Müdafiə Nazirliyi həyatını itirənlərin siyahısına daha 6 nəfəri əlavə etdi

Foto: Meydan TV

Əsgərlər 4 gün öncə həyatlarını itiriblər

Sentyabrın 12-də Ermənistan-Azərbaycan hərbi qarşıdurmasında Silahlı Qüvvələrinin daha 6 hərbçisinin həyatını itirdiyi bildirilib.

Bu barədə Müdafiə Nazirliyi sentyabrın 16-da məlumat yayıb.

Nazirliyin məlumatına görə, əsgərlər Elmin Səmədov, Xəyal Süleymanov, Turxan Süleymanov, Polad Şirinov, Nihad Verdiyev və Coşqun Zülfüzadə 12 sentyabrda həlak olublar.

Beləliklə, son hadisələr zamanı həlak olan hərbçilərin sayı 77-yə çatıb.

Sentyabrın 12-də Azərbaycan-Ermənistan sərhədində silahlı toqquşma nəticəsində hər iki tərəf itkiyə məruz qalıb.

Azərbaycan Müdafiə Nazirliyi sentyabrın 15-də 71 hərbçinin, Ermənistan isə bu gün 135 hərbçisini itirdiyi haqda məlumat yayıb.

Azərbaycan Müdafiə Nazirliyinin yaydığı rəsmi açıqlamada bildirilir ki, Ermənistan silahlı qüvvələri Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı hücuma keçib.

Ermənistan Müdafiə Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Aram Torosyan isə bildirib ki, Azərbaycan Ermənistanın Qoris, Sotk və Cermuk (Gorus, Zod və İstisu) rayonları istiqamətində intensiv atəş açıb, döyüşə artilleriya və PUA-lar cəlb olunub.

Xatırlatma

2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında qarşıdurma başlayıb.

Ümumilikdə 44 gün sürən və İkinci Qarabağ müharibəsi adlandırılan münaqişədə hər iki tərəfdən 6 mindən artıq hərbçi həlak olub.

Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Həmin ilin 10 noyabr bəyanatına (Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanıb) əsasən, döyüşlər dayandırılıb.

Bundan sonra Laçın dəhlizində və Qarabağda Rusiya sülhməramlıları yerləşdirilib.

İkinci Qarabağ müharibəsindən öncə, 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib.

Münaqişə SSRİ dönəmindən Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları ilə başlayıb.

Ana səhifəSiyasətMüdafiə Nazirliyi həyatını itirənlərin siyahısına daha 6 nəfəri əlavə etdi