Təqsirləndirilənlər Zakir Qaralovla müavininin dindirilməsini tələb edirlər
Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsinin rəisi olmuş general Mövlam Şıxəliyev və onun tabeliyində çalışmış üç polkovnikin – 1-ci şöbənin rəisi Yasin Məmmədov, 2-ci şöbənin rəisi Vüsal Ələkbərov, metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərovun məhkəməsində keçmiş Baş prokuror Zakir Qaralov və onun birinci müavini Rüstəm Usubovun dindirilməsi tələb olunur. Bu tələbi səsləndirənlər də keçmiş MTN-çilərin özləridir. Onlar açıq-aşkar Zakir Qaralov və Rüstəm Usubovu ittiham edir, onların verdiyi göstərişləri icra etdiklərini bildirirlər. Hətta Sahib Ələkbərov iyunun 20-də məhkəmədə Rüstəm Usubovu uzun illər adam oğurluqları, çoxsaylı qətllər törətmiş Daxili İşlər Nazirliyinin polkovniki Hacı Məmmədovun dəstəsinin fəaliyyətindən xəbəri olduğu halda, heç bir tədbir görmədiyini bildirib.
Sabiq MTN vəzifəlilərinin işinə Bakı Hərbi Məhkəməsində hakim Elbəy Allahverdiyevin sədrliyilə baxılır. Hakim məhkəmə prosesinə media nümayəndələrini buraxmır. Əvvəl pandemiyanı əsas gətirirdisə, indi ümumiyyətlə, heç bir izahat vermir.
Ötən məhkəmə iclasında təqsirləndirilən şəxslərdən Yasin Məmmədov MTN müstəntiqlərinin bu iş üzrə istintaqda verdikləri ifadələrin məhkəmədə elan olunmasını istəmişdi. Həmin vəsatət təmin edilib və iyunun 20-də sözügedən ifadələr elan olunub. Həmin ifadələrdə müstəntiqlər hazırda zərərçəkmiş qismində tanınan şəxslərdən vaxtilə MTN-də pul tələb olunması haqda deyilənləri təkzib edib.
Yasin Məmmədov da bu ifadələrə əsaslanaraq bildirib ki, nə özü, nə də yanındakı müstəntiqlər kimdənsə pul tələb edib. O vurğulayıb ki, icraatlarında olan cinayət işlərilə bağlı Baş Prokurorluqdan şifahi və yazılı şəkildə verilmiş göstərişləri, əmrləri icra ediblər.
Digər təqsirləndirilən MTN polkovniki Sahib Ələkbərov da Zakir Qaralov və Rüstəm Usubovun göstərişlərini icra etdiyini deyib. 20 il xidmət etdiyini xatırladan MTN polkovnikinin sözlərinə görə, ona 6 epizod üzrə ittiham verilib. Lakin bu ittihamların heç birini qəbul eləmir.
“Mən icraatımda olan işlər üzrə istintaqa cəlb olunanlardan nə pul almışam, nə də tələb eləmişəm. Kimsə pul tələb edibsə, yaxud da alıbsa, prokurorluq araşdırma aparıb müəyyənləşdirsin, məsuliyyətə cəlb eləsin. Mən bu gün təqsirləndirilən şəxs qismində qarşınızdayamsa, sağımda Zakir Qaralov, solumda Rüstəm Usubov dayanmalıdır. Bizim kimi onlar da ölkə boyu rüsvay olmalıdır. Çünki burada baş verənləri mətbuat yazır”, – Sahib Ələkbərov bildirib.
O, yazılı şəkildə vəsatət təqdim edib ki, Zakir Qaralov və Rüstəm Usubov məhkəməyə çağırılıb dindirilsin:
“Onların dindirilməsi olduqca vacibdir. Bu iki nəfər məhkəmədə dindirilmədən obyektiv, qanuni qərar qəbul etmək mümkün deyil. MTN-in İstintaq İdarəsinə daxil olan materiallarla bağlı addımlar birbaşa Zakir Qaralovun müavini Rüstəm Usubova məruzə edilirdi. Onun göstərişi əsasında cinayət işinin başlanması və ya rədd olunmasına qərar verilirdi”.
Sahib Ələkbərov vurğulayıb ki, fəaliyyəti dövründə yalnız bir dəfə vəzifə cinayəti törədib, bu da Rüstəm Usubovla bağlı olub. Onun sözlərinə görə, Rüstəm Usubovu Hacı Məmmədovun dəstəsilə əlaqədar həbs eləmək üçün kifayət qədər əsas olsa da, bunu eləməyib:
“Mən xidmət etdiyim müddətdə bir cinayət törətmişəm və bu gün də həmin cinayətə görə məsuliyyət daşımağa hazıram. Mən Hacı Məmmədovun cinayətkar dəstəsinin cinayətlərini araşdıran istintaq qrupunun üzvü idim. Araşdırmalar zamanı üzə çıxdı ki, “Knauf” şirkətinin əməkdaşı Rəna Nəsibova Hacı Məmmədovun dəstəsinin cinayətləri barədə Baş prokuror Zakir Qaralova yazılı şəkildə ətraflı məlumat verib. Həmin müraciətindən sonra Rəna Nəsibovanı Zakir Qaralovun 1-ci müavini Rüstəm Usubov qəbul edib. Nəsibova ona bu cinayətkar dəstənin çeçen üzvlərindən biri ilə münasibətinin olduğunu açıqlayıb. Ondan aldığı məlumatları çatdırıb və deyib ki, Hacı adlı polis polkovnikinin adamları oğurlayan, silsilə qətllər törədən dəstəsi var. Həmin çeçen Rəna Nəsibovaya deyirmiş ki, filan gün, filan saatda Bakıda qətl törədiləcək. Dediyi vaxtda qətl törədilirmiş. Deyirmiş ki, adam oğurlanacaq, oğurlanırmış. Rəna Nəsibova bütün bildiklərini Rüstəm Usubova deyib. O isə heç bir tədbir görməyib, MTN-ə və Daxili İşlər Nazirliyinə formal məktub yazmaqla işini bitmiş hesab edib. Bundan az sonra Rəna Nəsibovanın işlədiyi şirkətin ofisində meyiti tapılıb. Hadisə yerinə ilk gedən də Rüstəm Usubov olmuşdu. Ekspertdən rəy alınmışdı ki, Rəna Nəsibovanın ürəyi bulanıb, qaytarıb və boğulub ölüb. Araşdırdıq, məlum oldu ki, Rəna Nəsibova əslində öldürülüb. O zaman Rüstəm Usubovun dindirilməsi mənə həvalə olunmuşdu. Dindirmə zamanı Rüstəm Usubovun əməlində cinayət tərkibi olduğunu müəyyənləşdirdim. Ona sual verdim ki, Rəna Nəsibovanın verdiyi məlumatlar əsasında hansı qanuni tədbirlər görülüb? Məlum oldu ki, 2 formal məktubdan başqa heç bir tədbir görməyib. Bu məsələni Mövlam Şıxəliyevə məruzə etdim. O, Rüstəm Usubovun həbsinə göstəriş verdi. Amma mən o göstərişi icra eləmədim və buna görə peşmanam. Həmin vaxt o göstərişi icra eləsəydim, bu gün burada olmazdım. Onun mənimlə o vaxtdan – onu dindirməyimlə əlaqədar mənə qarşı şəxsi ədavəti var. Ona görə də məni bu işə qatıb və bu gün sizin qarşınızdayam. Mən buradayamsa, Rüstəm Usubov da burada cavab verməlidir”.
Daha bir təqsirləndirilən MTN polkovniki Vüsal Ələkbərov da Zakir Qaralov və Rüstəm Usubov məsələsində həmkarını dəstəklədiyini söyləyib. O bildirib ki, məhz Qaralov və Usubova görə bundan əvvəl həbs edilib, barəsində ittiham hökmü çıxarılıb və 5 il həbsdə saxlanılıb.
“Bu gün məni yenidən günahım olmadan, təkrar məhkəmə qarşısına çıxarıblar. Mən ikinci dəfə bu həyatı yaşamayacağam. Hər şeyi olduğu kimi açıb deyəcəyəm. Gözləyirəm ki, Zakir Qaralov, Rüstəm Usubov özləri gəlib burada izah versinlər. Desinlər ki, nə, necə olub, cinayət işi başlanması, qətimkan tədbirinin seçilməsi, dəyişdirilməsi, məhkəməyə göndərilməsi hansı qaydada baş verib. Sizdən də xahiş edirəm ki, Sahib Ələkbərovun vəsatəti təmin edilsin”, – Vüsal Ələkbərov bildirib.
Zərərçəkmiş Əfsəl Həsənəliyev də Zakir Qaralov və Rüstəm Usubovun dindirilməsilə bağlı təqsirləndirilən şəxslərin vəsatətini dəstəklədiyini bildirib. O deyib ki, ona qarşı cinayət məhz bu şəxslərin rəhbərliyi altında törədilib:
“Mövlam Şıxəliyevgili məni həbs adıyla girov götürüb, 5 ay qanunsuz həbsdə saxladılar. Ailəmi məcbur elədilər, evimi banka girov qoyub 50 min dollar onlara pul versin. Saxta cinayət işini Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərdilər. Məhkəmənin sədri Kəramət Əliyev də bunlara qoşulub bizdən pul tələb elədi. Barəmizdəki saxta ittiham aktını hökmə köçürüb bizi məhkum elədi. 2014-cü ildə mən Baş Prokurorluğa şikayət elədim, Kəramət Əliyevin bizdən pul tələb etməsinə dair səs yazılarını ortaya qoydum. Zakir Qaralovun cinayətə bərabər tapşırığını yerinə yetirib, cinayət işi başlanmasının rədd elədilər. 2015-ci ildə cənab prezident MTN-dəki mütəşəkkil cinayətkar dəstəni dağıdandan sonra Zakir Qaralov əl-ayağa düşdü…”
Zərəçəkmiş Zakir Qaralov və Rüstəm Usubovla yanaşı, uzun illər məhkəmə sədri işləmiş Kəramət Əliyevin də məhkəmədə dindirilməsini tələb edib.
Daha bir zərərçəkən Zaur Əliyev də Zakir Qaralov və Rüstəm Usubovun məhkəmədə dindirilməsində israrlı olduğunu bildirib. O bildirib ki, hazırda məhkəmə qarşısına çıxarılmış dəstəni onlar himayə edib:
“Zakir Qaralov və Rüstəm Usubov da daxil olmaqla, bu dəstə biz 36 nəfərin girov götürülməsinə şərait yaradıb. Pullarımız alınandan sonra işi məhkəməyə göndəriblər. Həbs adıyla bizi girov götürüblər. Azərbaycan vətəndaşlarından alınan pulun bölgüsündə Zakir Qaralovla Rüstəm Usubovun xüsusi payı olub. Məhkəmə zamanı da bu dediklərim təsdiqini tapdı. Zərərçəkənlərlə yanaşı, Mövlam Şıxəliyev və onun dəstəsi də dəfələrlə ifadələrində bildirdilər ki, MTN-nin İstintaq Baş İdarəsində istintaqı gedən cinayət işlərinə birbaşa Baş prokuror Zakir Qaralov və 1-ci müavini Rüstəm Usubov nəzarət edib. Onların göstərişlərilə cinayət işi başlanıb, həbs qətimkan tədbiri seçilib, yaxid qətimkan tədbiri dəyişdirilib”.
Zərərçəkmiş Zakir Qaralov və Rüstəm Usubovdan başqa, Bakı Ağır Cinayətlər Məhkəməsində onun haqqında hökm çıxarmış hakim Əfqan Hacıyevin, MTN-də Mövlam Şıxəliyevin müavini olmuş Təhsin Ağayevin də məhkəməyə çağırılıb dindirilməsini tələb edib.
Zərərçəkmiş Qulam Bağırov isə bu işə baxan hakim Elbəy Allahverdiyevin obyektiv, ədalətli qərar çıxarmasına inanmadığını bildirib. O, hakimə etiraz verib. Zərərçəkmiş vurğulayıb ki, hakim Elbəy Allahverdiyevin jurnalistləri məhkəmə iclasına buraxmaması da onun keçmiş MTN-çilərin əməllərini ictimaiyyətdən gizlətmək niyyətindən irəli gəlir:
“Açıq məhkəmə prosesində jurnalistlərin iştirakına imkan vermirsiz. Sizin bu əməliniz qanunsuzdur. Bizə qarşı cinayətlər də qapalı şəraitdə, jurnalistlərdən, ictimaiyyətdən gizli törədilib. Bu gün siz açıq məhkəmə prosesini qapalı keçirməklə faktiki Mövlam Şıxəliyevgilin bizə qarşı törətdiklərini ört-basdır eləməyə çalışırsınız”.
“Bu, həm də onların əməllərinə şərik olmaq deməkdir. Doqquz aydır məhkəmə gedir, zərərçəkənlərin bir vəsatətini də təmin etməmisiz. Təqsirləndirilən şəxsləri müdafiə edirsiz. Məhkəmənin ilk günündən Mövlam Şıxəliyevə “Mövlam müəllim” deyə müraciət edirsiniz. Çünki müstəntiq olduğunuz vaxt Mövlam Şıxəliyevin rəhbərliyi altında işləmisiz”, – zərərçəkmiş hakimə etirazını əsaslandırıb.
Hakim Elbəy Allahverdiyev etiraza münasibət bildirərkən təsdiqləyib ki, 2003-2004-cü illərdə MTN-də istintaq qrupunun tərkibində işləyib. Amma həmin vaxt Mövlam Şıxəliyev orada işləməyib.
Hakim dediklərini əsaslandırmaq üçün Mövlam Şıxəliyevdən MTN-də nə vaxtdan işlədiyini soruşub.
Təqsirləndirilən general cavabında bildirib ki, 2004-cü ildə MTN-də bölmə rəisi vəzifəsində xidmətə başlayıb.
2004-cü ildə Şıxəliyevin orada çalışdığı üzə çıxandan sonra hakim müzakirə mövzusunu dəyişib.
Zərərçəkmiş Qulam Bağırova isə etirazda adının doğru yazılmadığını əsas gətirərək, ona baxmaqdan imtina edib. Zərərçəkmiş bildirib ki, düzəlişdən sonra hakimə etirazı yenidən təqdim edəcək.
2021-ci ilin aprelindən həbsdə olan Mövlam Şixəliyev digər təqsirləndirilən şəxslərlə birləşib ümumilikdə 14 milyon 292 min manat rüşvət almaqda, hədə-qorxu ilə başqalarının 5 milyon 77 min manatını ələ keçirməkdə, həmçinin səlahiyyət həddini aşma və sübutları saxtalaşdırma kimi əməllərdə ittiham edilir. Mövlam Şıxəliyevə Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədilə mütəşəkkil dəstə tərəfindən hədə qorxu ilə tələb etmə), 294.3 (sübutları saxtalaşdırma), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma) və digər maddələrilə ittiham olunur.
Vüsal Ələkbərov, Yasin Məmmədov və Sahib Ələkbərova isə Cinayət Məcəlləsinin 311.3.1 (mütəşəkkil dəstə tərəfindən rüşvət alma), 341.2.1, 341.2.3-cü (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) və başqa maddələrilə ittiham verilib.
Mövlam Şıxəliyev və onunla birlikdə təqsirləndirilən şəxslərin adları zaman-zaman bir sıra ictimai-siyasi fəalların həbsində hallanıb.