Mərkəzi Seçki Komissiyası seçkilərlə əlaqədar IOS və Android telefonlar üçün tətbiqetmələr düzəldib.
Meydan TV-nin məlumatına görə, dünən tətbiqetmələri mobil telefonuna yükləyən istifadəçilər oktyabrın 9-da olacaq seçkilərin nəticələri ilə qarşılaşıblar. Səsvermədə İlham Əliyevin 72.76%, Cəmil Həsənlinin 7.4%, Qüdrət Həsənquliyevin 5.24% olduğu görünür. Hətta seçici fəallığı, seçki məntəqəsinin adı, saatlara görə nə qədər seçicinin səs verdiyi də qeyd olunub.
Meydan TV bildirir ki, hazırda isə həmin bölmə telefonlarda bağlıdır və daxil olarkən “Bu bölmə seçki günü aktiv olacaq” yazılıb.
“Böyük ehtimalla tətbiqetməni hazırlayanlar həmin bölməni “bağlı” etməyi unudublar”, deyə Meydan TV bildirir.
Mərkəzi Seçki Komissiyasının mətbuat katibi Azər Sarıyev AzadlıqRadiosuna bildirib ki, baş verənlərin MSK-ya aidiyyatı yoxdur:
“İstehsalçı şirkət test rejimində sınaq keçirir, məlumatlar qoyur. Bunun MSK-ya aidiyatı yoxdur. MSK-nın serverinə saat 7-dən qoşulub. Meydan TV-nin yaydığı məlumatı təxribat xarakterli sayırıq. Hesab edirik ki, Meydan TV bununla seçkinin demokratik keçirilməsinə kölgə salır. Özü də gözləyiblər ki, hakimiyyət namizədinin xeyrinə səs çox olanda onu kopi ediblər, bunu düzəldiblər. İstehsalçı şirkətlə bizim müqaviləmiz var. Özü də bunu hər saat başı eləmirlər. Müəyyən müddətlərdə test edirlər. Bunun istehsalçı şirkətə dəxli var, bizə qətiyyən dəxli yoxdur. Çünki saat 7-ə kimi həmin şirkətlə bizim əlaqəmiz olmayıb. Saat 7-də bizə birləşdiriblər. Necə işləyəcəklərini bilmək üçün sınaq keçirdiblər, test rejimində olub. Özü də bütün gün olmayıb, günün bir neçə saatında ola-olmaya”.
Azər Sarıyev bildirib ki, bununla bağlı MSK məlumat yayacaq.