İş adamının ofisində axtarış aparıldığı təsdiqlənib
“Palmalı” Şirkətlər Qrupunun sahibi, Türkiyədə yaşayan işadamı Mübariz Mənsimovun martın 15-də saxlanıldığı deyilir.
Məlumatı Türkiyənin “
Sabah
” qəzeti yayıb.
Qəzet yazır ki, Mübariz Mənsimov İstanbul Baş Prukurorluğu Maliyyə Cinayətləri ilə Mübarizə Idarəsinin apardığı araşdırma nəticəsində saxlanılıb.
Mübariz Mənsimovu Fətullah Gülənlə (FETÖ) bağlı istintaq çərçivəsi də dindirəcəkləri qeyd olunub. Məlumat hələ Türkiyə rəsmiləri tərəfindən təsdiqlənməyib.
Ancaq M.Mənsimovun köməkçisi Fidan Quliyeva məlumatı APA-ya təsdiqləyib. O, bildirib ki, hazırda iş adamının İstanbuldakı ofisində polis axtarış aparır.
Hələ ötən ay
Mübariz Məsimov
barəsində araşdırma aparıldığı bildirilirdi.
Həmin vaxt Mübariz Mənsimov sosial şəbəkələrdəki hesabında bu barədə yazıb:
“Məni terrorla, FETÖ terror qruplaşması ilə əlaqədə və casusluqda yalandan ittiham edərək üzərimə suç atmaq istəyirlər. Sizin etdiyiniz bu şərəfsizliyi düşmən belə etməzdi. Bu, məni dərindən yaraladı. Mənə FETÖ-çu deməkdənsə, özünüzə, keçmişimizə və uşaqlarınızın harada təhsil aldığına baxın”.
İş adamının Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevlə münasibətlərinin kəskinləşdiyi deyilirdi. Həbsin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfərindən sonra baş tutması bu barədə Azərbaycan rəhbərliyi ilə razılaşdırma ehtimalının artırıb.
Mübariz Mənsimov 1968-ci ildə Bakıda doğulub. Bakı hərbi məktəbini bitirib.
Hazırda illik dövriyyəsi 3 milyard dollar olan "Palmali" Şirkətlər Qrupunu 1998-ci ildə Türkiyəyə gətirib. Bu şirkətin hazırda 21 ölkədə ofisi var.
Dövlət Neft Şirkəti ilə ortaq olan "Palmali" bir müddət əvvəl "Tekfen inşaat"ın 50 faiz hissəsini 520 milyon dollara satın alıb. Razılaşma qarşılığında "Palmali" və "SOCAR" ortaqlığı 5 il ərzində "Tekfen İnşaat"a 37 milyard dollarlıq iş verəcək. Amma 2 il əvvəl “
Palmalı
” Şirkətlər Qrupu SOCAR-la əlaqələrini dayandırıb və məhkəməyə verəcəyi haqqında məlumat yayılmışdı.