İqtisadçı: “Rusiyada xarici valyutaya tələb azalır”
Mayın 12-də Moskva birjasında ABŞ dolları nəzərəçarpacaq dərəcədə ucuzlaşıb.
Rubl hər iki valyutaya, həm dollar, həm də avroya qarşı möhkəmlənib. Beləliklə, 2020-ci ilin fevralından bu yana dollara nisbətdə ən yüksək həddə çatıb.
Möhkəmlənmə avroya qarşı isə 2017-ci ilin yayından bəri ən yüksək həddə yüksəlib.
Bununla 1 ABŞ dolları 63,3 rubla bərabər olub, 1 avro isə 65,2575 rubl təşkil edib.
ABŞ valyutası ilə müqayisədə Avropa valyutasının rubla nisbətdə daha nəzərəçarpacaq dərəcədə ucuzlaşması qlobal “Forex” bazarında avronun dollara nisbətdə mənfi dinamikası ilə əlaqələndirilir. Orada gün ərzində 1,4 faiz dəyər itirən avro 1=1,037 dollar olub.
“İnterfaks-CEA” ekspertlərinin fikrincə, mayın 12-də keçirilən hərraclarda rublun dollara və avroya nisbətdə artması həm daxili bazarda xarici valyuta təklifinin ona olan tələbi üstələməsinin davam etməsi ilə bağlı olub.
Rusiya Mərkəzi Bankı bildirib ki, hazırda Rusiyanın da daxil olduğu kapitalın hərəkətinə məhdudiyyətlər olan iqtisadiyyatda məzənnənin formalaşmasında əsas amil ticarət balansıdır.
“Bu, o deməkdir ki, rublun məzənnəsinin son günlər möhkəmlənməsi əsasən xarici şirkətlərin Rusiyaya mal tədarükünə tətbiq etdiyi sanksiyalar və məhdudiyyətlər fonunda idxalın həcminin azalması və nəticədə idxalçıların xarici valyutaya tələbinin azalması ilə bağlıdır”, – Mərkəzi Bank bildirir.
Azərbaycanlı iqtisadçı, deputat Vüqar Bayramov deyir ki, Rusiya-Ukrayna savaşı başlanan gün dollar almaq üçün 80 rubl təklif olunurdusa ötən müddətdə volatillik nümayiş etdirən rublun rəsmi məzənnəsi 18 faiz güclənib.
Onun fikrincə, hazırda rublun rəsmi məzənnəsi daha çox inzibati sterlizasiya metodları ilə müəyyənləşsə də, bazardakı tələb və təklif də təsirsiz deyil: “Rusiyanın milli valyutası Qərbin ilk sanksiyalarına ciddi reaksiya verərək rəsmi valyutadəyişmə məntəqələridə 135 məzənnəsinə də ucuzlaşmışdı. Amma sonradan Rusiya Mərkəzi Bankı rublun mövqelərini bərpa edə bildi. Rublun məzənnəsinin son möhkəmlənmələrinin bir neçə mühim səbəbləri var. Birincisi, sanksiyalar nəticəsində Rusiyanın idxalının kəskin azalması dollara tələbi minimumlaşdırıb. Yalnız ötən ay Rusiyada avtomobil alışı 78.5 faiz azalıb. Bu, o deməkdir ki, xaricdən mal gətirilməsində ciddi azalma olduğundan iş adamlarının dollara tələbi kəskin aşağı düşüb. Rusiya dollara tələbi əsas sahibkarlar yaradırdı”.
İqtisadçı deyir ki, bundan əlavə, Rusiya vətəndaşlarının xarici səfərlərinin sayı da kəskin azalıb və bu da dollara tələbini aşağı salıb: “İkincisi, hər il 7 milyondan çox Rusiya vətəndaşı, sadəcə, Avropaya gedirdi və artıq bu səfərlər, demək olar, yoxdur. Bu da xarici valyutaya tələbi azaldır”.
“Üçüncüsü, Rusiyada ölkədən valyuta çıxarışı 10 min dollaradək məhdudlaşdırılıb. Bu isə xaricə valyuta axınına imkan vermədiyi üçün bazardakı tarazlığa təsir edir. Həmçinin Rusiyadakı rəsmi məzənnə daha çox alış kursu təsiri bağışlayır. Xüsusən böyük məbləğdə xarici valyuta satışlarının payı kəskin azalıb. Nəhayət, sanksiyalara baxmayaraq Avropa İttifaqı müharibənin başladığı yalnız ilk 2 ayında sadəcə yanacaq məhsullarına görə Rusiyaya 46.3 milyard dollar ödəyib. Rusiyanın enerji məhsullarının idxalına embarqo tətbiq olunmadığı üçün şimal qonşumuz Qərb ölkələrindən valyuta almaqda davam edir”, – deyə deputat qeyd edib.
Rublun məzənnəsinin necə dəyişəcəyinə gəlincə, Vüqar Bayramov deyir ki, bütün qeyd etdiyi faktorlar mövcud məzənnəyə təsir göstərsə də, Rusiya valyutasının dollara nisbətən yenidən dəyər itirməsi gözləntiləri yüksəkdir: “Bir tərəfdən, biznes yeni bazarlar, rusiyalı turistlər isə yeni ölkələr axtarır. Deməli, yenidən idxalın artması və tursit səfərlərinin sayının çoxalması müşahidə olunacaq. Bu isə rubla tələbi yenidən artıracaq. Digər tərəfdən, valyuta bazarındakı məhdudiyyətləri uzun müddət saxlamaq real deyil və bu da kursa təsir göstərəcək”.
İqtisadçı düşünür ki, nəhayət, savaş davam edərsə, Qərb mərhələli şəkildə Rusiya enerji məhsullarının idxalından imtina edəcək və sanksiyalar iqtisadiyyata daha təsirli olacaq. Bu da rubla təsirsiz ötüşməyəcək: “Bu baxımdan, məhdudlaşdırıcı alətlərə baxmayaraq, yenidən rublun dollara nisbətən ucuzlaşması istisna deyil. Aydındır ki, rubl üçün ən çətin an Avropa İttifaqının Rusiyanın enerji məhsullarının alışından imtina etməsi ola bilər. Bu halda Avropaya yalnız neft ixracatından Rusiya illik 104 milyard dollar itirəcək. Digər daxilolmaların, xüsusən də mavi qaz satışından gəlirlərin azalmasını da nəzərə alsaq valyuta bazarındakı tarazlığın uzun müddət qorunub saxlanılması asan olmayacaq”.
Fevralın 24-də Rusiya Ukraynaya hərbi müdaxiləyə başlayıb. Bu, Ukrayna və Qərb dövlətləri tərəfindən qınanıb və bir neçə gün sonra Avropa Birliyi ölkələri, ABŞ və başqa böyük dövlətlər Rusiyaya sanksiyalar tətbiq etməyə başlayıb.
Əsasən maliyyə sanksiyaları ilə başlayan proses bank sektoruna təsirsiz ötüşməyib.
Nəticədə müharibənin ilk günlərindən başlayaraq son həftələrədək Rusiya rublu digər valyutalar qarşısında kəskin dəyər itirib.