İlham Şaban: ”Hiss olunurdu ki, onun biznesində problemlər var”
1998-ci ildən Türkiyədə fəaliyyət göstərən “Palmali” Şirkətlər Qrupu ilə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) arasında insident həllini tapmayıb.
Şirkət SOCAR-ın onun 14 gəmisini qanunsuz müsadirə etdiyini iddia edib. Şirkətin rəhbəri Mübariz Mənsimovun Azərbaycan mediasında yayımlanan müsahibəsi bir gün sonra silinib.
M.Mənsimov deyib ki, həqiqətən də onun şirkətinə məxsus tankerlər SOCAR-ın zavodlarına buraxılmır:
“SOCAR rəhbərliyinin bunu nə səbəbə etdiyini bilmirəm. Hazırda Çingiz Mustafayev adına gəmimiz limana buraxılmayıb. Canları sağ olsun. Bu, Azərbaycan dövlət şirkətidir. Mən heç bir zaman vətənimə, dövlətimə ziyan verəcək bir iş
görmərəm”
.
M.Mənsimov SOCAR-a hər hansı borcunun olmadığını deyib:
“Mənim SOCAR-a nə borcum olacaq? SOCAR-ın bu 14 gəmini alanda verdiyi kredit var idi. Gəmilər kimdədir? Şirkət kimdədir? Nə borc? Tam tərsinə, mənim oradakı pullarım qaytarılmayıb”.
İqtisadçı Toğrul Cuvarlı SOCAR-la “Palmali” Şirkətlər qrupu arasında problemin bir il əvvəl başladığını, sadəcə, indi üzə çıxdığını deyib:
“Amma indi niyə qızışdığını tam bilmirəm. Görünür, Mübariz Mənsimovun özünü müstəqil aparması kimlərinsə xoşuna gəlmədi”.
Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban isə öz növbəsində bildirib ki, “Palmali” Şirkətlər qrupu ilə SOCAR arasında insident dünən, yaxud bugündən başlamır. İnsident 2015-ci ildə “Palmali” Şirkətlər Qrupunun SOCAR-la birgə müəssisənin fəaliyyətinə xitam verməsindən qaynaqlanıb. Bu barədə Mübariz Mənsimov özü də danışıb. Ondan sonra “Palmali” Şirkətlər qrupunun “Lukoyl”dan sifarişləri də dayanıb.
İlham Şaban deyib ki, ANS televiziyası fəaliyyətdə olan zaman Mübariz Mənsimov efirdə iradlarını bildirmişdi.
“Hiss olunurdu ki, onun biznesində problemlər var və ümumiyyətlə, 2014-cü ildə neftin qiyməti enəndən sonra daşımaçılıqda müəyyən problemlər yarandı. Şirkətlərin qazancı xeyli azaldı. Biri var neft şirkətləri daşımaçılara 1200 dollarlıq qazancdan faiz verərdi, biri də var 40 dollar qazancdan faiz verəsən. İkinci, SOCAR-ın “Palmali” Şirkətlər qrupu ilə daşımaçılıqla bağlı müqaviləsi olub. Müqavilə uzadılmayıb və “Lukoyl” da oxşar addım atıb, nəticə etibarı ilə neft şirkətləri törəmə şirkətləri vasitəsilə daşımaçılığa üstünlük verib. Beləliklə, “Palmali” Şirkətlər qrupunun biznesinə çox ciddi zərbə dəyib”.
“Palmali” şirkətlər qrupu 2005-ci ildə müqavilə bağlayaraq, SOCAR şirkətinin neftinin daşınması üçün hüquqlara malik idi.