Elçin Həsənzadə: “Əsas odur ki, ailəm, uşağım aclıq, əziyyət çəkməsin, özüm müalicə ala bilim”
Mingəçevir sakini Elçin Həsənzadə hökumətin onun pulunu ödəmədiyini deyir. Söhbət Avropa İnsan Haqları Məhkəməsinin təyin etdiyi kompensasiyanın ödənişindən gedir. Həm özünün bir sıra xəstəliklərdən əziyyət çəkdiyini, həm də ailəsinin maddi problemlər məngənəsində boğulduğunu deyən Elçin Həsənzadənin sözlərinə görə, tək ümid yeri alacağı təzminatdır.
Avropa Məhkəməsinin təyin etdiyi kompensasiya ödənilmir
Elçin Həsənzadə uzun müddət jurnalist kimi fəaliyyət göstərib, müxtəlif media orqanlarıyla əməkdaşlıq edib.
O, elə reportyor kimi, etiraz aksiyasında çəkiliş apararkən tutulması və işgəncəyə məruz qalması haqda Avropa Məhkəməsinə şikayət etmişdi. 2021-ci ilin aprelində Avropa Məhkəməsi onun hüquqlarının pozulduğu qənaətinə gəlib və buna görə hökumətin üzərinə Elçin Həsənzadəyə 7500 avro təzminat ödəmək öhdəliyi qoyub. Qərarın verilməsindən 1 ilə yaxın vaxt keçməsinə baxmayaraq, hələ də kompensasiya ödənilməyib.
Elçin Həsənzadə deyir ki, Strasburqda sözügedən qərar veriləndə o, Azərbaycanda həbsdə idi. O, Mingəçevir Dövlət Dram Teatrının aktyoru İbrahim Salamovla (Türksoy) birlikdə 2021-ci il martın 2-də həbs olunmuşdu. Şəki Apelyasiya Məhkəməsi onların hər ikisinin haqqında 8 aylıq həbs hökmü çıxarmışdı.
Jurnalist və aktyor Mingəçevir şəhər Mənzil İstismar İdarəsinin rəisi Şəhriyar Mustafayevin xüsusi ittiham qaydasında qaldırdığı iddia əsasında, Cinayət Məcəlləsinin 147 (böhtan) və 148-ci (təhqir) maddələrilə təqsirli bilinərək cəzalandırılıb. Şəhriyar Mustafayev iddia edirdi ki, Elçin Həsənzadə və İbrahim Türksoyun sosial şəbəkələrdəki paylaşımları ilə onun şərəf və ləyaqətini alçaldıblar, böhtan atıblar.
Elçin Həsənzadə isə iddia edir ki, Mingəçevirdə baş verən qanunsuzluqları, məmur özbaşınalığı və korrupsiya hallarını ictimailəşdirdiyinə görə icra başçısının sifarişilə cəzalandırılıb. Onun sözlərinə görə, iddianı qaldıran hüquqi baxımdan Şəhriyar Mustafayev olsa da, işin arxasında dayanan icra başçısıdır.
“Deyirlər, büdcədə pul yoxdur”
Avropa Məhkəməsinin qərarı elan olunanda özü həbsdə olduğuna görə qardaşının adına bankda hesab açdırıb ki, 7500 avro ora köçürülsün.
Qaydalara görə, Avropa Məhkəməsinin qərarı çıxarılandan sonra tərəflərdən hər hansı biri – ərizəçi və ya dövlət ondan narazı qalıb, Yuxarı Palataya şikayət vermirsə, bu halda, 3 ayın tamamında qərar qüvvəyə minmiş sayılır. Ondan sonrakı 3 ay ərzində dövlət o qərarı icra etməlidir. Kompensasiya ödənilməsi, işə yenidən baxılması, hüquq pozuntusunun mümkün olduğu halda, aradan qaldırılması, bənzər problemlərin təkrarlanmaması üçün ümumi xarakterli tədbirlərin görülməsi və s. qərarın icrasının tərkib hissəsidir. Əgər dövlət müəyyənləşdirilmiş vaxtda kompensasiyanı ödəmirsə, bu halda, məbləğin üzərinə müəyyən qədər faiz gəlir.
Elçin Həsənzadə deyir ki, qərarın icrası və kompensasiyanın ödənilməsi üçün vəkili Prezident Administrasiyasından tutmuş, Avropa Şurası Nazirlər Komitəsinə (Avropa Məhkəməsinin qərarlarının icrasına bu qurum nəzarət edir) qədər müxtəlif qurumlara dəfələrlə müraciət edib. Amma heç bir müsbət nəticə yoxdur.
“Qeyri-rəsmi deyirlər ki, büdcədə pul yoxdur, olanda ödəniləcək. Noyabrın 2-də həbsdən çıxmışam. Səhhətimdə ciddi problemlər var. Psixoloji durumum yaxşı deyil, daxili orqanlarımla bağlı xəstəliklərdən əziyyət çəkirəm. Mingəçevirdə əsəb dispanserində müalicə almışam. Dispanserin baş həkimi məni müalicə edirdi. Müalicələrim davam etməlidir, amma maddi durumum imkan vermir. 6 aylıq körpə qızım var, ailəm sıxıntı içindədir. Tənqidçi mövqeyimə görə əvvəl də bölgədə iş tapmaq çətin idi, həbsdən sonra vəziyyət lap qəlizləşdi. Məhkumluğu da bəhanə gətirirlər. Günəmuzd fəhlə işi olanda gedib görürəm. Amma bu da gündəlik olmur axı. Üstəlik, ürəyimdə, mədəmdə problemlər var, kəskin ağrılarım olur”, – Elçin Həsənzadə Meydan TV-yə danışır.
“Hissə-hissə ödəsinlər”
O, kompensasiyanın, hətta hissə-hissə də ödənilməsinə razıdır. Deyir ki, əsas odur, aylıq ailəsinə pul gəlsin:
“Lap ayda 1000-1500 avro ödəsinlər. Əsas odur ki, ailəm, uşağım aclıq,
əziyyət çəkməsin, özüm müalicə ala bilim. Mən öləndən sonra hökumətin verəcəyi pul nəyimə lazımdır?”
Avropa Məhkəməsinin Azərbaycana qarşı qərarlarının icrasıyla bağlı problemlər zaman-zaman gündəmə gəlir. Bir çox ictimai-siyasi fəallar, o cümlədən AXCP sədrinin müavini Seymur Həzi, mərhum prezident Heydər Əliyevin heykəlinə “Qul bayramınız mübarək!” şüarı yazdıqdan sonra narkotik ittihamıyla həbs olunan Qiyas İbrahimov və digərləri Avropa Məhkəməsinin qərarlarındakı kompensasiyanın ödənilmədiyini deyir. Hətta bir müddət əvvəl Qiyas İbrahimov buna görə Prezident Administrasiyasının qarşısında etiraz aksiyası da keçirmişdi.
Avropa Şurası Nazirlər Komitəsi martın 8-9-da keçirilən toplantılarının nəticəsi olaraq, Azərbaycanla bağlı qərarların icrasına nəzarətə dair qətnamə qəbul edib. Bu qətnamədə xüsusən İnsan Haqları və Əsas Azadlıqların Müdafiəsinə dair Avropa Konvensiyasının 18-ci (hüquq və azadlıqların Konvensiyadan kənar məqsədlərlə məhdudlaşdırılması) maddəsinin pozuntusunun tanındığı işlərdən bəhs olunur. Avropa Məhkəməsi jurnalist Xədicə İsmayılova, hüquq müdafiəçiləri İntiqam Əliyev, Anar Məmmədli, Leyla Yunus, həyat yoldaşı Arif Yunus və digərlərinin işində bu pozuntunu tanıyıb. Qətnamədə də vurğulanıb ki, hökumət öz tənqidçilərini, vətəndaş cəmiyyəti fəallarını, hüquq müdafiəçilərini təqib etmək üçün hüququn üstünlüyü prinsipinə zidd olaraq, cinayət qanunvericiliyindən sui-istifadə edib.
“Azərbaycan hökuməti bütün kompensasiyaları ödəyir”
Azərbaycan hökuməti isə Avropa Məhkəməsinin qərarlarının icrası, kompensasiyaların ödənilməsində problemlərin olması haqda iddiaları qəbul etmir. Azərbaycanın Avropa Məhkəməsi yanında daimi nümayəndəsi, eyni zamanda, Ali Məhkəmənin sədr müavini Çingiz Əsgərov bir müddət öncə mediaya açıqlamasında bildirmişdi ki, Avropa Məhkəməsinin Azərbaycanla bağlı qərarlarının icrasında hər şey qaydasındadır:
“Azərbaycan hökuməti bütün kompensasiyaları ödəyir. Kompensasiyaların ödənilməsi üçün hər hansı müddət məhdudiyyəti yoxdur. Lakin Avropa Məhkəməsinin qərarlarında belə bir qayda var ki, əgər kompensasiya 3 ay müddətində ödənilmirsə, həmin məbləğin üzərinə cüzi miqdarda faiz gəlir. Bu da dövlətlər üzərinə həmin kompensasiyanın tez bir zamanda ödənilməsi üçün hüquqi öhdəliklər qoymur”.