Aksiya Almaniya XİN və beynəlxalq təşkilatların önündə baş tutub
Almaniyada mühacir həyatı yaşayan siyasi fəallar bu ölkədən deportasiya edildikdən sonra həbs edilən, işgəncələrə məruz qalanlara qarşı baş verənlərə etiraz ediblər.
Onlar aprelin 21-də Almaniyanın Xarici İşlər Nazirliyinin, “Amnesty international” və “Human Right Watch” təşkilatlarının Almaniyadakı mərkəzi ofisilərinin önündə aksiya keçiriblər.
Aksiyanın təşkilatçılarından biri, DAS (Demokratik Azərbaycanı Seç) təşkilatının üzvü Sirus İbrahimli Meydan TV-yə deyib ki, aksiyanın məqsədi Almaniyada mühacirət həyatı yaşayarkən siyasi aktiv olmuş və Azərbaycanın diktator rejiminə qarşı tənqidi mövqe sərgiləmiş dörd nəfərlə bağlıdır. Kimlər ki, 2021-ci ilin iyun-noyabr aylarında Almaniyadan Azərbaycana deport edilmiş və sonrasında Azərbaycanda həbs olunmuşlar. Həmin şəxslər Mütəllim Orucov, Malik Rzayev, Cəfər Mirzəyev və Pünhan Kərimlidir.
Aksiya həmçinin 29 mart 2022-ci ildə Almaniyadan Azərbaycana deportasiya olunan və 21 apreldə həbs edilən Samir Aşurovla bağlıdır. Həbs olunan keçmiş siyasi mühacirlərin dördünə qarşı (Mütəllim Orucov, Malik Rzayev, Cəfər Mirzəyev və Pünhan Kərimlidir) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 maddəsilə (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) cinayət işi açılıb və həbs qətimkan tədbiri seçilib. Keçmiş siyasi mühacir Samir Aşurova qarşı isə Cinayət Məcəlləsinin 126.2.4 maddəsilə (Qəsdən sağlamlığa ümumi təhlükəli üsulla ağır zərər vurma) cinayət işi açılıb.
“Həbs edilimiş 5 nəfərin hər biri dəfələrlə Almaniyada mühacirlərin təşkil etdiyi siyasi aksiyalarda iştirak etdiyindən onların həbsinin siyasi sifarişli olması qənaətindəyik. Həmin şəxslərin hər birinin “Facebook” və digər sosial şəbəkə hesablarına da nəzər yetirərkən görürük ki, onlar Azərbaycan siyasi rejimi əleyhinə tənqidi ifadələr səsləndiriblər”, – Sirus İbrahimli deyib.
Aksiyanın digər təşkilatçısı, DAS təşkilatının üzvü Həci Kəlpəlizadənin fikirlərinə görə, onların həbs olunması beynəlxalq hüquqi normativ sənədlərin pozulmasıdır:
“Biz beynəlxalq insan hüquqları təşkilatlarına, demokratik ölkələrin səfirliklərinə müraciət edərək, ağır işgəncələrə məruz qalaraq, siyasi sifarişlə həbs edilən Mütəllim Orucovun, Malik Rzayevin, Cəfər Mirzəyevin, Pünhan Kərimlinin və Samir Aşurovun siyasi məhbus kimi tanınmasını tələb edirik. Azərbaycan hakimiyyətindən tələb edilsin ki, “Readmissiya haqqında” sazişin prisiplərinə əməl etsin”.
Aksiyada çıxış edən siyasi fəal Elibəyi Dadaşov tələblərini Almaniyanın Xarici İşlər Nazirliyinə, “Amnesty İnternational” və “Human Right Watch” təşkilatlarının Almaniyadakı mərkəzi ofisilərinə təqdim edib. Tələblərdə deyilir:
• Azərbaycan hakimiyyətindən tələb edilsin ki, “Readmissiya haqqında” sazişin prisiplərinə əməl etsin;
• “Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” sazişə cavabdeh olan Azərbaycan və Almaniya rəsmi orqanları Sazişin tələblərinə hörmət edilməsi və onun prinsiplərinə əməl olunması üçün müvafiq tədbirlər görsün;
• Almaniya Xarici İşlər Nazirliyindən tələb edilsin ki, Azərbaycanla diplomatik münasibətlərdə insan hüquqları kontekstinə diqqət yetirsin;
• Beynəlxalq hüquqi normativ sənədlərə əməl olunması üçün Almaniya hakimiyyəti Azərbaycan dövlət orqanlarından Mütəllim Orucovun, Malik Rzayevin, Cəfər Mirzəyevin və Pünhan Kərimlinin azad olunması üçün müvafiq tədbirlər görsün;
• Mütəllim Orucava, Malik Rzayevə, Cəfər Mirzəyevə və Pünhan Kərimliyə qarşı işgəncə, qəddar və digər qeyri-insani rəftara son qoyulsun;
• Mütəllim Orucovun, Malik Rzayevin, Cəfər Mirzəyevin və Pünhan Kərimlinin azad edilməsi üçün Azərbaycan hökumətinə siyasi təzyiqlər göstərilsin.
• Almaniyanın dövlət qurumları, xüsusilə Almaninin Xarici İşlər Nazirliyi, Almaniya Miqrantlar və Qaçqınlar üzrə Federal İdarə (BAMF) və Almaniyanın Azərbaycandakı səfirliyinin “siyasi miqrantlarla bağlı” əməkdaşlıq etdiyi mənbələrin, xüsusilə şəxslərin Azərbaycan hökumətilə əlaqələrinin olub-olmaması diqqətdən keçirilsin;
• Beynəlxalq hüquqi normativ sənədlərə əməl olunması üçün Almaniya hakimiyyəti Azərbaycan dövlət orqanlarından hər dörd şəxsin azad olunması üçün müvafiq tələblər irəli sürsün;
• Baş vermiş hadisə beynəlxalq hüquqi normaların pozulduğuna görə Almaniyanın məsul qurumları – BAMF və Xarici İşlər Nazirliyi məsələyə rəsmi münasibət bildirsin;
• Mütəllim Orucovun, Malik Rzayevin, Cəfər Mirzəyevin, Samir Aşurov və Pünhan Kərimlinin siyasi fəaliyyətlərinə görə həbs edilməsini nəzərə alaraq siyasi məhbus kimi tanınsın və azad edilməsi üçün Azərbaycan hökumətinə təzyiqlər göstərilsin.