Müğənni Ali Məhkəməyə müraciət edib

Zemfira Ramazanova. Foto: Wikipedia

Zemfira adının “xarici agent” siyahısından çıxarılmasını istəyir

Rusiyada faəliyyət göstərən rok müğənni Zemfira (tam adı Zemfira Ramazanova) ölkənin Ali Məhkəməsinə müraciət edib.

Səbəb isə Rusiya Ədliyyə Nazirliyinin onu 2023-cü ilin fevralında xarici agentlərin reyestrinə daxil etməsidir.

2023-cü il iyunun 14-də Moskvanın Zamoskvoretski Məhkəməsi müğənni Zemfiranın Rusiya Ədliyyə Nazirliyinə qarşı iddiasını təmin etməyib.

İddiaya baxılarkən, nazirliyin nümayəndəsi bildirib ki, müğənni rəsmi saytında, sosial şəbəkə hesabında və “YouTube” kanalında Rusiyanın Ukraynadakı hərbi əməliyyatları ilə razılaşmadığını və hərbçiləri pisləyən yazılar yerləşdirdirib.

Həmçinin qeyd olunub ki, Rusiya Federal Təhlükəsizlik Xidmətinin monitorinqi zamanı Zemfiranın xarici mənbələrdən maliyyə dəstəyi aldığına dair sənədlər də aşkarlanıb.

Müğənni apelyasiya və kassasiya instansiyalarında Rusiya Ədliyyə Nazirliyinin qərarını ləğv etməyə cəhd göstərib.

Rusiya Ukraynaya hərbi müdaxiləyə başladığı gün Zemfira sosial şəbəkədə “Müharibəyə yox!” deyib.

Həmin gün o, Moskvada verdiyi konsertdə “Не стреляйте” mahnısını oxuyub.

Həmçinin Rusiyanın Ukraynadakı müharibəsinə etiraz olaraq “Мясо” (The Meat) adlı mahnı da təqdim edib.

Rusiya 2022-ci il fevralın 24-də Ukraynada hərbi əməliyyatlara başlayandan sonra müharibəyə etiraz edən sənətçilərə Rusiyada qadağalar tətbiq edilib.

Onlar Rusiya Ədliyyə Nazirliyi tərəfindən “xarici agent” siyahısına salınıblar.

Bəzi mədəniyyət adamları isə ümumiyyətlə, Rusiyanı tərk ediblər.

Əslən Ukraynadan olan sənət adamlarına isə Rusiyada bütün qapılar bağlanıb.

Bəzi sənətçilər isə həm Ukrayna, həm də Rusiyada arzuolunmaz şəxs hesab edilirlər.

Ukrayna Prezidenti Volodimir Zelenski 2022-ci il oktyabrın 20-də Ukraynada doğulan, lakin Rusiyada peşəkar fəaliyyət göstərən şəxslərə qarşı sanksiya tətbiq edilməsi haqqında fərman imzalayıb.

Sanksiyalar beş il müddətinə tətbiq edilib və aktivlərin bloklanması, lisenziya və icazələrin ləğvi, ticarətə qadağa və kapitalın Ukraynadan çıxarılması, Ukraynada özəlləşdirmə və icarə işlərində, torpaq alınmasında iştirak qadağası daxil olmaqla, 15 məhdudiyyət bəndini əhatə edib.

Siyahıya 3600-dən çox fiziki və hüquqi şəxsin adı daxil edilib.

Onların arasında müğənnilər də var.

Ana səhifəMədəniyyətMüğənni Ali Məhkəməyə müraciət edib