Mingəçevirdə həyətyanı sahələri su basıb

Foto: Meydan TV

“Kanalizasiya da olmadığından yağış palçıq qatı yaradır”

Okytabrın 21-də səhər saatlarından başlayan və gün ərzində fasilələrlə davam edən yağış səbəbindən Mingəçevirdə mərkəzdənkənar küçələr su ilə dolub. Fərdi yağayış evlərini, həyətyani sahələri su basıb.

Bu barədə Meydan TV-yə sakinlər məlumat veriblər. Bildirilib ki, “Şəfa” bağ massivi, “QRES” adlanan qəsəbə, o cümlədən digər kənar ərazilərdə küçələrə asfalt örtüyü çəkilməyib.

Kanalizasiya da olmadığından yağış palçıq qatı yaradır.

“Şəfa” bağ massivinin marşrut xətti işləyən hissəsi nisbətən düzəldilib, qalan ərazi su altındadır.

Foto: Meydan TV

“Hələ payızın ikinci ayıdır, qarşıdan qış gəlir. Palçıq dizə qədər qalxır, uşaqları məktəbə aparıb-gətirmək müşkül məsələyə çevrilir”,-sakinlərdən Hüseyn Həsənov deyib. Şikayətçi bildirib ki, Mingəçevir yalnız giriş hissədən mərkəzə qədər təmiz olur. Şəhər rəhbərliyi kənar əraziləri gəzmədiyindən problemlərdən xəbərdar deyil.

Sakinlər söyləyiblər ki, küçədə kanal da var, yağış suları kanala qarışanda küçələrə dolan su günlərlə çəkilmir.

Şikayətçilər QRES qəsəbəsində vəziyyətin acınacaqlı olduğunu, kanalizasiya olmadığını da deyiblər:

“Mingəçevirdə kanalizasiya sistemi köhnədir, bəzi ərazilərdə isə ümumiyyətlə yoxdur. Hələ indi düzəldirlər. Təsəvvür edin, sakin palçığa görə qapısına bir maşın daş tökür ki, heç olmasa palçığa batmadan hərəkət edə bilsin, hansısa kommunal idarə iş görəndə oranı da bərbad hala salır”.

Mingəçevir Şəhər İcra Hakimiyyətindən bildiriblər ki, şəhərin su-kanalizasiya sistemi yenidən qurulur, bu, böyük bir layihədir. Mingəçevir Komunal Təsərrüfat Birliyi isə sözügedən ərazidə kanalın təmizləndiyini, yağışın normadan artıq yağdığı üçün problemlər yarandığını açıqlayıb.

Ana səhifəSosialMingəçevirdə həyətyanı sahələri su basıb