Zərərçəkmişlər hakimi MTN-çilərin tərəfini tutmaqda qınayıb
Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsinə uzun illər rəhbərlik etmiş, hazırda isə həbsdə olan general Mövlam Şıxəliyevin məhkəməsi davam edir. O, istintaq idarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, 2-ci şöbənin rəisi Vüsal Ələkbərov, istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini olmuş Sahib Ələkbərovla birlikdə mühakimə olunur. Lakin generaldan fərqli olaraq, adları çəkilən şəxslər barəsində həbs qətimkan tədbiri seçilməyib, onların istintaq və məhkəmə getdiyi dövrdə azadlığa qalmasına qərar verilib. MTN işi üzrə zərərçəkmişlər isə bu üç nəfərin də həbs olunmasını tələb edirlər.
Budəfəki məhkəmə iclasında zərərçəkmişlərdən Ələddin Əliyev ifadə verib. O, 2004-cü ildən “Moskva” ticarət mərkəzində qızıl-zinət əşyalarının alış-satışıyla məşğul olub.
“Yalvardım ki, bizi rüsvay eləməyin”
Zərərçəkmiş bildirib ki, Zaur İsmayılov adlı tanışıyla ticarət əlaqəsi olub. Zaur İsmayılov Dubaydan müxtəlif məişət avadanlıqları və brilyantlar gətirib satırmış. O da bu şəxsdən birinci dəfə 6000 dollarlıq brilyant alıb.
2013-cü ilin yanvarında Zaur İsmayılova 38 min dollar pul verərək, Dubay şəhərindən brilyant daşlar alıb gətirməsini xahiş edib. Bir neçə gün sonra evinin qarşısına MTN əməkdaşı gəlib:
“MTN əməkdaşı Natiq adlı şəxs zəng eləyib dedi ki, binanın qarşısında məni gözləyir. Həyətə düşdüm. Dedi ki, Zauru tutmuşuq, sən də bizimlə MTN-ə getməlisən. Məni aparıb MTN-də Füzuli Əliyevə təhvil verdi. Otaqda Füzuli Əliyevdən başqa Zaur adlı MTN əməkdaşı da vardı. Mənə hədə-qorxu gəlməyə başladılar. Deyirdilər ki, qaçaqmalçılıq yolu ilə gətirilən brilyant daşlar sifariş vermişəm guya, ona görə həbs olunacağam. Dedim ki, Zaur İsmayılova 38 min dollar vermişəm, lakin həmin daşların qaçaqmalçılıq yoluyla gətirməsindən xəbərim yoxdur”.
Zərərçəkmişin sözlərinə görə, onu həbs etməmək üçün 1 milyon manat pul tələb olunub. O isə 10-15 min manata gücü çatacağını deyib:
“Füzuli Əliyev “1 milyonu verməsən, həbsə gedəcəksən” deyib, otaqdan çıxdı. 2 saat sonra əlində kamera geri qayıtdı, Zaur İsmayılovu da gətirdilər. Füzuli Əliyev deyirdi ki, sizi çəkib, mediaya göndərəcəyik. Yalvardım ki, bizi rüsvay eləməyin. Heç nə eləməmişdim, adımın cinayətkar kimi hallanmasını istəmirdim. Füzuli Əliyev çıxıb getdi, axşama qədər Zaur İsmayılov və MTN əməkdaşıyla birlikdə orada qaldım”.
Ələddin Əliyev ifadəsində bildirib ki, axşam saatlarında onları MTN-in İstintaq İdarəsinə aparıblar, Rövşən adlı müstəntiq gecə yarısına qədər ifadə alıb, şübhəli şəxs qismində saxlanmaları haqda qərar çıxarılıb. Gecə MTN-də istintaq təcridxanasında saxlandığını deyən zərərçəkmişin sözlərinə görə, ertəsi gün yenə onu müstəntiqin yanına gətiriblər. Bu dəfə ondan yarım milyon istənilib. O isə yenə də bu qədər pulu olmadığını deyib.
“MTN müstəntiqi dedi ki, prokurorluqdan da 10 min dollar istəyirlər”
“Axırda Rövşən dedi ki, “100 min ver, səni azad edək”. Bildirdi ki, 1 həftə ərzində pulu çatdırmasam, nə yolla olursa olsun, məni həbs eləyəcəklər. Həmin gün axşam Rövşən hansısa sənədləri imzalatdırıb məni buraxdı. Özümdə olan qızıl-brilyantları satdım, qohum-əqrəbadan borc aldım. 13 yanvarda Rövşənə zəng elədim, dedim ki, pulun yarısını düzəldə bilmişəm. Dedi ki, MTN-nin qarşısına gəl. Orada qəzetə bükülmüş 50 min dolları Rövşənə verdim. Dedim ki, qalanı da hazır olan kimi zəng edəcəm. Mağazada nə qızıl-zinət əşyası vardı, dəyər-dəyməzinə satıb, Rövşənə verdim. Mənə deyirdi ki, guya verdiyim pulun hamısı “yuxarı” çatır, ona heç nə qalmır. Deyirdi ki, mən sadəcə, şahid kimi məhkəmədə iştirak edəcəm. 15 gün sonra Rövşən zəng elədi ki, məsələnin tam həll olunması üçün prokurorluqdan 10 min dollar istəyirlər. Fevralın əvvəlində Rövşən zəng elədi, gedib onunla Bakı Əyləncə Mərkəzində görüşdüm. Dedim ki, inanın, pulum yoxdur, gərək yenə kiməsə borc üçün ağız açım. Rövşən 6 min dollara razılaşdı. Düzəldib, aparıb ona verdim”.
Zərərçəkmişin sözlərinə görə, onu buraxsalar da, Zaur İsmayılov cinayət məsuliyyətinə cəlb olunub. Sonradan Xəzər Rayon Məhkəməsində ona 2 il şərti cəza verilməsi haqda hökm çıxarılıb.
“Hökmə əsasən, müsadirə olunmuş 33 min dollarlıq brilyantlar mənə qaytarılmalı idi. Zaur İsmayılovla birlikdə, müstəntiq Rövşənin iştirakıyla Mərkəzi Banka getdik, Zaur depozitdə olan brilyantları qəbul elədi. Paketlər möhürlənmişdi. Zaurla mən paketləri “Moskva” univermağında açdıq. Gördük ki, 17 min dollarlıq brilyant daşlar yoxdur. Rövşənə zəng elədik ki, niyə belədir? O da dedi ki, istintaqa nə təhvil verilibsə, hamısını maddi sübut kimi tanıyıb, banka depozitə qoymuşam. Ola bilər ki, Füzuli Əliyevin idarəsində daşların bir hissəsi yoxa çıxıb, get, onlardan istə. Yenidən həbs olunacağımdan ehtiyatlanıb zəng eləmədim”.
“Bacanağım da, mən də müflis olduq”
Məhkəmədə dindirilən daha bir zərərçəkmiş Mehrac Qurbanov isə deyir ki, “Texnikabank”a əmanət qoyduğuna görə MTN-in hədəfinə çevrilib. O, banka illik 12 faizlə 623 min 300 avro əmanət qoyub. 2008-ci ilin oktyabrında MTN-dən şöbə rəisi Vüsal Ələkbərov ona zəng edərək çağırıb.
“Vüsal Ələkbərov dedi ki, bankdakı puldan imtina eləməlisən. Yoxsa başına oyun açacağıq, həbs olunacaqsan. Dedim ki, banka pul qoymaq cinayətdir? Axşama kimi qışqırıb-bağırdı. Mənə 1 stəkan su da vermirdi. Həddindən artıq qəddar davranırdı. Halal pulumdan imtina etməyəcəyimi dedim. Çox qışqır-bağırdan sonra Vüsal Ələkbərov dedi ki, 300 min dollar ver, əmanətinin qaytarılmasına kömək edək. Dedi ki, 15 gün ərzində əmanətin qaytarılacaq, lakin bizə verməsən, tutulacaqsan, rəhbərliyin göstərişidir”, – zərərçəkmiş bildirib.
Mehrac Qurbanovun sözlərinə görə, daha sonra onu İstintaq Baş İdarəsinin rəisi Mövlam Şıxəliyevin yanına aparıblar. O da bildirib ki, Vüsal Ələkbərov nə deyirsə, yerinə yetirilməlidir:
“Məcbur olub Vüsal Ələkbərovla 200 min dollara razılaşdım. Dedi ki, pul təcili – sabaha çatmalıdır. Yaşadığım Şirvan şəhərinə getdim, fermamdakı mal-heyvanı satdım, bacı-qardaşlarımdan, bibim oğlundan və başqa tanışlardan borc alıb, 200 min dolları topladım. Gətirib Vüsal Ələkbərova verdim. Soruşdum ki, bəs bankdakı əmanətim nə vaxt qayıdacaq? Dedi ki, zəng edib xəbər verəcəyik”.
Mehrac Qurbanov bildirib ki, bacanağı Elşən Mədətovun da “Texnikabank”da əmanəti vardı və onu da Vüsal Ələkbərov MTN-ə çağırmışdı. Ondan isə 250 min dollar tələb olunub.
Zərərçəkmiş vurğulayıb ki, son nəticədə nə özünün, nə də bacanağının bankdakı pulu qaytarılıb: “Elşən də, mən də müflis olduq. Əlimizdə olan biznesimizi dəyər-dəyməzə satdıq. Elşən baş verənlərdən sonra infarkt keçirdi. Bizim başımıza bu quldur dəstə oyun açdı…”.
“Vüsal Ələkbərovun nazı ilə çox oynayırsız…”
Zərərçəkmişlərdən Hüseyn Səfərov Vüsal Ələkbərovun barəsində qətimkan tədbirinin dəyişməsi, onun həbs olunması haqda vəsatət qaldırıb.
“Vüsal Ələkbərov bankda hesabı olan 20-30 adama deyib ki, pullarınız batıb. Sonradan da həmin pulları alıb, 50 faizini cibinə qoydu. İnkişaf etmiş “Texnikabank”ın dağılmasında Vüsal Ələkbərovun böyük rolu olub. “Texnikabank”ın müxbir hesablarında 700 milyon manat pul olub. Gözümüzün qabağında əmanətçilərin pulunu basıb yeyib. Bu gün də Allah o vəziyyətə salıb ki, həzm edə bilmir, düz-əməlli yeriyə də bilmir”, – Hüseyn Səfərov belə deyib.
Mehrac Qurbanov da vəsatətlə razılaşıb, Vüsal Ələkbərovun həbsini tələb edib.
Təqsirləndirilən Vüsal Ələkbərov isə zərərçəkmiş Hüseyn Səfərovu yalan danışmaqda ittiham edib. Deyib ki, hətta onun işçisinin qardaşının da “Texnikabank”da hesabı vardı, onun pulu da qaytarılmadı. Məhkəmə əmanətçilərin iddiasını təmin edib, pulların qaytarılmasına qərar versə də, əmanətlər qaytarılmayıb.
Hüseyn Səfərov isə Vüsal Ələkbərovun özünün yalan danışdığını vurğulayıb:
“Bunlar “Texnikabank”ın rəhbəri Etibar Əliyevi tutandan sonra banka öz adamlarını oturtmuşdular. Orada nə istəyirdilər, onu da edirdilər. Kimdən pul qoparırdılarsa, onun pulunun yarısını özünə qaytararıb, yarısını da ciblərinə qoyurdular. Möhtərəm hakim, Vüsal Ələkbərovu həbs edin, onda baş verənləri olduğu kimi danışacaq. Burada onun nazı ilə çox oynayırsız…”.
Vüsal Ələkbərov zərərçəkmiş Mehrac Qurbanovun da yalan danışdığını, onu tanımadığını və ondan pul almadığını deyib.
Mövlam Şıxəliyev də zərərçəkmişi yalan danışmaqda ittiham edib, bu şəxsin heç vaxt onun kabinetində olmadığını vurğulayıb.
“Yalan deyənin balası ölsün. Ayıb olsun sənə, general rütbəsi haram olsun”, – deyən zərərçəkmiş Mehrac Qurbanova təqsirləndirilən general “Tərbiyəsizlik eləmə!” cavabını verib.
Nəticədə təqsirləndirilən və zərərçəkmiş şəxslər arasında mübahisə yaranıb. Hakim Elbəy Allahverdiyev zərərçəkmiş Mehrac Qurbanovun məhkəmə zalından çıxarılmasına göstəriş verib.
General əlindəki su butılkasını atmaq istədi…
Bundan sonra da ara sakitləşməyib. Mövlam Şıxəliyev əlindəki su butılkasını zərərçəkmiş Zaur Əliyevə atmaq istəyəndə məhkəmədə gərginlik daha da artıb. Tərəflər bir-birinin ünvanına kəskin ifadələr səsləndiriblər. Hakim zərərçəkmiş Zaur Əliyevin də məhkəmədən çıxarılmasına göstəriş verəndə digər zərərçəkmişlər sərt etiraz edib. Onların hamısı ayağa qalxaraq, Mövlam Şıxəliyevin hərəkətlərinə etiraz edib, hakimi sabiq MTN-çilərin tərəfini tutmağa görə qınayıb.
Bu üzdən məhkəmə prosesi yarımçıq dayandırılıb. Proses mayın 31-də davam edəcək.
2021-ci ilin aprelindən həbsdə olan Mövlam Şixəliyev digər təqsirləndirilən şəxslərlə birləşib ümumilikdə 14 milyon 292 min manat rüşvət almaqda, hədə-qorxu ilə başqalarının 5 milyon 77 min manatını ələ keçirməkdə, həmçinin səlahiyyət həddini aşma və sübutları saxtalaşdırma kimi əməllərdə ittiham edilir. Mövlam Şıxəliyevə Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədilə mütəşəkkil dəstə tərəfindən hədə qorxu ilə tələb etmə), 294.3 (sübutları saxtalaşdırma), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma) və digər maddələrilə ittiham olunur.
Vüsal Ələkbərov, Yasin Məmmədov və Sahib Ələkbərova isə Cinayət Məcəlləsinin 311.3.1 (mütəşəkkil dəstə tərəfindən rüşvət alma), 341.2.1, 341.2.3-cü (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) və başqa maddələrilə ittiham verilib. İstintaq dövrü üçün onların barəsində başqa yerə getməməyə dair iltizam qətimkan tədbiri seçilib.
Mövlam Şıxəliyev və onunla birlikdə təqsirləndirilən şəxslərin adları zaman-zaman bir sıra ictimai-siyasi fəalların həbsində hallanıb.
Zərərçəkmişlər arasında “Texnikabank”ın sahibi Etibar Əliyev, onun oğlu Kəramət Əliyev və digərləri var.