“MTN-in İstintaq İdarəsində yeganə namuslu müstəntiqlərdən olmuşam”

Foto: Azərtac

Proses zərərçəkənlərin ifadəsi ilə davam etdirilib

“Sahib Ələkbərov əvvəlcə məndən külli miqdarda pul tələb etdi. Pulu verməyəcəyim təqdirdə vaxtilə polisdə olan və adımın keçdiyi, xitam olunmuş cinayət işinin tələb edib MTN-də istintaq olunacağını bildirdi”.

Bu sözləri mayın 10-da Bakı Hərbi Məhkəməsində Milli Təhlükəsizlik Nazirliyinin (MTN 2015-ci ildə ləğv olunub) sabiq əməkdaşlarının məhkəməsində zərəçəkmiş bildirib.

Jurnalistlər yenə prosesə buraxılmadı

İki həftə təxirə salınmış proses bu gün baş tutub. Mühakimə olunanlar MTN-in İstintaq Baş İdarəsinin sabiq rəisi Mövlam Şıxəliyev, istintaq idarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, istintaq idarəsinin 2-ci şöbənin rəisi, polkovnik Vüsal Ələkbərov və istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərovdur.

İş üzrə sədrlik edən hakim Elbəy Allahverdiyev mətbuat nümayəndələrinin açıq məhkəmə prosesində iştirakına imkan vermir.

Budəfəki prosesdə zərərçəkmiş şəxslərdən bir neçəsinin vəkili olan Osman Kazımov media nümayəndələrinin açıq məhkəmə prosesində iştiraklarına yaradılan maneələrin aradan qaldırılmasını istəyib. Vəkil vəsatətində bildirib ki, hakim ötən 7 ay ərzində mətbuat nümayəndələrinin prosesdə iştiraklarının məhdudlaşdırılmasını pandemiya ilə əlaqəli olmasını qeyd edib:

“Pandemiya artıq geridə qalıb. Məhkəmə binası önündə gözləyən jurnalistlərin məhkəməyə buraxılmaması qanunsuzdur və onların prosesdə iştiraklarına şərait yaradılmalıdır. Açıq məhkəmə prosesin qapalı keçirilməsi qanunsuzdur”.

Hakim Elbəy Allahverdiyev üzünü sabiq rəisi, təqsirləndirilən Mövlam Şıxəliyevə tərəf tutaraq onun vəsatətə münasibətini soruşub. Mövlam Şıxəliyev vəsatətə münasibət bildirməyib. Zərərçəkənlər isə vəsatətin qeyd-şərtsiz təmin olunmasını istəyiblər. Hakim növbəti prosesdə bu məsələyə baxacaqlarını deməklə yenidən mətbuat nümayəndələrinin açıq məhkəmə prosesində iştirakının qarşısını alıb.

Zərərçəkən vəsatət verdi, etirazınn əsaslandırılmasını istədi

Bundan sonra iş üzrə zərərçəkən Qulam Bağırov vəsatətlə çıxış edib. O, iş üzrə təqsirləndirilən şəxs Sahib Ələkbərovun həbs olunmasını, açılmış yeni hallarla əlaqədar cinayət işinin ibtidai istintaqa qaytarılaraq yenidən istintaq olunmasını istəyib. O deyib ki, cinayətkar dəstəyə rəhbərlik edən Mövlam Şıxəliyevə CM-nin 178.3(külli miqdarda ziyan vurmaqla dələduzluq etmə), 311.3.1(vəzifə səlahiyyətlərini aşma), 182.3.1 (mütəşəkkil dəstə tərəfindən hədə-qorxu ilə tələb etmə) və 182.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə mütəşəkkil dəstə tərəfindən hədə-qorxu ilə tələb etmə)maddələri ilə ittiham verilib. Cinayət işinin materialından və eləcə də uzun müddətdir ki, davam edən məhkəmə araşdırmasında birmənalı olaraq sübuta yetirilib ki, Mövlam Şıxəliyevin rəhbərlik etdiyi cinayətkar dəstə üzvləri iş üzrə zərərçəkmiş şəxslərin əksəriyyətinə qarşı zorakılıq ediblər, vəzifəli şəxslər kimi külli miqdarda rüşvət alıb və eləcə də zərərçəkənlərə hədə-qorxu gələrək onların külli miqdarda pul vəsaitlərini hədə-qorxu ilə ələ keçirməklə onlara xüsusilə külli miqdarda ziyan vurublar.

“Dəstənin üzvü, MTN-nin İstintaq İdarəsinin keçmiş şöbə rəisinin müavini Sahib Yunis oğlu Ələkbərov 2009-cu ilin noyabr-dekabr aylarında mənə acıq şəkildə hədə-qorxu gələrək, külli miqdarda pul tələb edib və sonradan məni həbs adı ilə girov götürməklə qardaşımdan 135 min dollar pul alıblar”, – zərərşəkmiş deyib.

Onun sözlərinə görə, Sahib Ələkbərov əvvəlcə ondan külli miqdarda pul tələb edib. Pulu verməyəcəyi təqdirdə vaxtilə polisdə olan və adının keçdiyi, xitam olunmuş cinayət işinin tələb edib MTN-də istintaq olunacağını bildirib:

“Həmin iş üzrə heç bir günahımın olmadığını bildirəndən sonra həmin cinayət işi üzrə xitam qərarını Baş prokurorun birinci müavini Rüstəm Usubovun qanunsuz qərarı əsasında ləğv etdirdi. Tələb etdiyi məbləğdə pulu verməyəcəyim halda cinayət məsuliyyətinə cəlb edəcəyi ilə hədələdi. Ona tələb etdiyi məbləğdə pul vəsaitimin olmadığını bildirdim. Sahib Ələkbərov dəfələrlə mənə hədə-qorxu gəldikdən sonra, mənim ona tələb etdiyi məbləği verə bilməyəcəyimi dəqiq bildiyindən barəmdə həbs qəti-imkan tədbiri seçilməsinə nail oldu”.

«Bununla da, Sahib Ələkbərov hədə-qorxunun real olduğunu əməli ilə sübut etdi. Həbs adlı girovluqda olduğum zaman ailə üzvlərimi məcbur etdi ki, məndən tələb etdiyi külli miqdarda pulu ödəsinlər. Ailəmə demişdi ki, tələb etdiyi məbləğ verilməsə, məni içəridə çürüdəcəklər”, – Qulam Bağırov deyib.

Zərərçəkmiş deyib ki, MTN-də girovluqda saxlanıldığı dövrdə həyat və saglamlığı təhlükədə olub, ailə üzvləri, azyaşlı övladları agır vəziyyətə düşüb:

“Ona görə də qardaşım Sərdar məcburiyyət qarşısında qalaraq, Sahib Ələkbərovun hədə-qorxu ilə tələb etdiyi 135 min dolları borc-xərc etməklə, mənim yeganə evimi, maşınımı satmaqla ona verib. Bundan sonra Mövlam Şıxəliyevlə Sahib Ələkbərov məni həbs adlı girovluqdan azad etdilər.

Qulam Bağırov deyib ki, Cinayət Prosessual Məcəllənin 318.2-ci maddəsində göstərilir ki, məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu müəyyən edildikdə, dövlət ittihamçısının vəsatəti əsasında məhkəmə irəli sürülmüş ittiham üzrə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə əsaslandırılmış qərar çıxarmalıdır.

Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu barədə zərərçəkmiş şəxsin və ya onun qanuni nümayəndəsinin vəsatəti əsasında məhkəmə bu maddədə nəzərdə tutulmuş qaydada qərar çıxara bilər.

Qulam Bağırovun fikrincə, Sahib Ələkbərova Cinayət Məcəlləsinin 311-ci maddəsinin müxtəlif bəndləri (Rüşvət alma (passiv rüşvətxorluq)) ilə deyil, 182.3.1 və 182.3.2-ci maddəsinin (hədə‐qorxu ilə tələb etmə) ilə ittiham verilməlidir:

“Sahib Ələkbərova CM-nin 182-ci maddəsi ilə ittihamın verilməsi cinayət işinin obyektiv və hərtərəfli aparılmasını təmin olunmasına xidmət edir. Sahib Ələkbərovun əməlində ağır cinayət tərkibi mövcuddur və ona bu maddə(182) ilə ittiham irəli sürülməlidir. Əks halda onun məsuliyyətdən yayındırılması kimi qanunsuz hərəkətə yol verilmiş olar. Ona görə də xahiş edirəm ki, cinayət işinə baxılmasına xitam verərək, Sahib Ələkbərov barəsində həbs qəti-imkan tədbiri seçilərək, cinayət işini istintaqa prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barəsində qərar qəbul edəsiniz”.

Məhkəmə vəsatəti müzakirə etmək üçün müşavirə otağına yollanıb. 3 dəqiqə sonra geri qayıdaraq vəsatətin təmin olunmadığını elan edib.

Zərərçəkən Qulam Bağırov vəsatətin təmin edilməməsinə etiraz edib, hakimdən qərarının əsaslandırılmasını istəyib.

Bundan sonra Qulam Bağırovun qanunsuz olaraq həbs olunması epizodu üzrə şahidlər dindirilib.

“Tələb olunan məbləğ verildikdən sonra azad edildi”

Şahid qismində dindirilmiş Ramil Misirov zərərçəkmiş Qulam Bağırovun 14 noyabr 2009-cu ildə heç bir cinayət əməli törətmədiyi halda Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən tutulduğunu, həbsdən azadlığa çıxması müqabilində MTN əməkdaşlarının onun qardaşı Sərdar Bağırovdan 200 min manat pul tələb etdiklərini açıqlayıb. Deyib ki, Sərdar Bağırov özlərinə məxsus əmlakları satmaqla, habelə qohumlarıından müxtəlif məbləğdə pul vəsaiti yığmaqla pul düzəldib, onu MTN əməkdaşına verib. Qulam Bağırovun azadlığa çıxması üçün onun atası Alik Misirov da 10 min manat məbləğdə pul verib. Tələb olunan məbləğ toplandıqdan sonra MTN əməkdaşlarına verilib və Qulam Bağırov azad olunub.

Digər sahid Şamis Məmmədov Qulam Bağırovla dost olduğunu deyib. Bildirib ki, 2009-cu ilin noyabrında Qulam Bağırovun Milli Təhlükəsizlik Nazirliyi tərəfindən tutulduğunu eşidib. Bir müddət sonra Qulamın qardaşı Sərdar Bağırov ona “Qulamın işini aparan Sahib adlı müstəntiqlə əlaqə yarada bilmişəm, o Qulamın həbsdən azad olunması üçün 100 min dollar pul istəyir” deyib. Bundan sonra Sərdargil Qulama məxsus Badamdar qəsəbəsində yerləşən mənzili, onun avtomobilini, anası Mənsurə xanıma, habelə Qulamın və Sərdarın həyat yoldaşlarına məxsus qızıl-zinət əşyalarını satıblar. O da kömək etmək üçün özündə olan 5 min dollar pulu Qulamın anasının evində Sərdara verib.

Şahid deyib ki, bundan başqa Sərdargil qohumlarından və tanışlarından borc pullar alıblar. Sonradan Sərdar ona müstəntiq Sahibin əlavə olaraq 35 min dollar pul istədiyini də ona deyib:

“Sərdargil çox çətinliklə 135 min dollar pulu topladılar. Bir neçə gün sonra Sərdar dedi ki, 135 dollar pulu MTN-də müstəntiq işləyən Sahibə verib. Sərdar pulu Sahibə verəndən 1 və ya 2 gün sonra Qulamı həbsdən azad etdilər”.

Sahib Ələkbərov: “Mən müstəntiq idim”

Təqsirləndirilən Sahib Ələkbərov isə zərərçəkən və şahidlərin dediklərinin doğru olmadığın isbatlamağa çalışıb. Özünü müdafiə edərək istintaqa birbaşa nəzarət edən vəzifəli şəxslərin olduğunu açıqlayıb:

“Mən müstəntiq idim. Mən cənab general Mövlam Şıxəliyevə məruzə edirdim. O da birbaşa Zakir Qaralova, Rüstəm Usubova məruzə edirdi. Onların birbaşa yazılı və şifahi göstərişlərin icra edirdim. Deyirdilər ki, həbs et, edirdim, azad et, edirdim. Həbs edəndə hansı maddə ilə vəsatətin yazılmasını tapşırırdılar. Azad ediləndə də yenə də onlar deyirdi, mən də azad edirdim. MTN-in istintaq idarəsində yeganə namuslu, vicdanlı müstəntiqlərdən olmuşam, Allahımı tanımışam”.

Digər təqsirləndirilən Yasin Məmmədov isə Sahib Ələkbərovun ətəyindən yapışıb çəkib, çox danışmamasını istəyib.

Hakim zərərçəkənlərin, onların vəkillərinin təqsirləndirilən Sahib Ələkbərova suallar vermələrinə şərait yaratmayıb.

Vəkil müstəntiqlə veriləcək pul barədə danışıb?

Bundan sonra şahid qismində Məhbub Əliyev ifadə verib. Zərərçəkən Elvar Əliyevin qanunsuz həbsi epizodu üzrə danışan şahid bildirib ki, 2013-cü ilin sentyabrında anası ona zəng edərək qardaşı Elvarın tutulduğunu deyib:

“Elvarın qolları qandallı vəziyyətdə, başında torba qatı cinayətkar kimi Səbail Rayon Məhkəməsinə gətirmişdilər. Orada müstəntiq Fuad Məmmədova yaxınlaşdım, o, “yaxşı olacaq, narahat olma” dedi, lakin yaxşı olmadı”. Şahid deyib ki, Elvara Vüsalə adlı vəkil tutulub. Sonradan Vüsalə müstəntiqlə danışıb və Fuadın 60 min manat müqabilində Elvarı azad edə biləcəyini deyib. O, bundan sonra qardaşı Elvar Əliyev ilə birlikdə işləmiş Elman Əhmədovun satmaq üçün ona verdiyi malları təxminən 15-20 gün ərzində dəyər-dəyməzinə sataraq 40 min manat pul düzəldib. Rusiyada yaşayan əmisi Loğman da 20 min dollar pul göndərib. Üstünü də düzəldib 60 min manat toplayıblar:

“Pulu anamın iştirakı ilə Vüsaləyə verdim. Sonra dəfələrlə Vüsalə ilə əlaqə saxlayaraq Elvarın çıxıb-çıxmadığını soruşdum. Sonda Vüsalə pulu qaytarıb “məsələni özünüz həll edin” dedi”.

Şahid deyib ki, bir müddət sonra Elman Əhmədov həbsdən azad edilib. Elman pulun üstünə 20 min manat qoyub, 80 min manat pulu müstəntiq Fuad Məmmədova verib. Bundan sonra qardaşı Elvar həbsdən azad olunub. Elvarla birlikdə eyni gündə Balaşirin və Seyran da azadlığa çıxıblar.

Məhbub Əliyev qardaşı Elvar Əliyevin Çingiz Ağayevin sifarişi ilə Mövlam Şıxəliyev tərəfindən həbs edildiyini bildirib.

Zərərçəkən Əfsəl Həsənəliyev söz alaraq bildirib ki, istintaq zamanı şikayətləri tam və hərtərəfli araşdırılmayıb:

“Mənə qarşı cinayətin icraçısı Yasin Məmmədovla Nadir Mustafayevdir. Bu gün Yasin Məmmədov istintaqa cəlb edilsə də, Nadir Mustafayevi ümumiyyətlə çağırıb dindirmirlər. Yasin Məmmədov da həbs olunmayıb. Mənə qarşı cinayətin obyektiv araşdırılmasını tələb edirəm.

Hakim zərərçəkənin sözünü kəsərək “bu söhbəti prosesdə deyil, kabinetdə çay içərək davam edək” deyib. Bununla da proses təxirə salınıb.

Ana səhifəSiyasət“MTN-in İstintaq İdarəsində yeganə namuslu müstəntiqlərdən olmuşam”