Müğənninin qətlilə bağlı məhkəmə yekunlaşdı: ərinə 17 il cəza verildi

Foto: Meydan TV

Proses şəxsi həyat sirlərinin olması səbəbilə qapalı keçirilirdi

“Yaqut Nəriman” kimi tanınan müğənni Yaqut Həşimovanın qətli ilə bağlı məhkəmə prosesi başa çatıb. Müğənnini öldürməkdə ittiham olunan həyat yoldaşı Anar Həşimov 17 il azadlıqdan məhrum edilib.

Aprelin 3-də Bakı Ağır Cinayətlər Məhkəməsində ona hökm oxunub.

Hökmə əsasən, Anar Həşimov Cinayət Məcəlləsinin 120.2.4 maddəsilə – həyat yoldaşını xüsusi amansızlıqla qətlə yetirməkdə təqsirli bilinib. Hökmdə göstərilib ki, o, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir.

Hadisə 2023-cü il oktyabrıda  Nizami rayonu, Şərifli küçəsində baş verib. İttihama əsasən, 39 yaşlı Anar Həşimov eyni zamanda, xalası qızı olan həyat yoldaşı Yaqut Həşimovanı mübahisə zəminində bıçaqla qətlə yetirib.

Müğənninin qətlilə bağlı məhkəmə prosesi bu işdə şəxsi həyata aid sirlərin olması əsasıyla qapalı keçirilib.

Anar Həşimovun vəkili onun əməlində xüsusi amansızlıq olmadığını bildirib və ittihamın Cinayət Məcəlləsinin 120.1 maddəsinə tövsif olunmasını istəyib. Bu maddədə 9 ildən 14 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub. Lakin 120.2.4 maddəsinin sanksiyasında 14 ildən 20 ilə qədər və ya ömürlük cəza müəyyənləşdirilib.

Ana səhifəSosialMüğənninin qətlilə bağlı məhkəmə yekunlaşdı: ərinə 17 il cəza verildi