Müharibə dövründə Ukraynada 18 jurnalist həlak olub

Müharibə və media. Foto: SkazovD/shutterstock

13 jurnalistin yaralandığı, 8 jurnalistin qaçırıldığı bildirilir

“Rusiyanın Ukraynaya hərbi müdaxiləsi nəticəsində 18 jurnalist həlak olub. Hazırda bölgədə dünyanın bir çox yerindən gələn jurnalistlər həyatlarını riskə ataraq, hadisələrdən xəbər verirlər”.

Ukraynanın Mədəniyyət və İnformasiya Siyasəti Nazirliyi aprelin 5-də belə bir açıqlamanı yayıb.

Nazirlik bildirib ki, fevralın 24-dən indiyə qədər Ukraynada 18 jurnalist həlak olub, 13 jurnalist yaralanıb, 3 jurnalist itkin düşüb, 4-ü qadın olmaqla 8 jurnalist qaçırılıb.

Ukrayna vətəndaş cəmiyyətinin maraqlarını dəstəkləyən müstəqil QHT olan Kütləvi İnformasiya İnstitutunun (IMI) məlumatına görə, Rusiya müharibənin ilk ayında Ukraynada jurnalistlərə və mediaya qarşı ən azı 148 cinayət törədib.

Ən azı 10 televiziya qülləsinin Rusiya qüvvələri tərəfindən hədəfə alındığı, Ukraynanın səkkiz regionunda televiziya və radio yayımının tam və ya müvəqqəti kəsilməsinə səbəb olduğu bildirilib.

Bundan əlavə, 70-ə yaxın regional media ölkə daxilində müharibə ilə bağlı təhdidlərə görə bağlanmağa məcbur olub, – institut bildirib.

Ötən ay rus qoşunları öz avtomobillərində gedən “Sky News” müxbirlərindən ibarət komandaya hücum edib. Bir neçə komanda üzvü güllə yarası alıb, lakin gülləkeçirməz jiletlər sayəsində onlar sağ qalıb.

Aprelin 2-də Ukrayna Müdafiə Nazirliyi “Twitter” səhifəsində fotojurnalist və sənədli film rejissoru Maksim Levin paytaxt Kiyev yaxınlığında “Rusiyanın hərbi cinayətlərini” sənədləşdirdiyi yerdə ölü tapıldığını bildirib. Məlumatda deyilir ki, müstəntiqlərin fikrincə, silahsız olan Maksim Rusiya hərbçiləri tərəfindən “odlu silahdan iki atəş” açılaraq öldürülüb.

“Onun həyat yoldaşı və dörd övladı qalıb”, – nazirlik əlavə edib.

Ukrayna prezidentinin köməkçisi Andrey Yermakın sözlərinə görə, martın 13-də paytaxt yaxınlığında cəbhə xəttində işləyərkən itkin düşən 40 yaşlı Levin aprelin 1-də Huta-Mejihirska kəndi yaxınlığında ölü tapılıb.

Müşavir və daxili işlər nazirinin keçmiş müavini Anton Geraşenko da “Telegram”da təsdiqləyib ki, ukraynalı jurnalist iki həftə əvvəl gərgin döyüşlərin getdiyi Vişqorod rayonunda reportaj hazırlayarkən itkin düşüb.

Levinin on ildən artıq işlədiyi Ukrayna mediası “LB.ua” bildirib ki, o, hərbçi və keçmiş fotoqraf Oleksiy Çernışovun müşayiəti ilə martın 13-də “Rusiya təcavüzünün nəticələrini sənədləşdirmək üçün” Huta-Mejihirskaya gedib.

“Maşını qoyub Moşçun kəndi istiqamətində getdilər. O vaxtdan heç bir şəxslə əlaqə olmayıb. Sonradan məlum olub ki, Maksim Levinin işə getdiyi ərazidə gərgin döyüşlər başlayıb. Məkan Oleksiy Çernışovun taleyi isə hələlik məlum deyil”, – deyə əlavə edib.

Levin beynəlxalq media ilə də işləyirdi, sənədli filmlərinin əksəriyyəti Ukrayna müharibəsi ilə bağlı idi.

Rus jurnalisti, “The Insider” araşdırma saytının əməkdaşı Oksana Baulina martın 23-də xidməti vəzifəsini yerinə yetirərkən Rusiyanın Kiyevi atəşə tutması nəticəsində həlak olub.

“Telegraf.com” xarici mediaya istinadən xəbər verir ki, Baulina Kiyevdən və qərbdəki Lvov şəhərindən reportaj hazırlayıb və o, dağıntıları lentə alarkən rus qoşunları Kiyevin Podil adlı yaşayış məntəqəsini atəşə tutması nəticəsində həlak olub.

O, “redaktor tapşırığını yerinə yetirərkən bombardman zamanı” həlak olub.

Redaksiyası Baltikyanı Latviyada yerləşən “Insider” xəbər verir ki, atəş nəticəsində daha bir mülki şəxs də ölüb, Baulina ilə birlikdə olan iki nəfər yaralanaraq xəstəxanaya yerləşdirilib.

Baulina əvvəllər rusiyalı müxalif siyasətçi Aleksey Navalnının Korrupsiyaya Qarşı Mübarizə Fondunda işləməsi ilə tanınırdı.

O, keçən il hakimiyyət Navalnının fondunu ekstremist qruplar siyahısına daxil etdikdən sonra Rusiyanı tərk edib.

Ukraynalı kinorejissor və jurnalist, 24 yaşlı Oleksandra Kuvşinova və irlandiyalı jurnalist, “Fox News” telekanalının operatoru, 55 yaşlı Pyer Zakrjewskinin olduğu avtomobil martın 14-də Horenka kəndində rus qoşunlarının atəşinə məruz qalıb.

Oleksandra Kuvşinova açılan atəş nəticəsində həlak olub.

Britaniya müxbiri, 39 yaşlı Benjamin Hall isə baş verənləri işıqlandırarkən yaralanıb.

Rusiyanın Ukraynadakı müharibəsini işıqlandırarkən öldürülən digər xarici jurnalist mükafatlı kinorejissor və jurnalist Brent Renauddur.

Polisin məlumatına görə, 50 yaşlı amerikalı jurnalist martın 13-də Kiyev vilayətinin İrpinin şəhərindəki Rusiya nəzarət-buraxılış məntəqəsi yaxınlığında öldürülüb.

“New York Times” qəzetinin keçmiş yazarı Renaud həmkarı ilə birlikdə bölgədən qaçan qaçqınların vəziyyətini bildirməyə gedən zaman güllələnib.

Brent qlobal qaçqın böhranı ilə bağlı “TIME Studios” layihəsində işləmək üçün bölgədə idi.

Rəsmi məlumatda bildirilir ki, jurnalist rus əsgərlərinin hədəfində olub.

Müharibəni işıqlandıran Kolumbiyadan olan amerikalı müxbir Xuan Arredondo isə yaralanıb.

Lvov vilayətindən olan 44 yaşlı jurnalist Viktor Dudar martın 4-də Ukraynanın cənubunda, Qara dənizdəki strateji liman şəhəri olan Nikolayvda güllələnib.

O, Şərqi Donbas bölgəsində 2014-2015-ci illər müharibəsində könüllü olana qədər Ukraynanın həftəlik qəzeti olan “Express”in kriminal müxbiri olub.

Ehtiyatda olandan və müharibədən qayıtdıqdan sonra ukraynalı jurnalist qəzetin hərbi müxbiri vəzifəsini tutub.

Sülh dövründə jurnalist olan Dudar müharibə başlayandan sonra döyüşmək üçün ordu sıralarına qatılıb.

“Live TV”-də işləyən 49 yaşlı ukraynalı operator Yevgeni Sakun martın 1-də Kiyevin Babyn Yar bölgəsindəki televiziya qülləsinə Rusiya tərəfindən raket hücumu zamanı həlak olub.

Raket binaya düşərkən Sakun orada həmkarları ilə bərabər iş başında olub. Onun meyiti yalnız mətbuat kartı ilə tanınıb.

Kiyevin Şevçenkivski rayonundakı televiziya qülləsinə edilən zərbə nəticəsində Sakundan başqa daha 4 nəfər ölüb, 5 nəfər isə yaralanıb.

“Navkolo Tebe” (Ətrafınızda) həftəlik informasiya jurnalının jurnalisti Şakirov Dilerbek Şüküroviç müharibənin başlamasından cəmi iki gün sonra, fevralın 26-da öldürülüb.

O, Xerson şəhərinin cənubundakı Zelenivka kəndi yaxınlığında maşında avtomat silahla güllələnib.

Beynəlxalq Jurnalistlər Federasiyası “Twitter”də ukraynalı jurnalistin öldürülməsini pisləyib.

Fevralın 24-də başlayan Rusiyanın Ukraynaya qarşı müharibəsi beynəlxalq qəzəbə səbəb olub.

Avropa İttifaqı, ABŞ və Britaniya Moskvaya qarşı sərt maliyyə sanksiyaları tətbiq edib.

BMT-nin hesablamalarına görə, Ukraynada azı 1417 mülki şəxs həlak olub, 2038 nəfər isə yaralanıb, əsl rəqəmin isə bundan çox olduğu düşünülür.

BMT-nin Qaçqınlar Agentliyinin məlumatına görə, 4,17 milyondan çox ukraynalı başqa ölkələrə qaçıb, milyonlarla insan isə məcburi köçkün vəziyyətinə düşüb.

Ana səhifəDünyaMüharibə dövründə Ukraynada 18 jurnalist həlak olub