Moskva və Yerevan Qarabağla bağlı bir-birinə zidd bəyanatlar veriblər

Onun fikrincə, ərazilərin azad olunması və kommunikasiyaların açılması ilə əlaqədar heç bir razılaşma olmamalıdır, BMT TŞ-nin qətnamələrinin yerinə yetirilməsi işlənib ortaya qoyulmalıdır.

Source:


Rauf Mirqədirov: “Lavrovun dedikləri BMT qətnamələrində əksini tapıb”

Rusiya xarici işlər naziri Sergey Lavrovun aprelin 21-də Moskvada İctimai Diplomatiyaya Dəstək Klubunun dəyirmi masası zamanl Qarabağ nizamlanması ilə bağlı verdiyi bəyanat Ermənistanda birmənalı qarşılanmayıb.

Nazir BMT Təhlükəsizlik Şurasının Qarabağla bağlı dörd məlum qətnaməsinin həyata keçirilməsinin mümkünlüyü haqqında suala cavab verərkən deyib ki, hazırda tərəflər Qarabağ ətrafındakı ərazilərin azad edilməsini və münaqişənin mərhələli həllini nəzərdə tutan nizamlama variantını müzakirə edirlər. Onun sözlərinə görə, “Madrid Prinsipləri”, həmçinin Rusiya Federasiyasının 2010-2011-ci ildə hazırladığı sənədlər – “Kazan sənədi”, bir il əvvəl Rusiya, Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin Moskvada həmsədrlərin iştirakı ilə keçirilən görüşündə yayılmış layihələr fəal şəkildə müzakirə olunur.

“Bu sənədlər mərhələli yanaşma əsasında nizamlamaya doğru irəliləməyi nəzərdə tutur. Birinci mərhələdə ən aktual problemlərin həlli – Dağlıq Qarabağ ətrafındakı bir sıra rayonun azad edilməsi və nəqliyyat, iqtisadiyyat və digər kommunikasiyaların açılması nəzərdə tutulur. Əminəm ki, biz bu sənədlərin imzalanması haqqında qərar əldə etdikdə, bu, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin həyata keçirilməsi istiqamətində ən mühüm addım olacaq”, – Lavrov deyib.

Bunun ardınca Ermənistan XİN başçısı Z.Mnatsakanyan Yerevanda birfinq keçirərək, belə bir planın müzakirə edilmədiyini təkrar edib. O, bildirib ki, iki il ərzində ölkə hökuməti, baş nazir ictimaiyyətdən heç nəyi gizlətməyib:

“Mərhələli variant 2014 və 2016-cı illərdə (yəni əvvəlki hakimiyyət tərəfindən) müzakirə olunub və o, ermənilər üçün qəbuledilməzdir”.

Nazirin sözlərinə görə, 2018-ci ildən etibarən ayrı-ayrı elementlər üzrə tərəflərin yanaşmaları ətrafında müzakirələr gedib. 2014-cü il variantı danışıqlar masasında deyil:

“Biz “Arsax” (dırnaq işarəsi Meydan TV-ə məxsusdur) xalqının təhlükəsizliyinin prioritet təşkil etdiyi mövqeyimiz haqqında kifayət qədər konkret danışmışıq. Ərazilərə gəlincə, Ermənistan tərəfi “Arsax” (dırnaq işarəsi Meydan TV-ə məxsusdur) əhalisinin təhlükəsizliyini təhdid altına qoyaraq, bu məsələyə yenidən baxılmasına ehtimal belə verə bilməz. Təhlükəsizliklə yanaşı, xalqların öz müqəddəratını təyin etməsi prinsipinin həyata keçirilməsi də prioritetdir. Bu da xalqın iradəsini məhdudiyyətsiz, azad şəkildə bildirməsi deməkdir”.

Z.Mnatsakanyan bildirib ki, birtərəfli güzəştlər olmayıb və olmayacaq:

Məsələni Meydan TV-yə şərh edən siyasi icmalçı Rauf Mirqədirov Sergey Lavrovun müəyyən qədər həqiqəti dediyini bildirib. Amma Mirqədirov təəssüflənir ki, həqiqəti gerçəkləşdirmək imkanları çox çətindir. R.Mirqədirov BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini xatırlayaraq bildirib ki, sənədlər işğal altındakı ərazılərin azad edilməsini və kommunikasiyaların açılmasını, təhlükəsizlik problemlərini özündə ehtiva edir.

“Bu müddəalara əsasən Ermənistan birtərəfli qaydada Zəngilan rayonunu azad etməliydi. Yəni hətta döyüş əməliyyatları gedərdisə, kommunikasiyaların açılması razılaşması olmasaydı, yaxud başqa ərazilərin azad olunması gündəmə gətirilməsə də erməni hərbi qüvvələri Zəngilan rayonunu həmin an tərk etməliydilər. Bu, BMT Təhlükəsizlik Şurasının qətnaməsində öz əksini tapıb. Təəssüf ki, Azərbaycan diplomatiyası bu məsələni danışıqlarda yada salmır. Elə buna görə də həmsədrlər də xatırlamağı vacib saymırlar”.

85290.jpg
Rauf Mirqədirov

Politoloqun sözlərinə görə, sonradan həmsdərlərin iştirakı ilə müəyyən razılaşmalar olub və bunlar BMT TŞ-nin məlum qətnamələrinə ziddir.

“Məsələ ondan ibarətdir ki, əgər bir müddəa ətrafında razılıq əldə olunmursa, heç nə razılaşdırılmır, məsələ açıq qalır. Faktiki olaraq, bu, BMT TŞ-nin qətnamələrinə ziddir. Ermənistan xarici işlər naziri buna görə elə açıqlama verir və neçə illərdir rəsmi İrəvan bu cür gedişlə prosesi uzadır. Qətnamələrdə status, ərazilərin işğaldan azad olunması, kommunikasiyaların açılması, münasibətlərin bərpası qoyulur. İndiki danışıqların metodologiyası isə bunları bir-birinə bağlayır”.

Onun fikrincə, ərazilərin azad olunması və kommunikasiyaların açılması ilə əlaqədar heç bir razılaşma olmamalıdır, BMT TŞ-nin qətnamələrinin yerinə yetirilməsi işlənib ortaya qoyulmalıdır.

“Çünki qətnamələrdə nə etməyin lazım olduğu müəyyən edilib. Ona görə də Rusiyanın baş diplomatının dediyi düzdür. Masanın üstündə olan variant budur”.

Azərbaycan və Ermənistanın XİN rəhbərləri, ATƏT-in Minsk Qrupunun həmsədrləri aprelin 21-də keçirilən birgə videokonfransın yekunları ilə bağlı bəyanat qəbul ediblər.

Bəyanatda deyilir ki, məsləhətləşmələr zamanı iştirakçılar Qarabağ münaqişəsinin nizamlanması prosesində növbəti addımları nəzərdən keçiriblər.

“Etiraf edilib ki, COVİD-19 pandemiyası nəticəsində yaranan fövqəladə vəziyyətə görə nazirlər səviyyəsində şəxsi görüşlər və həmsədrlərin regiona səfərləri də təxirə salınıb. Buna baxmayaraq, həmin tədbirlərin hazırlanması üzrə lazımi işlər davam etdirilir".

XİN rəhbərləri və ATƏT-in Minsk Qrupunun həmsədrləri sıx əlaqə saxlamaq və şəxsən danışıqları mümkün qədər tez bir zamanda davam etdirmək barədə razılığa gəliblər.

Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb. 1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi – Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb. Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk Qrupu və Rusiya, ABŞ, Fransadan ibarət həmsədrləri məşğul olur.

Ana səhifəSiyasətMoskva və Yerevan Qarabağla bağlı bir-birinə zidd bəyanatlar veriblər