Müharibə veteranı: “80 manatla yaşamaq mümkün deyil”

Azərbaycanda işsizlik və yoxsulluq. Foto: vepar5/shutterstock

Ağstafanın Eynallı kənd sakini, keçmiş hərbi qulluqçu Rəsul Ələsgərov iki ildən çoxdur işsizdir. O, Meydan TV-yə deyir ki, aylıq 80 manat qazilik müavinəti onun gündəlik ehtiyaclarını ödəməyə çatmır və işlə təmin olunmaq üçün Dövlət Məşğulluq Agentliyinə etdiyi müraciətlər nəticəsiz qalır.

“Məni nə insan kimi, nə də müharibə iştirakçısı kimi sayırlar”

“Məni insan kimi saymırlar, yaxud da İkinci Qarabağ müharibəsi qazisi kimi kömək etmək istəmirlər. Evimdə acından öldürmək istəyirlərsə, öldürsünlər. Onsuz da 80 manat böyük bir məbləğ deyil ki, bu pulla nəsə etmək mümkün olsun. Bu pulla qazı, işığı, bir də kredit borcumu zorla ödəyirəm. Öz boğazıma bir şey edə bilmirəm”, – şikayətçi bildirir.

Rəsul Ələsgərov 4 il Müdafiə Nazirliyində xidmət edib və iki il əvvəl ordudan tərxis olunub. Dediyinə görə, Dövlət Məşğulluq Agentliyinə işlə bağlı müraciətlərinə əhəmiyyət verilmir. 

“Son müraciətimdə dedilər ki, səni Ağstafaya göndəririk, orada “Saloğlu” Mebel Fabrikində 350 manata işləyəcəksən. Orada da hərbidən də ağır sistemdir. İşə gedirsən, telefonlarını təhvil verirsən, səhər 9-dan axşam 8-ə qədər işləyirsən. Mən travmalı, xəstə adamam, psixotrop dərmanlardan istifadə edirəm, dövlət mənə dərmanlar ayırıb. Mən normal, dövlət strukturunda işlə təmin olunmaq istəyirəm. Dəfələrlə müraciət etmişəm, amma deyiblər ki, iş yoxdur”, – o əlavə edir.

Prezident: “İş tapmaq çətin deyil”

Məsələ ilə əlaqədar Dövlət Məşğulluq Agentliyindən münasibət öyrənmək mümkün olmayıb. 

Rəsmi məlumata görə, Agentliyin vakansiya bankında hazırda 61 mindən çox iş yeri mövcuddur, lakin qurum bu iş yerlərinin hansı sahələri və regionları əhatə etdiyi barədə detallı açıqlama verməyib.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci ilin doqquz ayı ərzində ölkədə 77,7 min yeni iş yeri açılıb. Bu yerlərin 89,8 faizi mövcud müəssisələrdə, yalnız 9,1 faizi isə yeni qurumlarda formalaşıb. Yaradılan iş yerlərinin 91,4 faizi qeyri-dövlət sektorunun payına düşür. Regionlar üzrə isə 75,9% Bakı şəhərində, yalnız 0,8% Naxçıvanda açılıb, bu da bölgələrdə məşğulluq imkanlarının məhdud olduğunu göstərir. Ölkədə 239,8 min nəfər işsiz var, işsizlik səviyyəsi isə 5,2 faiz təşkil edir.

Prezident İlham Əliyev isə yerli telekanallara müsahibəsində deyib ki, Azərbaycanda iş tapmaq çətin deyil: 

“İşləmək istəyən özü üçün iş tapa bilər. İşsizlik aşağı səviyyədədir, ancaq işsizlər var və bu, hər bir ölkədə olur”.

Buna baxmayaraq, müstəqil ekspertlər hesab edirlər ki, həqiqi işsizlik və qeyri-formal məşğulluq daha yüksəkdir. 

Ekspertlər: “İqtisadi model işsizliyi azalda bilmir”

Ekspert Əkrəm Həsənov bildirir ki, hazırkı iqtisadi vəziyyət vətəndaşların özlərinə uyğun iş tapmasına mane olur:

Əkrəm Həsənov

“Dünyada işsizlərin hamısına iş verilməsi mümkün deyil. Bəzi insanlar sadəcə özlərinə uyğun iş tapa bilmir. Gənc nəslin iddialı olduğu iş yoxdur, çünki iqtisadi potensial hələ inkişaf etməyib. Neft-qaz resursları tükənir, qeyri-neft sektoru faktiki inkişaf etməyib, regionlar və təhsil infrastrukturu zəifdir. Keyfiyyətli və yüksək maaşlı iş yerləri yaranmayacaq”.

İqtisadçı Nati Cəfərli isə Meydan TV əməkdaşı ilə söhbətində əlavə edir ki, iş yerlərinin azlığının əsas səbəbi kiçik və orta sahibkarlığın zəif inkişaf etməsidir: 

İqtisadçı Natiq Cəfərli. Foto: Meydan TV

“Bizdə bütün çalışanların yarısı büdcə, yarısı özəl sektordadır. İnkişaf etmiş ölkələrdə özəl sektor büdcədən xeyli çox iş yeri yaradır. İş yerlərinin 60–65%-i kiçik və orta sahibkarlıq sektorunda yaradılır, orta sinif bu sektorda möhkəmlənir. Azərbaycanda isə kiçik və orta sahibkarlığın iqtisadiyyatda payı cəmi 7%-dir. İş yerlərinin azlığı və iqtisadi problemlərin kökündə duran əsas məsələ budur”.

Ana səhifəSosialMüharibə veteranı: “80 manatla yaşamaq mümkün deyil”