Əmlakların bir hissəsi qohumlarının adınadır
Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsinin sabiq rəisi, general Mövlam Şıxəliyevin 7 milyon 738 min manatlıq əmlakının üzərinə həbs qoyulub. Bunlar əsasən Bakının mərkəzində bahalı mənzillər, obyektlər, Novxanıda içində 1000 kvadrat metrdən böyük ev tikilmiş bağ evi və başqa onlarla daşınmaz əmlaklar var. Əmlaklar generalla yanaşı, onun həyat yoldaşı Aybəniz Şıxəliyeva, oğlu Elgün Şıxəliyev, qızı Samirə Əliyeva və başqa qohumlarının adınadır.
Söhbət aşağıdakı əmlaklardan gedir:
Səbail rayonu, Nizami küçəsi 78 ünvanında (Fəvvarələr meydanı), 482 min manat dəyərləndirilmiş obyekt;
Nizami küçəsi 78, mənzil 6 ünvanında 214 min manat dəyərləndirilmiş ev;
Səbail rayonu, Nizami küçəsi 96, mənzil 37 ünvanında 360 min manatlıq ev;
Nizami küçəsi 93, mənzil 21 ünvanında 400 min manatlıq ev;
Nizami rayonu, Qara Qarayev prospekti, 39a ünvanında, 974 min manat dəyərləndirilmiş obyekt;
Binəqədi rayonu, 7-ci mikrorayon, ev 9-25, mənzil 63 ünvanında yerləşən ev;
Nərimanov rayonu, M.Əlizadə küçəsi ev 134a ünvanında 403 kvadrat metr sahəsi olan, 1 milyon 452 min manat dəyərləndirilmiş qeyri-yaşayış sahəsi;
Səbail rayonu, Bülbül prospekti 7 ünvanında yerləşən (metronun “Sahil” stansiyasının üstündə) binada hər birinin qiyməti 770 min, 535 min, 738 min, 650 min və 704 min manat (ümumilikdə 3 milyon 397 min) dəyərləndirilmiş 5 mənzil;
Binəqədi rayonu, Novxanı kəndində 1 milyon 305 minlik bağ evi;
Novxanı, Goradil qəsəbələrində, Ağdaş və İsmayıllı rayonlarında torpaq sahələri, obyekt və evlər…
Mövlam Şıxəliyev 2021-ci ilin aprelindən həbsdədir. O, vaxtilə tabeliyində işləmiş daha üç nəfərlə – istintaq idarəsinin sabiq rəis müavini, 1-ci şöbənin rəisi olmuş Yasin Məmmədov, 2-ci şöbənin rəisi olmuş Vüsal Ələkbərov, metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərovla birlikdə mühakimə olunur. Onların işinə Bakı Hərbi Məhkəməsində baxılır. Adları çəkilən şəxslərdən yalnız Mövlam Şıxəliyev həbsdədir, digər üç nəfər barəsində istintaq və məhkəmə dövrü üçün başqa yerə getməməyə dair iltizam qətimkan tədbiri seçilib.
Bakı Hərbi Məhkəməsində bu işə baxan hakim Elbəy Allahverdiyev jurnalistləri sabiq MTN-çilərin məhkəməsinə buraxmır. Zərərçəkmişlər isə buna etiraz edir. Onlar iddia edir ki, hakim general və digərlərinin əməllərini ört-basdır etmək, üzə çıxanları cəmiyyətdən gizlətmək üçün qanunu pozur, açıq məhkəmə iclasına media nümayəndələrini buraxmır. Lakin jurnalistlər məhkəmə prosesində baş verənlər haqda məlumatı əldə edib yayır.
Sabiq MTN-çilər ümumilikdə 14 milyon 292 min manat rüşvət almaqda, hədə-qorxu ilə başqalarının 5 milyon 77 min manatını ələ keçirməkdə, həmçinin səlahiyyət həddini aşma və sübutları saxtalaşdırma kimi əməllərdə ittiham edilir. Mövlam Şıxəliyevə Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədilə mütəşəkkil dəstə tərəfindən hədə qorxu ilə tələb etmə), 294.3 (sübutları saxtalaşdırma), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma) və digər maddələrilə ittiham olunur.
Lakin onlar özlərini təqsirli bilmir. Məhkəmədə dindirilən zərərçəkmişlər sabiq MTN-çiləri ittiham edib, var-dövləti məhz saxta ittihamlarla həbsə atdıqları adamların hesabına əldə etdiklərini deyirlər. Lakin təqsirləndirilən şəxslər bu iddiaların yalan olduğunu bildirirlər. Hətta vurğulayırlar ki, MTN-də aparılan istintaq işlərinə də prokurorluq prosessual nəzarət həyata keçirib, həbs və azadlığa buraxma qərarlarını məhkəmələr verib.
Mövlam Şıxəliyev və onunla birlikdə təqsirləndirilən şəxslərin adları zaman-zaman bir sıra ictimai-siyasi fəalların həbsində hallanıb.
MTN işi üzrə zərərçəkmişlər arasında “Texnikabank”ın sahibi Etibar Əliyev, onun oğlu Kəramət Əliyev və digərləri var.