Mübariz Mənsimovun köməkçisi: Səhhəti daha da pisləşməyə doğru gedir

“Bu da onun həbsxanada vaxtında və düzgün müalicə almamasının, sağlamlığının bərpası məqsədilə lazımi tədbirlərin görülməməsinin nəticəsidir”, – deyə F.Quliyeva bildirib.

Source: Meydan TV


“İş adamının bədənində olan yara irinləyib”

“Palmali” şirkətlər qrupunun rəhbəri, azərbaycanlı iş adamı Mübariz Mənsimovun həbsindən az əvvəl keçirdiyi cərrahiyyə əməliyyatına görə bədənində olan yara irinləyib. Bu barədə M.Mənsimovun köməkçisi Fidan Quliyeva məlumat verib.

“Bu da onun həbsxanada vaxtında və düzgün müalicə almamasının, sağlamlığının bərpası məqsədilə lazımi tədbirlərin görülməməsinin nəticəsidir”, – deyə F.Quliyeva bildirib.

Köməkçisi deyir ki, iş adamının durumu haqda məlumatları onun vəkillərindən alır. Vəkillər bildirib ki, M.Mənsimovun xəstəxanaya yerləşdirilməsi üçün bütün mümkün hüquqi vasitələrdən istifadə edirlər. Amma hələ ki, yerləşdirilməyib.

F.Quliyevanın sözlərinə görə, cərrahiyyə əməliyyatından sonra M.Mənsimovun müalicə alması, əməliyyat yerinin sağalması üçün bir sıra tibbi prosedurlar qəbul etməliydi. Onun saxlandığı həbsxana şəraitində isə bu mümkün deyil: “Əməliyyatdan sonra həbsdə Mübariz Mənsimov müalicə almadığı, dərman qəbul etmədiyinə görə səhhəti daha da pisləşməyə doğru gedir. Bununla əlaqədar vəkillər bütün aidiyyəti instansiyalara yazılı etirazlar verirlər”.

M.Mənsimovun köməkçisi onu da əlavə edib ki, vəkillər iş adamı haqqında cinayət işiylə əlaqədar da bütün zəruri sənədləri, apelyasiya şikayətlərini Türkiyənin ədliyyə orqanlarına təqdim ediblər.

Türkiyə vətəndaşı olan azərbaycanlı iş adamı M.Mənsimov martın 15-dən həbsdədir. O, Türkiyədə 2016-cı ilin iyulunda dövlət çevrilişinə cəhddə ittiham olunan Fətullah Gülənlə (FETÖ) əlaqələrdə günahlandırılır.

Lakin iş adamı bu ittihamın saxta və absurd olduğunu bildirir, həbsinə görə də Azərbaycanın Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayevi ittiham edir.

R.Abdullayev aprelin 13-də Türkiyənin “Mgtv” kanalına açıqlamasında bu barədə səslənən fikirləri “əsassız yalan” adlandırıb.

“Türkiyə Cümhuriyyətinin məhkəmə sisteminə heç bir zaman müdaxilə cəhdimiz olmayıb və bunun mümkünlüyünə də inanmırıq. SOCAR Mübariz Mənsimovun özünün həbs edilməsinin marağında deyil və onun barəsində yaxın zamanda ədalətli hökm veriləcəyinə inanır”, – deyə SOCAR-ın prezidenti vurğulayıb.

O əlavə edib ki, “Palmali” qrupu SOCAR-a qarşı olan maliyyə öhdəliklərini yerinə yetirməkdən imtina etdiyinə görə 2018-ci ildə Londonda və Dubayda arbitraj prosesləri başlayıb. R.Abdullayevin sözlərinə görə, bu proseslərin məqsədi “Palmali”nin SOCAR-a olan borclarının qaytarılmasıdır: “Ümid edirik ki, Türkiyə Cümhuriyyətinin hüquq-mühafizə orqanları Mübariz Mənsimov barəsində yaxın zamanda ədalətli qərar verəcək”.

Ana səhifəSiyasətMübariz Mənsimovun köməkçisi: Səhhəti daha da pisləşməyə doğru gedir