Anasının bildirdiyinə görə, oğlunun ağrıları dözülməz dərəcədə şiddətlənib, vəziyyəti ağırlaşıb
“İşçi Masası” Həmkarlar İttifaqları Konfederasiyasının həbsdə olan üzvü Möhyəddin Orucovun saxlanıldığı təcridxanada səhhətinin pisləşdiyi deyilir.
Anası Təranə Orucovanın bildirdiyinə görə, oğlunun ağrıları dözülməz dərəcədə şiddətlənib, vəziyyəti ağırlaşıb.
“Tutulandan polis bölməsində onun böyrəyində problemlər yaratmışdılar. Bir böyrəyində genişlənmə, digərində kristal var. O vaxtdan dərmanlarla onun ağrılarını kəsməyə, yaxşılaşdırmağa çalışırdıq. Hara müraciət etsək də, müalicə edilmirdi. Möhyəddinin ağrıları şiddətlənib, dözə bilmir və artıq cana doyub. O istəyir ki, yalandan yox, ciddi şəkildə müayinə və müalicə olunsun. Deyir ki, yeriyəndə az qalır nəfəsi dayansın, hər ağrıları şiddətlənəndə yalandan iki ağrıkəsici dərman verirlər və bununla da problem həll olunmur”, – Təranə Orucova deyib.
İctimai fəalın anası bildirib ki, oğlu saxlandığı 3 saylı İstintaq Təcridxanasında qeyri-insani rəftara məruz qalır, düzgün müalicə ilə bağlı müraciətlərinə isə əhəmiyyət verilmir:
“Mədəsində də daşlaşma gedir. Dörd nəfərlik kamerada on üç adamla saxlayırlar, bunlarda insanlıq yoxdur. Kameraları nəmişlikdir. 3 saylı İstintaq Təcridxanasında heyvan da saxlanılmaz, amma bunlar insanları doldurub orada saxlayırlar”.
Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsi məhkumların səhhətilə bağlı məlumatları ancaq onların yaxınları ilə bölüşə biləcəklərini bildirib.
Möhyəddin Orucov ilk dəfə 2023-cü ilin oktyabrında polisə tabe olmamaq ittihamı ilə inzibati qaydada 30 sutka həbs edilib. Azadlığa buraxılandan qısa müddət sonra – dekabrın 13-də yenidən saxlanılıb.
Ona qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə (narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma külli miqdarda törədildikdə) ittiham irəli sürülüb. O itithamları qəbul etməyib, həbsinin siyasi fəaliyyətilə bağlı olduğunu bildirib.
O məhkəmədəki ifadəsində deyib ki, anbardar işlədiyi “ATEF” Şirkətlər Qrupunda əməkdaşların hüquqlarının pozulması haqda şikayətlərinə görə əvvəlcə inzibati qaydada həbs olunub. Azadlığa buraxılıb Suraxanı rayonu 32-ci polis bölməsində baş verənlərlə bağlı müsahibə verəndən sonra şirkət rəhbərliyi ilə polisin iş birliyi nəticəsində yenidən həbs olunub.
Bakı Ağır Cinayətlər Məhkəməsi ona qarşı ittihamları qismən yüngülləşdirib və fəal barəsində 3 il azadlıqdan məhrumetmə cəzası çıxarılıb.