Nəsimi Rayon Polis İdarəsinə gətirilənlər arasında yoldan keçən təsadüfi adamların olduğu da bildirilir
Oktyabrın 20-də Demokratik Qüvvələrin Milli Şurası (DQMŞ)19 oktyabr mitinqindən əvvəl polis təzyiqinə məruz qalmış AXCP üzvləri barədə məlumat yayıb.
Bildirilib ki, mitinq ərəfəsində inzibati həbs cəzası verilən AXCP funksionerlərinin sayı hazırda 10 nəfər oldu, öncədən də inzibati həbsdə daha 3 nəfər var idi və beləliklə cəmi 13 nəfər:
“Oktyabrın 15-dən DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılan AXCP Nizami şöbəsinin sədri Paşa Umudova Nərimanov Rayon Məhkəməsinin qərarı ilə Cinayət Məcəlləsinin 234.2 maddəsinə (Satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama) əsasən cinayət işi açılıb və barəsində 3 aylıq həbs qətiimkan tədbiri seçilib. Mitinq günü səhər təkcə AXCP funksionerlərinə qarşı polis təzyiqlərinin sayı 101-ə çatıb. Yüzlərlə AXCP üzvü polis tərəfindən axtarılır, onlar polis basqısına məruz qalmamaq, mitinqi təşkil edib, orda iştirak etmək naminə evdə qalmırdı”.
DQMŞ 19 oktyabrdan əvvəl inzibati cəza alanların siyahısını yayıb:
– Tofiq Məmmədov – AXCP Nəsimi şöbəsi, etiraz aksiyalarının fəal təbliğatçısı, iştirakçısı, “Facebook” fəalı, oktyabrın 11-də Bakının Yasamal rayonunda "İnşaatçılar" metrosunun yaxınlığında təkadamlıq aksiya keçirən zaman polis tərəfindən saxlanılıb və Yasamal Rayon Polis İdarəsinə aparılıb. Yasamal Rayon Məhkəməsi onu İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi (xırda xuliqanlıq) ilə təqsirli bilərək 10 sutka inzibatı həbsə məhkum edib;
– Əliağa Məmmədov (Əli İmanhanlı) – AXCP Təşkilat Şöbəsinin üzvü, oktyabrın 14-də axşam saatlarında polis gəlib evindən aparıb, növbəti gün Nəsimi Rayon Məhkəməsi İXM-nin 535.1 maddəsi ilə onu 30 sutka azadlıqdan məhrum edib;
– Saqif Qurbanov – AXCP Rəyasət Heyətinin üzvü, oktyabrın 14-də axşam saat 19 radələrində iş yerindən Səbail rayon 8-ci polis bölməsinə aparılıb. Növbəti gün rayon məhkəməsi onu İXM-nin 535.1 maddəsi ilə 30 sutka azadlıqdan məhrum edib;
– Nicat Nizamov – AXCP Gənclər Komitəsinin İdarə Heyətinin üzvü, oktyabrın 15-də səhər saat 11 radələrində evindən Suraxanı rayon 30-cu polis bölməsinə aparılıb, elə həmin gün rayon məhkəməsinin qərarına əsasən İXM-nin 535.1 maddəsi ilə 15 sutka cəza alıb;
– Murad Sultanov – AXCP MNTK üzvü, oktyabrın 15-də Yasamal rayonu ərazisində yaşadığı binanın qarşısından polis tərəfindən həbs edilərək naməlum istiqamətə aparılıb, bir neçə saatdan sonra məlum olub ki, Binəqədi təcridxanasındadır və 15 sutka inzibati cəza alıb;
– Yalçın Abdullayev – AXCP Binəqədi şöbəsinin sədr müavini, oktyabrın 15-də Binəqədi rayon 4-cü polis bölməsinə aparılıb, rayon məhkəməsinin qərarı ilə 15 sutka inzibati cəza verilib;
– Saiq Ələkbərov və Əliqulu Qəhrəmanov – AXCP Sabirabad şöbəsi, oktyabrın 17-də Sabirabad rayon polis idarəsi tərəfindən saxlanılıblar. Həmin gün rayon məhkəməsi hər ikisi haqda İXM-nin 535.1 maddəsi ilə 5 sutka cəzası çıxarıb;
– Seymur Həzi, AXCP sədrinin müavini, oktyabrın 17-də saat 12.30 radələrində küçədə saxlanılıb və naməlum istiqamətə aparılıb. Ailə üzvləri gün ərzində yaxındakı polis bölmələrinə müraciət edib və DİN-in 102 xidmətinə zəng etsə də, gün ərzində yerini öyrənmək mümkün olmayıb. Gecə gec saatlarda 102 xidmətindən ailəsinə zəng edib məlumat veriblər ki, S.Həziyə Xətai Rayon Məhkəməsinin qərarı ilə 15 sutka inzibati cəza verilib;
– Emil Səlimov AXCP üzvü, oktyabrın 17-də saxlanılıb, 30 sutka inzibati cəza alıb;
– Orxan Səlimzadə 15 sutka alıb;
– İlham Hüseyn – AXCP Rəyasət Heyətinin üzvü, oktyabrın 16-da səhər saatlarında evinin qabağında polis tərəfindən saxlanılaraq naməlum istiqamətə aparılıb. Sabunçu Rayon Məhkəməsinin qərarı ilə 60 sutka inzibati cəza verilib;
Müsavat Partiyasından da saxlanılanlar var. Partiyanın mətbuat katibi Mustafa Hacıbəyli bildirib ki, partiyanın üzvləri Baha Mikayılov və Qoşqar Nuraliyevə 15 sutka həbs cəzası verilib.
Oktyabrn 18-də saxlanılanlar arasında Milli Şuranın və Müsavat Partiyasının üzvü Tofiq Yaqiblu və keçmiş müstəntiq Rüfət Səfərov da var. Oktyabrın 19-da Müsavat Partiyasının üzvü Nigar Həzi atası Tofiq Yaqublunun Binəqədi Rayon Müvəqqəti Saxlanma Təcridxanasında olduğu barədə məlumat yayıb. Keçmiş müstəntiq Rüfət Səfərovun da Binəqədi Rayon Müvəqqəti Saxlanma Təcridxanasında olduğu haqda məlumatlar var.
Bakı Şəhər Baş Polis İdarəsi
dünən saxlanılan 60 nəfərdən 42-nin sərbəst buraxıldığı haqda məlumat yayıb.
AXCP sədrinin müavini Vahid Məhərrəmli Meydan TV-yə bildirib ki, yalnız Nəsimi Rayon Polis İdarəsində 70-dən çox saxlanılan vardı, onların əksəriyyəti AXCP üzvləri və digər partiyaların fəalları da az deyildi, o cümlədən, yoldan keçən təsadüfü adamlar da idarəyə gətirilmişdi.