Aprelin 27-də Mərkəzi Seçki Komissiyasının (MSK) yeni tərkibdə ilk iclası keçirildi və gözlənildiyi kimi əsas təşkilati məsələlərə baxıldı. İclasın ən diqqətçəkən nəticəsi isə Məzahir Pənahovun yenidən, artıq altıncı dəfə qurumun sədri seçilməsi oldu. Bununla da o, 2000-ci ildən bəri davam edən rəhbərliyini növbəti müddət üçün də qorumuş oldu. 26 ildir sədr olan və MSK-nın ən yaşlı üzvü Məzahir Pənahov, İlham Əliyev tərəfindən “Şərəf” və “Şöhrət” ordenləri ilə də təltif olunub.
MSK-nın yenidən formalaşdırılması Milli Məclisdə həmin gün qəbul edilən qərarla rəsmiləşdi. Seçki Məcəlləsinə əsasən, komissiyanın 5 illik səlahiyyət müddəti başa çatdıqda onun tərkibi yenilənməlidir. Qanunvericiliyə görə, 18 üzvdən ibarət olan MSK-da yerlər siyasi balans prinsipi ilə bölüşdürülür: üçdə biri hakim Yeni Azərbaycan Partiyasını, üçdə biri bitərəf deputatları, qalan hissə isə parlamentdə azlıq təşkil edən partiyaları təmsil edir.
Yeni tərkibdə üç yeni şəxs təmsil olunacaq. Onlardan ikisi Yeni Azərbaycan Partiyasını, biri isə bitərəf sayılan deputatı təmsil edəcək. Digər 15 üzv isə dəyişməz olaraq qaldı.
Formal olaraq bu bölgü pluralizmi təmin etməyə hesablansa da, praktikada MSK-nın fəaliyyəti uzun illərdir mübahisə mövzusu olaraq qalır. Məzahir Pənahovun rəhbərliyi dövründə keçirilən seçkilərdən sonra komissiya adətən seçkilərin “normal keçdiyini” və ciddi şikayətlərin daxil olmadığını bəyan edir. Lakin bu mövqe müstəqil namizədlər, müşahidəçilər və müxalif siyasi qüvvələr tərəfindən mütəmadi olaraq təkzib olunur. Onlar seçkilərdə genişmiqyaslı pozuntuların baş verdiyini, bununla bağlı faktların həm ictimaiyyətə, həm də rəsmi qurumlara təqdim edildiyini bildirirlər.
Beynəlxalq müşahidəçilər və xarici təşkilatlar da Azərbaycanda seçki mühitinə dair tənqidi mövqe sərgiləyir. Bir çox hesabatlarda azad və ədalətli seçki standartlarının tam təmin olunmadığı qeyd edilir.
Digər tərəfdən, Məzahir Pənahovun adı zaman-zaman yalnız seçki prosesi ilə deyil, həm də ailə üzvlərinin fəaliyyəti ilə bağlı iddialarda hallanır. Mətbuatda onun qohumlarının müxtəlif dövlət vəzifələrində çalışdığı, övladlarının isə həm Azərbaycanda, həm də Türkiyədə biznes fəaliyyətləri ilə məşğul olduğu barədə məlumatlar yayılıb. Bu iddialar rəsmi şəkildə təsdiq və ya təkzib olunmasa da, ictimai müzakirələrdə tez-tez gündəmə gətirilir və maraqlar toqquşması ilə bağlı suallar doğurur.
Beləliklə, MSK-nın yeni tərkibdə fəaliyyətə başlaması formal yenilənmə kimi təqdim olunsa da, rəhbərliyin dəyişməməsi və əvvəlki dövrlərdən qalan tənqidlərin davam etməsi seçki institutuna olan etimad məsələsini yenidən gündəmə gətirir.