Moskva-Pxenyan sazişi: birinə hücum olarsa, digəri dərhal hərbi yardım edəcək

V.Putin. Foto: Meydan TV

Sənəddə Rusiya və Şimali Koreyanın çoxqütblü beynəlxalq sistem yaratmaq istəyi əksini tapıb

Şimali Koreya və Rusiya liderlərinin 2024-cü ilin iyununda razılaşdırılmış “Hərtərəfli Strateji Tərəfdaşlıq Müqaviləsi” qüvvəyə minib.

Saziş hüquqi informasiya portalında dərc olunub.

Müqavilə Rusiya Prezidenti Vladimir Putinin 2024-cü ilin iyununda Pxenyana səfəri və Şimali Koreya lideri Kim Çen İnlə zirvə görüşü zamanı imzalanıb.

2024-cü il dekabrın 4-də isə qüvvəyə minib.

Şimali Koreya 2024-cü il noyabrın 12-də müqaviləni təsdiq edib.

Müqavilə nəzərdə tutur ki, tərəflərdən birinə silahlı təcavüz təhlükəsi yaranarsa, mümkün yardım tədbirlərinin razılaşdırılması üçün məsləhətləşmələr aparılır.

Ölkələrdən birinə silahlı hücum olarsa, digəri dərhal hərbi və ya digər yardım göstərəcək.

Tərəflər müdafiə qabiliyyətinin gücləndirilməsi üçün birgə fəaliyyət mexanizmləri yaradacaqlar.

Sənədə əsasən, Rusiya və Şimali Koreya üçüncü ölkələrin ərazilərindən bir-birinin suverenliyini və təhlükəsizliyini pozmaq üçün istifadə etməsinə icazə vermir.

Bu müqavilə ilə Rusiya və Şimali Koreya çoxqütblü beynəlxalq sistem yaratmaq istəyini təsdiqləyir.

Tərəflər həmçinin beynəlxalq platformalarda birgə koordinasiya və qarşılıqlı fəaliyyəti gücləndirmək barədə razılığa gəliblər.

Moskva və Pxenyan üçüncü tərəf tərəfindən bir-birinə qarşı birtərəfli məcburi tədbirləri dəstəkləməmək barədə razılığa gəliblər.

Ölkələr həmçinin dinc nüvə enerjisi sahəsində əməkdaşlığı inkişaf etdirmək barədə razılığa gəliblər.

İki ölkə arasında hərbi əməkdaşlığa dair razılaşma Pxenyanın Ukraynadakı münaqişədə iştirakının artdığı, 10 mindən çox Şimali Koreya əsgərinin Ukraynaya qarşı döyüşmək üçün göndərildiyi bir vaxta təsadüf edib.

Ana səhifəDünyaMoskva-Pxenyan sazişi: birinə hücum olarsa, digəri dərhal hərbi yardım edəcək