müzakirə açmadan düzəliş olunub. Ardınca, Nazirlər Kabineti 413 saylı qərar qəbul edib. Bu qərara görə 1557 xəstəlik vardı ki, əlilliyə səbəb olurdu, ondan da 1500-ü çıxarılıb, qalıb 157 xəstəlik”.
“Əslində, bu problem Səlim Müslümovun vaxtında olub, sonradan deputat Musa Quliyev də dediklərimi təsdiqlədi. Bildirdi ki, Səlim Müslümov qanunu qoltuğuna vurub gəldi Milli Məclisə, biz də oxumadan təsdiqlədik. Əslində, indiki problemlərin kökü Müdafiə Nazirliyində başlayıb, Milli Məclisdə davam edib və belə bərbad durum yaranıb. Ona görə Üzeyr Cəfərovun söylədikləri bu mənada doğrudur”, – deyə Rey Kərimoğlu vurğulayıb.
O bildirib ki, II Qarabağ Müharibəsində 3 min hərbçiyə müharibə əlili statusu verilib:
“Bütövlükdə 11 min 700 nəfər yüngül, orta və ağır dərəcədə yaralanan var”.
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev bu ilin yanvarında bildirmişdi ki, ölkə başçısının ötən ilin sonunda imzaladığı sərəncama uyğun olaraq II Qarabağ Müharibəsi iştirakçılarının siyahısı onların qulluq etdikləri qurumlar tərəfindən müəyyən olunur:
“Nazirlər Kabineti ilə razılaşdırılandan sonra “Zəfər” altsisteminə daxil edilir. Bundan sonra onlara təyin edilən veteran təqaüdünün təyinatı aparılacaq. Hazırda proses davam edir. Yaxın vaxtlarda təyinatların və ödənişlərin aparılması təmin ediləcək”.
Ardınca Baş nazir Əli Əsədov “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə “Müharibə veteranı” adının verilməsi ilə bağlı tədbirlər haqqında” Prezidentin 2021-ci il 29 dekabr tarixli sərəncamının icrasının təmin edilməsi barədə” sərəncam imzalayıb.
Xatırlatma
Ermənistanla Azərbaycan arasında sonuncu 44 günlük silahlı münaqişə 2020-ci il noyabrın 10-da qüvvəyə minmiş tam atəşkəs haqqında razılaşma ilə başa çatıb.
Dağlıq Qarabağ və ətraf bölgələrdəki münaqişənin tarixi isə 1988-ci ilə dayanır.
90-cı illərdə Azərbaycan-Ermənistan arasındakı ilk müharibə və sonrakı dövrlərdə Azərbaycan tərəf daim Ermənistanı mədəni abidələrin məhv edilməsində günahlandırıb.
2020-ci ildə baş verən ikinci müharibədən sonra isə Azərbaycan Ermənistanı şəhərləri, kəndləri, qəbristanlıqları yer üzündən silməkdə ittiham edib.