Moskva məhkəməsi Nevzorov barədə 8 il həbs qərarı çıxarıb

Nevzorov, foto: reuters

O, Rusiya ordusu haqqında saxta xəbərlər yaymaqda təqsirli bilinib

Moskvanın Basmannı məhkəməsi jurnalist Aleksandr Nevzorov haqda 8 il azadlıqdan məhrumetmə hökmü çıxarıb.

Məhkəmə hazırda mühacirətdə olan A.Nevzorovu Rusiya silahlı qüvvələri haqqında saxta xəbərlər yaymaqda təqsirli bilib.

Həmçinin A.Nevzorova dörd il internet resurslarını idarə etmək qadağan olunub.

Prosesin vəkil olmadan keçirildiyi bildirilir.

İstintaqın məlumatına görə, jurnalist 2022-ci il martın 9-dan mayın 30-dək sosial şəbəkələrdə, o cümlədən “Facebook”, “Instagram”, “Telegram” və “YouTube”da Mariupoldakı doğum evinin və mülki əhalinin qəsdən dağıdılması ilə bağlı məqalə və videolar yerləşdirib.

2022-ci ilin mayında Rusiya Daxili İşlər Nazirliyi jurnalist Aleksandr Nevzorov barəsində axtarış elan edib.

4 çağırış Rusiya Dövlət Dumasının deputatı (1993-2007), konstitusiya qanunvericiliyi və dövlət quruculuğu komitəsinin üzvü olan A.Nevzorov fevralın 24-dən sonra Rusiyanı tərk edərək İsrailə gedib.

O, 1980-ci illərin sonlarında “600 Saniyə” proqramının müəllifi və aparıcısı kimi tanınıb.

Ana səhifəDünyaMoskva məhkəməsi Nevzorov barədə 8 il həbs qərarı çıxarıb