İqtisadçı tövsiyələr verdi
“Bəzən müəllim deyib, səslənən olanda o iyrənclikləri edənlərlə eyni adı daşıdığıma görə pis oluram. Məktəbdən kənarda bu adla çağırılmaqdan çəkinirəm. Onların etdiyi, mənim bu hissləri yaşamam, əlbəttə ki, xoş hal deyil. Seçki saxtalaşdırmasına alət olan “həmkarlar”a görə az qalıram bu addan imtina edəm”.
İsmayıllıda kənd məktəblərindən birində fransız dilindən dərs deyən Gülər Abbasova belə deyir.
Gülər əlavə edir ki, sosial şəbəkələrdə bütün günü müəllim ünvanına tənqid, təhqir, söyüşlər ünvanlanır. Təbii bu, onun nüfuzunu zədələmir. Ancaq xoş olmayan hisslər yaşadır:
“Düzdür, mən o saxtakarlıqlara qol çəkən müəllimlərdən deyiləm. Hətta mənim yanımda müəllimlərin seçkilərdəki “performansları” haqqında danışanda həmişə “bilirik, sən o müəllimlərdən deyilsən. Tək-tük nümunəvi müəllimlərdənsən. Sənin kimi müəllimlərə görə bu iyrənclikləri hamıya şamil etməmək lazım olduğunu görürük”, – deyirlər. Ancaq mən bunun vurğulanmasını istəmirəm. Gələcəyə insan yetişdirən bir müəllim saxtakarlığa imza atmamalı, alətə çevrilməməlidir. Mən adımın xüsusi vurğulanmağından çox onların hamısının əsl müəllim kimi davranmasını istəyirəm”.
Gülər Abbasova deyir ki, açığı saxtakarlıqlara, iyrəncliklərə imza atan “müəllimlər” hər cür tənqidə layiqdirlər. Bu tənqid və söyüşləri həmin işləri görməyən müəllimlər üzərinə götürmürlər:
“Mənə pis təsiri içimdə yaranan qəzəbdir. Müəllim adına ləkə gətirən “həmkarlar”ıma qarşı içimdə qəzəb yaranır. “Hamıya şamil etmək olmaz” , – fikri doğrudur. Amma bu şamil edilməyənlər azlıq təşkil edir. Məsələn, məndə özümü təmizə çıxarmaq kimi bir dərd yaranmır. Çünki dərs dediyim məktəbdə və olduğum ortamlarda hər kəs mənim o işlərdən, saxtakarlıqlardan, mənliyi sataraq müəllim adına ləkə gətirmək kimi işlərdən uzaq olduğumu bilirlər”.
Ancaq ümumi götürəndə müəllimlərin söyüş hədəfinə çevrilməsinin pis hal olduğunu deyir, Gülər Abbasova:
“Müəllimlərin ən ağır söyüşlərlə söyülməsi, tənqid edilməsi təbii ki, pis haldır. Ancaq layiq olanlara başqa yol qalmır. Ya da mənim içimdən durub onları müdafiə etmək hissi keçmir. O müəllimlər həmin tənqid və söyüşləri qazanmaq üçün əllərindən gələni edirlər. Onlar üçün edəcəyimiz nəsə yoxdur”.
2020-ci ilin dövlət büdcəsində təhsil xərcləri üçün 3 milyard 155 milyon 797 min 681 manat nəzərdə tutulub. Onun 70 faizindən çoxu müəllimlərin əmək haqqı xərcləridir.
Demokratiya və Rifah Hərəkatının sədri, iqtisadçı Qubad İbadoğlu deyir ki, vergi ödəyicilərinin ödənişləri və xalqın sərvəti olan neftdən gələn gəlirlər hesabına maliyyələşən təhsil işçilərinin bəziləri nə məktəbdə, nə də seçkidə xalqın maraqlarının müdafiəçiləri deyil:
“Neyləməli? Cəmiyyət bu barədə ciddi düşünməli və mövqe qoymalıdır. Çünki, müəllimlərə olan etimadın azalması təhsildə islahatların həyata keçirilməsində ciddi əngələ çevrilə bilər”.
Qubad İbadoğlu deyir ki, hazırda Azərbaycanın inkişafı və gələcəyi üçün təhsildən önəmli məsələ yoxdur. Təəssüf ki, ölkədə keçirilən seçkilər zamanı ən çox zərbə alan təhsil sektorudur:
“Son 2 ildə keçirilən 3 seçki müəllimlərin nüfuzunu ciddi zədələyib. Seçki idarəçiliyinə rəhbər və üzv şəklində cəlb edilən müəllimlər seçkidən seçkiyə daha çox və haqlı olaraq ictimai qınağa tuş gəlirlər. Müəllimlər bizə bu dünyada ülvi dəyərləri öyrətmiş insanlardır. Lakin onların bəziləri seçkilərdə saxtakarlıq edib, peşə dəyərlərinə xilaf çıxmış, çirkinliyə bulaşmışlar. Xüsusilə də son seçkilərdə soyuq havada uzun məsafələr qət edib, səs verməyə gələn insanların haqqını yeməklə böyük günah etmişlər”.
İqtisadçı düşünür ki, elə bir sistem qurulmalıdır ki, nəinki müəllimlər, bütövlükdə komissiya üzvləri saxtakarlıq etməsinlər:
1)
Məktəblərə institutsional, maliyyə muxtariyyəti verilməli, akademik azadlıqları genişləndirilməlidir. Odur ki, təhsil şöbələri ilk növbədə rayon icra hakimiyyətlərinin nəzarətindən çıxarılmalıdır. Bunun üçün təhsil şöbələri rayonlar üzrə deyil, zonalar üzrə regional əsasda formalaşdırılmalıdır. Bu, həmçinin təhsil büdcəsinin səmərəliliyi baxımından da əhəmiyyət verə bilər.
2)
Məktəb direktorları və onun müavinləri təyinatla deyil, seçkilər əsasında müəllim kollektivi tərəfindən müəyyənləşdirilməlidir. Direktorların seçkisində valideynlərin ictimai birliklərinin iştirakı təmin edilməlidir.
3)
Təhsil işçiləri diaqnostik müayinədən keçməli onlarla müqavilələr minimum 5 il olmalıdır.
4)
Seçki məntəqlələrinin məktəblərdə yerləşdirilməsi qadağan olunmalıdır.
5)
Seçkidə saxakarlığa yol verən və ya saxtakarlıqda iştirakı sübut olunan müəllimlər bu peşədən ömürlük məhrum edilməlidirlər. Seçki saxtakarlığına dair cinayət işi sərtləşdirilməli və bu ağır cinayət növü sayılmalıdır. Bu təklifin icrasına bu gündən başlamalı, saxtakarlar hazırkı qanunvericilikdə daşıdıqları cinayət məsuliyyətinə görə cəzalandırılmalıdır.
Qubad İbadoğlu deyir ki, əks təqdirdə nüfuzunu itirən müəllimlərə görə ayrıca təhsil və seçki sistemi deyil, bütövlükdə cəmiyyət də inkişafdan qalacaq.
Fevralın 9-da Azərbaycanda növbədənkənar parlament seçkiləri keçirilib.
Seçkilərlə bağlı sosial şəbəkələrdə və xarici mediada xeyli saxtakarlıq videolar, fotoları yayımlanıb. Bu saxtakarlıqları edənlərin əksəriyyəti isə məktəb müəllimləri, məktəb işçiləridir.
Səbəb isə Azərbaycanda əksər məntəqələrin məktəblərdə qurulmasıdır. Bu da seçki prosesinə təhsil işçilərinin cəlb edilməsinə səbəb olur.
Saxtalaşdırma videolarından sonra Mərkəzi Seçki Komissiyası (MSK) bir sıra dairələrin nəticələrini ləğv edib. MSK sədri Məzahir Pənahov saxtakarlıqla bağlı video, foto yayanlara təşəkkür edib.
Azərbaycan Prezidenti İlham Əliyev isə seçkidən bir gün sonra verdiyi açıqlamasında nəticələrin Azərbaycan xalqının iradəsini əks etdirdiyini söyləyib.
Ancaq seçkini müşahidə edən beynəlxalq təşkilatlar onun kimi düşünmürlər.
Fevralın 10-da ATƏT Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB), AŞPA və ATƏT PA birgə müşahidə missiyası növbədənkənar parlament seçkilər ilə bağlı mətbuat konfransı keçirib.
Hər üç müşahidə missiyası 9 fevral növbədənkənar parlament seçkilərinin Avropa demokratiya normalarına uyğun olmadığını deyib və Azərbaycan xalqının iradəsinin azad ifadəsi hesab etməyib.
2019-cu il dekabrın 5-də prezident İlham Əliyev Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin 2020-ci il fevralın 9-na təyin edilməsi barədə sərəncam vermişdi. Parlamentin buraxılması təşəbbüsü hakim YAP-a aiddir. Dekabrın 2-də Milli Məclis bununla bağlı ölkə rəhbərliyinə müraciət etmişdi. Onlar bunu prezident İlham Əliyevin islahatlarına dəstək vermək məqsədilə izah etmişdilər.
Bəzi müxalifət qüvvələri isə vurğulayıb ki, seçkilərin təqribən 8 ay əvvələ çəkilməsi hakimiyyətin opponentlərinə bu prosesə lazımı şəkildə hazırlaşmağa imkan tanımamaq istəyindən irəli gəlib.
Azərbaycanda parlament seçkiləri əslində bu ilin noyabrında keçirilməli idi.