Müdafiə Nazirliyi: “İran Naxçıvana dörd dronla hücum edib”

Fotolar: Meydan TV

Azərbaycan Müdafiə Nazirliyi bildirib ki, bu gün İran İslam Respublikası silahlı qüvvələri Naxçıvana hücum üçün dörd pilotsuz uçuş aparatı göndərib.

Nazirlik qeyd edir ki, bu dronlardan biri Azərbaycan Ordusu tərəfindən vurularaq sıradan çıxarılıb. Digərləri isə mülki obyektləri, o cümlədən dərs vaxtı orta məktəb binasını hədəf alıb. Məlumata görə, məktəb binasına düşən dron partlamadan əvvəl yerə çırpılıb və ciddi ziyan törətməyib.

Müdafiə Nazirliyi vurğulayıb ki, İranın Baş qərargahının “biz heç kimi hədəf almamışıq” bəyanatı məqbul hesab edilə bilməz.

“Qeyd olunanları nəzərə alaraq, İran İslam Respublikasının silahlı qüvvələrindən inkarı dayandırmaq, üzr istəmək və günahkarların cəzalandırılmasını gözləyirik”.

Naxçıvanda uçuşlar dayandırılıb

Baş verən hadisə səbəbindən Naxçıvan Beynəlxalq Hava Limanında bütün daxili və xarici uçuşlar müvəqqəti dayandırılıb. AZAL-dan bildirilib ki, Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bu günə planlaşdırılan bütün reyslər ləğv olunub.

Azərbaycan vətəndaşları üçün Bakı-İğdır-Bakı reysləri təşkil edilib. İğdır hava limanından Naxçıvana və əks istiqamətdə sərnişinlərin daşınması üçün xüsusi avtobuslar ayrılıb.

Rəsmi məlumata görə, bu gün İran ərazisindən Naxçıvana dron hücumları zamanı bir dron Naxçıvan Beynəlxalq Hava Limanının terminal binasına, digəri isə Şəkərabad kəndindəki məktəb binasının yaxınlığına düşüb. Hava Limanının binasına zərər dəyib, 4 nəfər xəsarət alıb.

Azərbaycan tərəfi hücumun cavabsız qalmayacağını vurğulayıb. İranın bu hücumlara izahat verməsi tələb edilib.

Baş verən hadisə ilə bağlı Baş Prokurorluqda cinayət işi açılıb.

Eyni zamanda, İran tərəfi, həm xarici işlər nazirinin müavini Kazem Qaribabadi, həm də Silahlı Qüvvələrin Baş Qərargahı hücumun İran tərəfindən həyata keçirilmədiyini, İsrail tərəfindən regionda gərginlik yaratmaq məqsədilə törədildiyini iddia edib.

Azərbaycan Prezidenti İlham Əliyev bu gün keçirilən Təhlükəsizlik Şurasının iclasında Naxçıvana qarşı edilən hücuma münasibət bildirib. Prezident çıxışında bu hücumu birbaşa “terror aktı” adlandırıb və Silahlı Qüvvələrə cavab tədbirləri həyata keçirilməsi ilə bağlı təlimat verildiyini bildirib.

Ana səhifəSiyasətMüdafiə Nazirliyi: “İran Naxçıvana dörd dronla hücum edib”