Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi haker hücumlarına yardım edən İtaliyanın “Hacking Team” şirkəti ilə əməkdaşlıq etməsi barədə yayılan məlumatları təkzib edib.
“Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi bu məlumatları tam təkzib edir. Yayılan məlumatlar tamamilə yalandır”, – MTN-in İctimai Əlaqələr İdarəsinin rəhbəri Arif Babayev deyib.
Bu məlumat yayan Azadlıq Radiosunun bildirdiyinə görə, “Hacking Team” şirkəti polisin vətəndaşlara haker hücumlarına yardım göstərir.
İndi isə bu şirkətin özü hücuma məruz qalıb. Şirkətin Tvitter hesabını ələ keçirən naməlum hakerlər daxili yazışmaları, 500GB-lik (theverge.com 400 GB yazır-red.) daxili faylları açıblar.
“Hacking Team”in 40-dan çox işçisi var və onlarla ölkədə hüquq-mühafizə orqanlarına kommersiya məqsədli haker proqramları satır. Həmin ölkələrin arasında Mərakeş, Efiopiya, Birləşmiş Ərəb Əmirlikləri, o cümlədən Azərbaycan var. Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin adı şirkətin müştəriləri sırasındadır. Müştərilər içində ABŞ-ın Federal Təhqiqatlar Bürosu (FBI), Çin, Avstraliya, İspaniya, İraqın adlarına da rast gəlinir.