MTN polkovniki: “Qanunsuz göstərişləri icra etməsəydim, özümü həbs edərdilər”

Foto: Azərtac

Zərərçəkənlər keçmiş Baş prokuror Zakir Qaralov və müavini Rüstəm Usubovun da məsuliyyətə cəlb olunmasını istəyir

Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsinin rəisi olmuş general Mövlam Şıxəliyev və onun tabeliyində işləmiş üç nəfərin – istintaq idarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, 2-ci şöbənin rəisi Vüsal Ələkbərov, metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərovun mühakiməsi davam edir. Bu işə aylardır Bakı Hərbi Məhkəməsində baxılır.

Budəfəki məhkəmə iclasını izləməyə Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfərova da gəlib. Aylardır açıq məhkəmə prosesinə ictimaiyyət nümayəndələrindən heç kimi, o cümlədən jurnalistləri buraxmayan hakim Elbəy Allahverdiyev əvvəl Novella Cəfərovanı da buraxmayıb. Sonradan prosesin gedişində fikrini dəyişib. Amma jurnalistlər yenə də məhkəmə zalına buraxılmayıb.

Məhkəmə zalında isə zərərçəkmişlərdən Azad Rəşidov ifadə verib. Metronun “Memar Əcəmi” stansiyasının yanındakı “Moskva” univermağında işlədiyini deyən zərərçəkmişin sözlərinə görə, 2014-cü ilin noyabrında səhər iş yerinə 4 nəfər gəlib, MTN əməkdaşları olduqlarını deyiblər. Ondan Gəncə sakini Ramiz adlı şəxsi tanıyıb-tanımadığını soruşublar:

“Dedim ki, Ramizi alverilə məşğul olan adam kimi tanıyıram. Məndən hansı “polkoda” qızıl satdığımı soruşdular, göstərdim. Aralarındakı Nadir adlı şəxs dedi ki, qərar var, oradakı mallar götürülməlidir. Ramizlə əlaqəmi soruşanda dedim ki, 3 dənə köhnə, sovet istehsalı olan “Luç” saatı almışam. “Polkada” nə varsa, hamısını götürdülər. Dedilər ki, sabah MTN-ə gəlim, qəbul şöbəsindən Yasin Məmmədova zəng eləyim. Həmin vaxt öyrəndim ki, bunlar burada malları yığıb aparanda bir qrup da evimə axtarışa gedib. Amma yoldaşım və qızım evdə olmadığına görə axtarış apara bilməyiblər”.

Ertəsi gün MTN-də Yasin Məmmədovla görüşdüyünü deyən Azad Rəşidovun sözlərinə görə, iş otağında onu hədələyib. Həbs olunmasını istəmirsə, 200 min manat gətirməyi tələb edib. O isə cavabında bu qədər pulu olmadığını bildirib. Hətta əlavə edib ki, univermaqdakı rəfindən götürülən qızıl-zinət əşyalarının dəyəri də heç bu qədər eləmir.

Yasin Məmmədov. Foto: Meydan TV

“Dedim ki, mən heç bir cinayət törətməmişəm, pul da verən deyiləm. Yasin Məmmədov bağırmağa başladı. Onun elədiyinə qışqırmaq demək olmazdı. Deyirdi ki, elə eləmə, səni “podval”a salım, ora düşsən çıxa bilməyəcəksən. Sonradan məbləği 100 minə saldı. Bildirdim ki, bu pulu da verə bilməyəcəm. Mənə dedi ki, “daş havada oynayır, hələ sənə dəyməyib, yaxşı fikirləş, sonra gec olacaq”. Yenə tələb olunan pulu verə bilməyəcəyimi deyəndə bir nəfəri çağırıb tapşırdı ki, məni müstəntiq Nadirin otağına aparsın. Nadir heç nə soruşmadı. Sonra yenə Yasin öz otağına çağırdı. Dedim, mən heç bir cinayət eləməmişəm, tutursunuz, tutun, əl çəkin! Yasin Məmmədov məni axşama qədər ac-susuz orada saxladı, bir stəkan su da vermədilər, yezidlik edirdi…”

Zərərçəkmişin dediyinə görə, axşam məbləğ 50 minə düşüb. O isə cavabında 10 min manat verə biləcəyini söyləyib. Danışıqlardan sonra məbləğ 30 mində dayanıb:

“Özünü bazarda kartof satandan da betər aparırdı. Mənim azadlığımla alver eləyirdi. Yasin Məmmədov məni buraxdı, dedi ki, sabaha 30 mini çatdırmalıyam. Pulu düzəldib, ertəsi gün aparıb otağında ona verdim. MTN-in girişində yoxlamadan keçəndə gördülər ki, üstümdə pul var. Yasin Məmmədova da bunu dedilər. Göstəriş verdi ki, pullara dəyməsinlər, aparım özümlə içəri. Pulu kabinetdə ona verəndən sonra seyfdən torbada qızıllarımı çıxardı. İçində “Geneve” markalı qızıl saatlar vardı. Dirəşdi ki, 4 dənə qızıl saatı verim…”

Zərərçəkmiş əlavə edib ki, qorxusundan başına gələnlərdən heç yerə şikayət etməyib.

Təqsirləndirilən Yasin Məmmədov zərərçəkmişin onunla bağlı yalan danışdığını iddia edib:

“Mənim sağ əlimin şəhadət barmağı idmanda sınıb, açılmır. Zərərçəkən isə deyir ki, guya barmağımla ona işarə göstərib, pul istəmişəm. Bu adamlar yalan danışır”.

Azad Rəşidov isə Yasin Məmmədovun özünün yalan danışdığını bildirib:

“Sol əlinin şəhadət barmağını göstərmişdin, yadından çıxıb? İndi burada artistlik eləyirsən. Yalançının da, saxtakarın da, quldurun da böyüyü özünsən…”

Zərərçəkmişlərdən Zaur Əliyevin şərlənib həbs olunması epizodu üzrə qayınatası Mirbala Əliyev məhkəmədə şahid qismində ifadə verib. O, MTN əməkdaşlarının qızının evinə basqın etməsindən, həbs olunmasından danışıb. Bildirib ki, Zaur Əliyevi həbs qərarı almaq üçün MTN əməkdaşları Səbail Rayon Məhkəməsinə aparanda kürəkəninin vəziyyəti kəskin pisləşib, məhkəməyə təcili tibbi yardım çağırılıb:

“Müayinə edən həkim dedi ki, Zaur iflic həddindədir. Zauru məhkəmə zalına sürüyə-sürüyə apardılar, həbs qərarı aldılar. Bir müddət sonra qızım dedi ki, Zaurun buraxılması üçün 80 min pul istəyirlər. Qızım 20 min manatı düzəltmişdi, qalan 60 min üçün məndən kömək istədi. 50 min manatı dost-tanışdan borc alıb düzəltdim. 80 mini topladıq. Qızım həmin pulu oğlum Mirəli ilə birlikdə “Təzə bazar”ın yaxınlığında İstintaq Baş İdarəsində işləyən Təhsin Ağayevə vermişdi. Pul alınandan sonra Zauru həbsdən buraxdılar”.

Şahid daha sonra həbsdəki generala müraciət edərək deyib:

“Siz ömrünüzü dünya malına fəda elədiz. Bundan sonranızı düşünün, üzrxahlıq edin, adamların haqqını qaytarın…”

Zakir Qaralov və Rüstəm Usubov. Foto: Azərtac.

Təqsirləndirilən general isə cavabında bildirib ki, MTN-in İstintaq İdarəsinin rəisi olsa da, faktiki kargüzarlıq və təşkilati işlərlə məşğul idi. O vurğulayıb ki, istintaqa, müstəntiqlərin icraatında olan cinayət işlərinə aid bütün məsələlər Baş prokuror Zakir Qaralov və onun birinci müavini Rüstəm Usubova aid olub:

“İstintaq İdarəsinə material gələndə mənim müstəntiqlərim birbaşa onlara məruz edirdilər. Yaxud da Baş Prokurorluqdan nümayəndə gəlib həmin materialı bizim idarədə müzakirə edirdi. Bu müzakirə və məruzələrin nəticəsi olaraq, cinayət işi başlanması və ya rədd edilməsi, eləcə də həbs qətimkan tədbiri seçilib-seçilməməsi, həbs qətimkan tədbirinin dəyişdirilməsi kimi qərarlar verilirdi. Ən axırda mən məlumatlandırılırdım”.

Zərərçəkmiş Zaur Əliyev bildirib ki, onu ölkədə bayramla əlaqədar qeyri-iş günündə MTN-ə çağırıblar, Təhsin Ağayev ondan 200 min manat pul istəyib. Pulu verə bilmədiyinə görə həmin gün haqqında cinayət işi başlanıb, həbs qətimkan tədbiri seçilib.

Cavabında Mövlam Şıxəliyev bildirib ki, həmin gün o, işdə olmayıb:

“Nə edibsə, Təhsin Ağayev edib, bu barədə məlumatsızam…”

Movlam Şıxəliyev
Mənbə: APA

Bundan sonra zərərçəkmiş vəsatət qaldırıb ki, cinayət işi istintaqa qaytarılsın, Zakir Qaralov və Rüstəm Usubov da cinayət məsuliyyətinə cəlb olunsun.

“Bu işdəki 36 zərərçəkəndən 34-ü girov götürülüb. Girovluqdan azad edilmək üçün onların yaxınlarından böyük məbləğlərdə pul alınıb. Bu mütəşəkkil dəstənin fəal üzvləri həm də Zakir Qaralov, Rüstəm Usubov olub. Onlar da Mövlam Şıxəliyevin yanında oturmalıdırlar. Şəxsən Rüstəm Usubovun vasitəsilə 34 zərərçəkmiş müxtəlif müddətlərdə girovluqda saxlanıblar. Pullarımızı alıblar, adımızı da ləkələyiblər. Mövlam Şıxəliyev və digərilərinə rüşvət ittihamı verilməsi doğru deyil. Onlar rüşvət almayıblar, bizi girov götürüb, qohum-əqrəbamızı soyublar. Ona görə cinayət işi ibtidai istintaqa qaytarılmalı, Zakir Qaralov, Rüstəm Usubov da həbs olunmalıdır”.

Vəkili Osman Kazımov da zərərçəkmişin vəsatətini müdafiə edib.

Prokuror isə vəsatətin baxılmamış saxlanmasını istəyib.

Təqsirləndirilən şəxslər vəsatətə münasibət bildirərkən Sahib Ələkbərov açıq şəkildə bildirib ki, kiminsə tutulması, kiminsə buraxılması haqda göstərişləri Zakir Qaralov, Rüstəm Usubov və Mövlam Şıxəliyev verirdi. Onun özü isə bu göstərişlərə əməl edib.

Sahib Ələkbərov. Foto: Meydan TV

“İcraatımda olan hər bir cinayət işi üzrə Zakir Qaralov, Rüstəm Usubov və Mövlam Şıxəliyev qərar verən vəzifəli şəxslər olub. Zakir Qaralov özü müraciət edirdi Rüstəm Usubova, milli təhlükəsizlik nazirinə, Mövlam Şıxəliyevə. Mənim telefonlarımı araşdırıb baxa bilərsiniz. Mövlam Şıxəliyev də məni yanına çağırıb deyirdi ki, Rüstəm Usubovdan belə bir tapşırıq gəlib. Ya da deyirdi ki, filankəsi azad elə, get, filankəsi həbs elə. Göstəriş veriblər, mən də tapşırığı yerinə yetirmişəm. Mən heç kim idim. Baş prokuror başda olmaqda, Rüstəm Usubov, Mövlam Şıxəliyev icraatımda olan cinayət işlərinə müdaxilə edib, tapşırıq verirdilər. Mən də icra etməyə bilməzdim”, – Sahib Ələkbərov bildirib.

Zərərçəkən Zaur Əliyev ondan soruşub ki, verilən qanunsuz tapşırıqları icra etməsəydi, nə baş verərdi?

Onun cavabı belə olub: “Mənim özümü həbs edərdilər…”

Məhkəmə prosesi bu gün davam edəcək.

Ana səhifəSiyasətMTN polkovniki: “Qanunsuz göstərişləri icra etməsəydim, özümü həbs edərdilər”