”Müəllimlər direktorun onlardan pul aldığını söyləməkdən qorxurlar”

Keçmiş direktor müavini: ”Meydan TV-də yazı çıxandan sonra tökülüşüb gəldilər”

Source:


Keçmiş direktor müavini: ”Meydan TV-də yazı çıxandan sonra tökülüşüb gəldilər”

“Zərifə Saruxanova 2008-2009-cu illərdə məktəbə direktor təyin olunandan sonra vəziyyət tamam dəyişdi. Gələn kimi başladı, ondan-bundan pul qoparmağa. Müəllimlərin adına əlavə saatlar yazıb, pulunu öz cibinə qoyurdu”.

Meydan TV-yə bu sözləri üç il öncəyə qədər Qusar rayonu, Əvəcuq kənd tam orta məktəbində direktor müavini vəzifəsində çalışan, rus dili müəllimi Ağabala Muradov deyir:



Meydan TV

-də yazı çıxandan sonra yenə tökülüşüblər ora. Bunun hamısı malalamaq, öz zibillərini ört-basdır etmək üçündür. Heç kim gedib, məktəbdə yoxlama aparmır. Onun özbaşınalıqlarıyla bağlı dəfələrlə şikayət ərizəsi ilə müvafiq orqanlara müraciət etmişik. Məktublar Qusar rayonunun Təhsil Şöbəsinə yönləndirilib, nəticəsi olmayıb. Zərifənin arxasında lap yuxarıdan böyük adam durur”.

“Yeddi nəfərin imzası ilə bir sıra qurumlara, o cümlədən, Qusar Rayon Təhsil Şöbəsinə məktub yolladıq”- şikayətçi deyir:

Ağabala Muradov
Ağabala Muradov

“Bundan sonra Təhsil Şöbəsinə yoxlama göndərdilər. Mən onlara dedim ki, məktəbdən 16 min manat mənimsəmə olub. Zərifə Saruxanovadan həmin vaxt 2400 manat pul tutdular. Zərifə də ağlayırdı ki, mənim evimi yıxdınız. Biz niyə yıxırıq? Günahkar özü idi. Müəllimlər direktorun onlardan pul aldığını söyləməkdən qorxurlar. Çünki bilirlər ki, Zərifə direktor vəzifəsindən çıxan deyil. Onu heç kim çıxara bilməyəcək. Zərifə desə ki, maaşının hamısını mənə ver, verməyə məcburdurlar. Məktəbdə özbaşnalıqdır. Zərifə gəlir, girir öz otağına. Müəllimlər də jurnalı sinifə atıb, gedib, bufetdə oturub, çay içirlər. Məktəbə nə vaxt xətirləri istəyir – saat 10-11-də gəlirlər. Ürəkləri də istəyəndə, direktora qaş-göz işarəsi ilə “getdim”, deyib gedirlər. Qarşılığında da müəllimlər ona bir balon süddən-qatıqdan verirlər. 10-da işə gəlirlər, 12 olmamış da hamı çıxıb gedir”.

Şikayətçinin iddiasına görə, rayon təhsil şöbəsindən məktəbə heç bir nəzarət yoxdur:

“Niftəli Fərzəliyev Qusar Rayon Təhsil şöbəsinin müdiri olan gündən təhsilin atasını yandırdılar. Bu adamın ancaq bir işi var, öz cibini doldurmaq. Getsin, bir məktəbdə hansısa müəllimin dərsinə girsin. Ya da hansısa müəllimə acıqlansın ki, niyə belə edirsən, sən niyə dərs demirsən? Yaxud da ondan dərs planını tələb etsin. Belə bir hallar yoxdur. Müəllim dərsə girənə qədər bilmir ki, bu gün nə tədris edəcək. Mən onların gözünü çıxarırdım. Bir müəllim bayıra çıxa bilmirdi. İndi 7 nəfər direktorla bacarmadı. Tarix, rus dili, kimya-biologiya bədən tərbiyəsi və ədəbiyyat müəllimləri, həmçinin valideynlər şurasının sədri ilə birlikdə 7 nəfərin imzası ilə məktub gedə, buna baxmayalar, bu, sadəcə, biabırçılıqdır. Bu, dövlətçiliyin, heçə düşməsi deməkdir. Hansı dövlətçilikdən danışırıq biz? Dövlət olsa, gəlib deyər ki, niyə belə edirsən. Niftəli Fərzəliyev mənə deyirdi ki, ay Ağabala müəllim, sənin cibindən getmir ki, övlətin puludur də”.

Ağabala müəllimin sözlərinə görə, məktəbdə illərdir, informatika dərsi keçirilmir:

“İnformatikiya ayrılan pullar onun cibinə gedir. Bədən tərbiyəsi fənni də həmçinin. Müəllimə deyir ki, sənin adına yazıram, amma pul mənimdir. Hərdən sənə hörmət edərəm. Sənəddə 15 kompüter göstərilib, amma hamısı xarabdır. O vaxt dava-qırğınla iki müfəttiş gətirdik, 3 gün məktəbə gəlib-getdilər. Onları informatika otağına buraxmadılar. Hər dəfə bəhanə gətirdilər ki, açar yoxdur. Açar ordadır, burdadır. Onlar axır birtəhər içəri girdilər ki, yalnız 2 kompüter açıq vəziyyətdədir. Kompüterə görə o vaxt 86 manat pul alırdı. Mən də dedim ki, adam işləməyən aparatlara görə informatika müəlliminə pul verər? Təsəvvür edin ki, yeyintiyə görə ondan pul da alındı, amma Zərifəni işdən qovan yoxdur”.

A.Muradov bildirir ki, hazırda Əvəcuq kəndindən 20 nəfərə yaxın uşaq Qusar rayonundakı məktəbə gedir:

“Kənddə məktəb olduğu halda, uşaqlar niyə rayon mərkəzindəki məktəbə gedirlər? Əvəcuqda məktəb açdırmışıq ki, bizim uşaqlarımız küçələrə düşsün? Bu dəqiqə hamı oxuyan uşaqlarını Qusar rayonundakı məktəbə aparır. Bu, nə vaxta kimi belə davam edəcək? Mən direktor müavini işləyəndə, bir gün gördüm ki, hansısa qadın müəllim direktorun otağından, pörtmüş halda çıxdı. Nə olduğunu soruşdum “Heç nə olmayıb”- dedi. Hadisədən iki ay keçəndən sonra həmin müəllim açıb söylədi ki, bəs iki günlük icazə almışdım. Direktor həmin günlərin pulunu zorla məndən aldı. Dedi ki, iki gün dərs deməmisən, həmin pulu qaytar geri. Halbuki, mən özüm şəxsən başqa müəllimi sinifə göndərmişəm, dərs keçilib. Bu kimi hallar dəfələrlə təkrarlanıb və hamı da bilir. Bütün rayon bilir ki, o, necə qadındır. Hamının ondan zəhləsi gedir. Ancaq üzə vura bilmirlər. Bu adama bata bilmirlər. Çünki bilirlər ki, sabah yuxarı çağırıb, soruşacaqlar ki, sənin onunla nə işin var? Qusar Rayon İH-nin başçının müavini Elman Mustafayev də deyir ki, bilirik. Hamı deyir ki, Zərifə kimdir, ancaq ona dəymək olmaz. Hamı malalayır ki, başımız ağrıyır”.

Qusar Rayon Təhsil şöbəsinin müdiri Niftəli Fərzəliyev Meydan TV-yə açıqlamasında deyilənləri şər-böhtan adlandırıb:

“Bir dəfə dilə-ağıza düşdünsə gedir. Deyilənlərin heç bir əsası yoxdur. Bunun arxasında başqa adamlar dayanıb. Ağabala Muradovun adından istifadə edirlər. Hamısı şər-böhtandır. Məsələni şəxsən araşdırıb, məşğul olacağam”.

Məktəbin direktoru Zərifə Saruxanova Meydan TV-yə açıqlamasında Ağabala Muradovun iddialarının əsassız olduğunu bildirdi:

“Deyilən iddialar hamısı yalandır. Əgər iddialar doğru olsaydı, mən bu günə qədər burada oturmazdım. Çoxdan çölə atmışdırlar. Ağabala deyilən şəxs 10 ildir ki, mənimlə döyüşür. O, bu kənddə ən demaqoq adam kimi tanınıb, tanınır da. Mən təmizəm, vicdanım təmizdir. Öz vicdanıma görə işləyirəm və özümə hər gün hesabat verirəm. Bir müddət öncə məktəbdə siniflərin birləşməsi məsələsinə gəlincə, regional idarənin rəhbəri gəldi, özü şəxsən baxdı və dedi ki, burada iki sinif yerləşməz. Ona görə məsələ qaldı. Ağabala Muradov hər vasitə ilə məni kənarlaşdırmaq, yıxmaq istəyir. Pensiyada olan adamdır, oturub istirahətini etmir, məktəbin işlərinə qarışır. Burada dərs olmasaydı, boş keçsəydi, bir şagirdimiz 677 balla Tibb Universitetinə daxil olmazdı”.

Məsələ ilə bağlı Qusar Rayon Təhsil Şöbəsindən münasibət öyrənmək mümkün olmadı.

Ana səhifəBölgə”Müəllimlər direktorun onlardan pul aldığını söyləməkdən qorxurlar”