“Spektr”in materialı
Bakıya uçuşların qiyməti hələ artmayıb
Rusiya ilə aviauçuşları qoruyub-saxlayan ölkələrə biletlərin qiyməti səfərbərlik və ehtimal olunan hərbi vəziyyət barədə şayiələr fonunda kəskin artıb, – “The Village” nəşri xəbər verir.
Belə ki, satışda sentyabrın 21-i saat 7:00-a Moskvadan Almatıya birbaşa reyslər qalmayıb. Krasnoyarskda təyyarə dəyişməklə biletlərin qiyməti 63 000 rubldan (1765.83 manat) başlayır.
Moskvadan Dubaya da birbaşa reyslər qalmayıb. BƏƏ-nə sentyabrın 22-nə olan birbaşa reyslər 42 000 (1177,22 manat) rubldan başlayır.
Moskvadan Tbilisiyə birbaşa reyslər yoxdur. Bu şəhərə təyyarə dəyişməklə biletlərin qiyməti isə üç-beş dəfə artıb. Astanada təyyarə dəyişməklə Moskvadan biletlər 56 000 rubldan (1571 manat) başlayır, Yerevanda təyyarə dəyişməklə ən sürətliləri 100 000 rubl (2808 manat) və daha artıqdır. Adətən, Tbilisiyə biletlər nadir halda 15 000-20 000 rublu (421-561 manat) ötür.
Yaxın iki gündə Moskvadan Yerevana təkcə 77 000 (2154 manat) rubldan başlayan biznes-klasla uçmaq mümkündür. “IrAero” və “Azimut” Ermənistanın paytaxtına səhər reyslərini müvafiq olaraq 93 000 (2600 manat) və 96 000 rubla (2685 manat) satır. Yerevana təyyarə dəyişməklə uçuşa görə 26 000-dən 80 000 rubladək (726-2235 manatadək) ödəmək lazım gələcək.
İstanbula birbaşa reyslər daha çoxdur, lakin Moskvadan uçuşların qiyməti 70 000 (1955 manat) rubldan başlayır. Moskvadan Antalyaya iki reys qalıb – müvafiq olaraq qiymətləri 75 000 (2096 manat) və 121 000 rubldan (3382 manat) başlayan biletlərlə.
Hələlik sadəcə Bakıya uçuşların qiymətləri münasib olaraq qalır. Biletlərin qiyməti 20 000 rublu (558 manat) ötmür. Düşənbəyə 12 000-15 000 rubla (335-418 manat) uçmaq olar.
Bir gün əvvəl Dövlət Duması Cinayət Məcəlləsinə “səfərbərlik”, “hərbi vəziyyət” və “hərbi zaman” kimi anlayışlar daxil edib. Ora həmçinin CM-nin “Könüllü şəkildə əsirliyə düşmə” (10 ilədək azadlıqdan məhrum etmə) və “Qarətçilik” (15 ilədək koloniya) maddələri əlavə olunub. Bundan başqa, indi Rusiya vətəndaşı hərbi əməliyyatlardan boyun qaçırdığı təqdirdə 3 ilədək həbs cəzasına məhkum edilə bilər. Bu, hələlik sadəcə hərbi qulluqçulara şamil olunur. Ehtiyatda olan rusiyalılar çağırışdan qaçdıqları halda əvvəlki kimi cərimə ödəmək məcburiyyətində qalacaqlar.