Moskvada Ağalarova məxsus konsert zalında atışma: ölən və yaralananlar var (yenilənir)

Foto: Reuters

Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova bildirib ki, ABŞ-da “Crocus City Hall”dakı terror aktı ilə bağlı etibarlı məlumat varsa, o, dərhal Rusiya tərəfinə verilməlidir.

Mariya Zaxarova. Foto: Meydan TV


Martın 22-də Moskvada “Crocus City Hall”da atışma zamanı konsert proqramı nəzərdə tutulan sovet və Rusiya rok qrupu “Piknik”in üzvləri və menecerləri hər hansı bir zərər görməyiblər.

Hazırda onların heç birinin həyati təhlükəsinin olmadığı bildirilir.

Bu haqda qrupun “İnstagram” səhifəsində məlumat verilib.

Rusiyanın Krasnoqorsk şəhərində yerləşən “Crocus City Hall”  konsert zalı azərbaycanlı biznesmen Araz Ağalarova məxsusdur.

Tikintisinə 70 milyon dollar sərmayə yatırılan zal 2009-cu il oktyabrın 25-də istifadəyə verilib və Azərbaycanın estrada müğənnisi Müslüm Maqomayevin adını daşıyır.

Zalın standart tutumu 6200, maksimumu isə 9500 nəfərdir.


Rusiya İstintaq Komitəsi hadisə ilə bağlı açıqlama yayıb.

Bildirilir ki, hadisə ilə əlaqədar cinayət iş açılıb.

Crocus City Hall” konsert zalında baş vermiş insidentdən sonra Rusiya İstintaq Komitəsinin Baş İstintaq İdarəsi Cinayət Məcəlləsinin 205-ci (terror aktı) maddəsi ilə cinayət işi açıb”, – deyə bəyanatda deyilir.


Azərbaycanı Prezidenti İlham Əliyev Moskvadakı hadisə ilə əlaqədar Rusiyanın Prezidenti Vladimir Putinə başsağlığı verib.

 ““Crocus City Hall” konsert zalında baş vermiş dəhşətli terror aktı xəbəri bizi dərindən sarsıtdı”, – deyə İlham Əliyev bildirib.

Azərbaycanın dövlət başçısı terror aktını qınadığını qeyd edib:

“Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizə, Rusiya xalqına və həlak olmuş şəxslərin ailələrinə və yaxınlarına səbir, yaralalanlara isə tezliklə şəfa diləyirəm”.


Ukrayna Prezidentinin aparatının rəsmisi Mixail Podolyak da hadisəyə münasibət bildirib.

O deyib ki, martın 22-də Moskvada konsert zalında baş verən atışma ilə Ukraynanın heç bir əlaqəsi yoxdur.

Gəlin bunu açıq deyək. Ukraynanın bu hadisələrlə qətiyyən heç bir əlaqəsi yoxdur. Birincisi, ona görə ki, biz Rusiyanın nizami ordusu və Rusiya ilə tam hüquqlu, genişmiqyaslı, nəhəng, gərgin müharibə aparırıq. Rusiyanın nizami ordusunu məhv etmək və bununla da bu müharibəyə son qoymaq üçün effektiv hərbi əməliyyatlar keçirmək vacibdir”.

Podolyak onu da qeyd edib ki, Ukrayna Rusiyadan fərqli olaraq heç vaxt terrorçu müharibə üsullarından istifadə etməyib:

Hətta Rusiyanın müasir tarixində öz vətəndaşlarına qarşı terror hücumlarının hərbi hərəkətlərinə bəraət qazandırmaq üçün istifadə edildiyi çoxsaylı presedentlər olub”. 

Podolyak deyib ki, terror aktından xeyli əvvəl xarici ölkələrin Moskvadakı diplomatik korpusları Rusiyanın sonrakı hərəkətləri üçün terror aktları törətmək ehtimalı barədə xəbərdarlıq da ediblər:

Ukraynanın mülki əhalisinə qarşı genişmiqyaslı səfərbərliyə, hərbiləşdirməyə və tamamilə həyasız soyqırım raket hücumlarına haqq qazandırmağa davam etmək üçün…”.

Mixail Podolyak. Foto: https://www.perild.com/


Azərbaycanın Xarici İşlər Nazirliyi “Crocus City Hall”da baş verən hadisəni pisləyib.

Biz Moskvada “Crocus City Hall” konsert zalına edilən dəhşətli hücumu qətiyyətlə pisləyirik. Günahsız qurbanların ailələrinə, eləcə də Rusiya xalqına və hökumətinə dərin hüznlə başsağlığı veririk. Bütün yaralılara şəfa diləyirik. Azərbaycan terrorun qurbanı olan ölkə kimi bütün forma və təzahürlərdə terroru pisləyir”,-deyə nazirlik bildirib.

XİN. Foto: Wikipedia


ABŞ-ın Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi də hadisəyə münasibət bildirib.

O deyib ki, Ağ Ev Moskvadakı terror aktında Ukraynanın və ya ukraynalıların əli olduğuna dair heç bir əlamət görmür.


Moskva meri Sergey Sobyanin hadisə ilə bağlı açıqlama verib.

Mer həlak olanların yaxınlarından üzr istəyib.

Foto: Reuters


Rusiya Federal Təhlükəsizlik Xidməti 40 nəfərin öldüyünü, 100-dən çox adamın yaralandığını təsdiqləyib.


Rusiya Xarici İşlər Nazirliyi “Crocus City Hall”da baş verən hadisəyə reaksiya verib. 

“Bütün dünya ictimaiyyəti “Crocus City Hall”da törədilən cinayəti pisləməyə borcludur”, – deyə nazirlik bəyan edib.

Bu barədə nazirliyin rəsmisi Mariya Zaxarova “Telegram” kanalında bildirib.

Onun sözlərinə görə, bütün səylər insanların xilasına yönəlib.


İnsanların binadan təxliyə edildiyi bildirilir

Martın 22-də Moskvada azərbaycanlı iş adamı Araz Ağalarova məxsus “Crocus City Hall” konsert zalında atışma və partlayışın olduğu bildirilir.

“112 Telegram” kanalının yazdığına görə, 40 nəfər ölüb, 100 nəfər yaralanıb.

Həmçinin, binada yanğının olduğu qeyd olunub:

“Bundan əvvəl məlum olmuşdu ki, naməlum şəxs “Picnic” qrupunun konsertindən əvvəl atəş açıb. Şahidlər kamuflyaj formasında üç atıcı olduğunu bildiriblər”, – deyə “Baza Telegram” kanalı qeyd edib.

Rusiyanın rəsmi mənbələri olayı təsdiqləsə də, ölənlərin və yaralananların sayı barədə susur:

“İnsanlar binadan təxliyə edilir. Atışma zamanı musiqiçilər xəsarət almayıb. Moskva vilayətinin qubernatoru Andrey Vorobyov respublika qərargahının yaradılmasını elan edib”.

Ana səhifəDünyaMoskvada Ağalarova məxsus konsert zalında atışma: ölən və yaralananlar var (yenilənir)