MSK təşviqat üçün ayrılmış yerlərin siyahısını yayıb

Azərbaycanda seçkilər, Foto: By AlexLMX/Shutterstock

Hüquq müdafiəçisi açıq yerlərlə bağlı şikayətlərin olduğunu deyir

Avqustun 7-də Mərkəzi Seçki Komissiyası (MSK) Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərdə təşviqat üçün ayrılmış görüş yerlərinin siyahısını yayıb.

MSK seçicilərlə açıqqapalı yerlərin siyahısını saytında dərc edib.

Bildirilir ki, ümumilikdə 5113 görüş yeri ayrılıb, onlardan 3259-u açıq, 1854-ü isə qapalıdır.

Avqustun 9-da seçkiqabağı təşviqatın başlanmasına start veriləcək.

MSK bildirib ki, avqustun 31-də saat 8:00-da seçkiqabağı təşviqat dayandırılacaq.

Bəs təşviqat üçün ayrılmış yerlər namizədlərə uyğundurmu?

Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlı Meydan TV-yə deyib ki, onlara daha çox açıq yerlərlə bağlı şikayətlər olub:

“Ümumilikdə, açıq yerlər heç vaxt əlverişli olmur. Məsələn, kənd, qəsəbə, yaxud rayonlarda insanları stadionlara toplayırlar. Halbuki mərkəzi ərazilərdə seçicilərlə görüş üçün yer ayırmaq daha effektiv olardı. Əslində, bu yanaşma seçki kampaniyasının prinsiplərinə uyğun deyil”.

Bəşir Süleymanlı. Foto: Gülzar Məmmədli

“Seçkiyə namizəd kimi qatılan şəxs əvvəlcədən müvafiq qurumlara təhlükəsizliyinin təmini üçün istədiyi yerdə görüş təşkil edə bilər. Hətta bizə bir namizəd müraciət etmişdi ki, yerli icra orqanları təyin etdikləri yerlərdən kənarda heç bir görüşə icazə vermədiklərini bildirirlər. Əks halda qanunsuz aksiya sayılıb, dağıdılacaq”, – deyə Süleymanlı qeyd edib.

Bəşir Süleymanlı bütün respublika üzrə olmasa da, müəyyən dairələr üzrə əlverişli olmayan görüş yerlərinin olduğunu əlavə edib.

Parlament seçkiyə gedir

2024-cü il iyunun 21-də Azərbaycan parlamenti özünün buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin olunması ilə bağlı Prezident İlham Əliyevə müraciət edib.

İyunun 28-də İlham Əliyev Milli Məclisin buraxılması və sentyabrın 1-də erkən seçki keçirilməsi ilə bağlı sərəncam imzalayıb.

Sentyabrın 1-də keçiriləcək seçkiləri partiyalardan yalnız AXCP boykot edir.

Ana səhifəSiyasətMSK təşviqat üçün ayrılmış yerlərin siyahısını yayıb