Mühacir Anar Əliyev 3 gündür quru aclıq edir

Almaniyadan gələn və narkotik ittihamı ilə həbs edilən Anar Əliyev 3 gündür quru aclıq aksiyası edir. Həyat yoldaşı Anarə Əliyeva deyir ki, onlar Anarın xəstə atasını ziyarət etmək üçün iyulun 8-də Azərbaycana gəlib. Avqustun 4-də də oturum icazələri olan Almaniyaya qayıtmalıydılar. Lakin iyulun 25-də Anar Əliyevi 22-ci Polis Bölməsinin əməkdaşı adına saxta sənəd düzəldilməsi iddiası ilə bölməyə aparıb. Sonradan onu narkotik maddəsilə həbs ediblər. Anarə Əliyeva həyat yoldaşının heç vaxt narkotik istifadə etmədiyini vurğulayır. O, həyat yoldaşının ailə üzvləri ilə hədələndiyini və təzyiq altında etirafedici ifadələr verdiyini bildirir. Anar Əliyevə qarşı narkotik vasitələrin qanunsuz dövriyyəsi, bir qrup şəxs tərəfindən və ya əvvəlcədən əlbir olmaqla törədildikdə və külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi maddələrlə ittiham irəli sürülüb, bu ittihamlarla onu 5 ildən 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev Turan-a bildirib ki, Anar Əliyev konkret cinayət əməlini törətməkdə şübhəli bilinərək məsuliyyətə cəlb olunub, istintaq davam edir”. Bundan öncə Almaniyadan deportasiya olunan 6 mühacir bənzər ittihamlarla həbs olunub.

Ana səhifəVideoMühacir Anar Əliyev 3 gündür quru aclıq edir