Moldovada seçkilərin II turunda hazırkı Prezident qalib gəldi

Maya Sandu. Foto: Reuters

O, rus dilində seçicilərə müraciət edərək səsverməyə gəldikləri üçün təşəkkür edib

Noyabrın 3-də Moldovada keçirilən prezident seçkilərinin II turunda hazırkı ölkə başçısı Maya Sandunun qalib gəldiyi bildirilir.

Moldova Mərkəzi Seçki Komissiyasının (MSK) yaydığı məlumata görə, protokolların 99,73 faizinin sayılmasından sonra Maya Sandu 55,36, onun rəqibi Sosialistlər Partiyasının (PSRM) namizədi və keçmiş baş prokuror Aleksandru Stoyanoqlo isə 44,64 faiz səs toplayıb.

Qeyd olunur ki, Moldova ərazisində səs verən seçicilərin əksəriyyəti A.Stoyanoqloya səs verib:

“Maya Sandunun xeyrinə olan üstünlük xaricdə yaşayan ölkə vətəndaşlarının səsləri ilə təmin edilib. Xaricdə seçicilərin 82,71 faizi Sanduya, 17,29 faizi isə Stoyanoqloya səs verib. Xarici seçki məntəqələrinin məlumatlarını nəzərə almasaq, Stoyanoqlo 51,19%, Sandu 48,81% səs toplayıb”.

Noyabrın 4-nə keçən gecə Maya Sandu seçkilərin nəticələrini şərh edərək deyib ki, Moldova “qalib” və ölkə vətəndaşları “tarix kitablarına yazılmağa layiq demokratiya dərsi veriblər”.

“Biz sübut etdik ki, birləşərək bizi alçaltmaq istəyənlərə qalib gələ bilərik. Moldova bütün Avropa tarixində görünməmiş hücuma məruz qalıb: çirkli pullar, qanunsuz səslərin satın alınması, cinayətkar dəstələrin seçki proseslərinə müdaxiləsi, cəmiyyətimizdə nifrət və qorxunun yayılması. Amma xalqımız birləşdi və vətəndaşlar qalib gəldi”, – deyə hazırkı Prezident əlavə edib.

O həmçinin rus dilində seçicilərə müraciət edərək səsverməyə gəldikləri üçün təşəkkür edib:

“Layiqli gələcək seçimimizdə heç kim uduzmayacaq. Fərqli baxış nöqtələrimiz ola bilər, fərqli dillərdə danışırıq, amma hamımız sülh, qarşılıqlı anlaşma və uşaqlarımız üçün layiqli həyat istəyirik. Qarşıdakı illərdə Moldova üçün əsas məqsədim budur. Bizə cəmiyyətin birləşməsinə ehtiyac var”.

Maya Sandu 2020-ci ildən Moldovaya rəhbərlik edir. Onun dövründə ölkə Avropa İttifaqına üzvlük üçün müraciət edib və namizəd statusu alıb.

Qələbə qazanacağı təqdirdə, A.Stoyanoqlo Aİ, ABŞ, Rusiya və Çinlə əlaqələr də daxil olmaqla, “balanslaşdırılmış” xarici siyasət yürütməyə söz vermişdi.

Moldovada prezident seçkilərinin birinci turu oktyabrın 20-də keçirilib.

Seçkilərdə 11 namizəd iştirak edib. Moldovada prezident seçkiləri ilə yanaşı, Avropa İttifaqına daxil olmaq üçün Konstitusiyaya dəyişiklik edilməsi ilə bağlı referendum keçirilib.

Seçicilərin 50,35 faizi Avropaya inteqrasiyanın lehinə, 49,65 faizi əleyhinə olub.

Ana səhifəDünyaMoldovada seçkilərin II turunda hazırkı Prezident qalib gəldi