Pilotsuz təyyarələrin qalıqları iki obyektin yaxınlığında tapılıb
İyulun 24-də səhər saatlarında iki pilotsuz uçuş aparatı (PUA) Moskvaya hücum edib, – mer Sergey Sobyanin bildirib.
“Bu gün səhər saat dörd radələrində iki qeyri-yaşayış binasına pilotsuz uçan aparatların zərbələri qeydə alınıb. Ciddi dağıntı və tələfat yoxdur”, – o, “Telegram” hesabında yazıb.
“Meduza” yazır ki, Rusiya Müdafiə Nazirliyi iki Ukrayna pilotsuz təyyarəsini ələ keçirdiyini iddia edir.
“İyulun 24-də səhər saatlarında Kiyev rejiminin iki pilotsuz uçuş aparatı ilə Moskva şəhərində obyektlərə terror aktı törətmək cəhdinin qarşısı alınıb. Elektron müharibə vasitəsilə iki Ukrayna PUA-sı sıxışdırılıb və qəzaya uğrayıb”, – deyə hərbi idarənin açıqlamasında bildirilir. TASS-ın məlumatına görə, ilk pilotsuz təyyarənin qalıqları Komsomolski prospektindəki 17 nömrəli evin yaxınlığında tapılıb. Bu, Rusiya Federasiyası Müdafiə Nazirliyinin Frunzenskaya sahilindəki binasından çox da uzaq deyil.
Bellingcat-ın müstəntiqi Xristo Qrozev qeyd edir ki, pilotsuz təyyarənin qırıqlarının düşdüyü yerin yaxınlığında Hərbi Universitet, eləcə də Rusiya Federasiyasının Baş Kəşfiyyat İdarəsinin bir neçə məxfi obyekti, xüsusən də “QRU kiberhücum qərargahı” yerləşir. Məlumatda deyilir ki, ikinci dron Lixaçov prospektində tikilməkdə olan biznes mərkəzinə düşüb. Nəticədə 50 kv.m sahədə binanın 17 və 18-ci mərtəbələrinin şüşələri sındırılıb. “Leroy Merlin” mağazası da həmin binada yerləşir. Hadisə yerinə təcili tibbi yardım əməkdaşları gəlib. Meriya bildirib ki, Komsomolski prospekti və Lixaçev prospekti ilə avtomobillərin hərəkəti bağlanıb.