Mollakənd

Mənbə: Foto: Meydan TV

Başlıq: Mollakənd

Mollakənd sakinlər: Kür qırağının seyrəngahından əsər-əlamət qalmayıb

Çayın sahili zibilin içində itib-batır

Kürdəmir rayonu, Mollakənd kəndi yaxınlığında, Kür çayının sahilboyu ərazisi məişət tullantıları ilə çirkləndirilir. Günün müxtəlif saatlarında böyük maşınlarla əraziyə zibil tullantıları gətirilərək, boşaldılır. Aran zonasının yeganə içməli su mənbəyinin məişət tullantıları ilə çirkləndirilməsi yaxınlıqda yaşayan sakinləri də narahat edir. Sahilboyu geniş bir ərazi isə acınacaqlı vəziyyətdədir. Ətrafdakı ağacların yan-yörəsi içki butulkaları, su şirəsi qabları, müxtəlif cür tullantılarla aşıb-daşır.

“Artıq Kür qırağının əcəb seyrəngahından əsər-əlamət qalmayıb. Çayın sahili az qalsın zir-zibil içində itib-batır. Baxın, təbiətin gözəl mənzərəsi insan əli ilə çirkləndirilib, bərbad bir hala salınıb”.

Bu sözləri Meydan TV-yə Kürdəmir rayonu Mollakənd kəndinin sakini Vahid Əliyev söyləyir. Deyir ki, kənd camaatı bundan narazı və narahatdır. Şikayətçi onu da bildirir ki, yaxınlıqda yaşayanlar məişət tullantılarını elə çayın kənarına atır. Səbəb kimi isə orada zibil qablarının olmamasını göstərirlər:

“Yaxınlıqda Mollakənd Mexaniki Suvarma İdarəsi yerləşir. Ərazi onların balansındadır, düşünürəm ki, buna görə onlar da narahat olmalıdır. Heç olmasa vəziyyətə nəzarət etsinlər. Belə natəmizlik, özbaşınalıq olmaz”.

"Sahilboyu geniş bir ərazi isə acınacaqlı vəziyyətdədir"

"Sahilboyu geniş bir ərazi isə acınacaqlı vəziyyətdədir"

Mənbə: Meydan TV

“Burada elə ağaclar var ki, növünə görə nadir hesab olunur. Amma onların tən ortasında olan böyük bir zibilxanaya baxanda, adam deməyə söz tapmır. Onu da deyim ki, Sarısu gölü bölümünün kənarında olan meşəlik də zibillik içindədir. Halbuki, həmin ərazi qoruqdur. Sarısı Azərbaycanda Xəzər dənizindən sonra ikinci böyük göldür. Ümimiyyətlə, Kür çayının ətrafı bərbad vəziyyətdədir”, -Elşən Əhmədov deyir.

Kənd sakini Nazim Mirzəyev müvafiq idarələri ittiham edir. Deyir ki, zibil qabları qoyulsa, məişət tullantıları vaxtlı-vaxtında daşınsa, yerli camaat zibillərini çay sahilinə tökməyə məcbur qalmaz:

“Problem tək burada deyil, Kür çayının sahilboyu ərazilərində də vəziyyət eynidir. Əksər hallarda tullantılar birbaşa çayın içinə tökülür. Mollakəndə zibil qabları qoyulmayıb. Əsasən kənd sakinləri zibili maşınlarla daşıyıb həmin əraziyə tökür. Zibillərin sahilboyu ərazilərdən təmizlənməməsi ətrafda xoşagəlməz iyinin yaranmasına səbəb olur”.

Məsələ ilə bağlı Mollakənd Bələdiyyəsinin sədri Nofəl Qasımovun münasibətini öyrənmək mümkün olmayıb.

Kürdəmir Rayon İcra Hakimiyyətinin İnformasiya təminatı və təhlili sektorundan bildirilib ki, həmin ərazi ilə bağlı qaynar xəttə hər hansı bir şikayət daxil olmayıb.

Qurumun İctimai-siyasi və hümanitar məsələlər şöbəsindən isə Meydan TV əməkdaşına bildirilib ki, Mollakənd kəndi ərazisində kommunal müəssisələr kombinatı yoxdur:

“Zibil qabları şəhərə və ona yaxın ərazilərə qoyulur. Kənddə camaat zibilini uzaqbaşı həyətində toplayıb yandıra bilər”.

"Çayın sahili az qalsın zir-zibil içində itib-batır"

"Çayın sahili az qalsın zir-zibil içində itib-batır"

Mənbə: Foto: Meydan TV

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/hl92s7

Ən çox baxılan